Azərbaycanda Türkiyə modelli ordu quruculuğu: mövcud vəziyyət və əngəllər

Cəsur Məmmədov, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri

Hərbi qanunvericilikdə edilən son dəyişikliklər, xüsusilə də hərbi qulluqçuların xidmət yaşının 20 ildən 25-ə qaldırılması və bununla əlaqədar onların misal üçün, mənzil əldə etmək hüququnun vaxt baxımından ertələnməsi, hərbçilərin daha çox xidmət etmələri üçün qoyulan  tələblər və s. kimi məsələlər əslində Azərbaycanda ikinci Qarabağ müharibəsindən sonra ölkənin hədəflədiyi yeni ordu quruculuğu ideyası ilə əlaqələndirilə bilər. Bunu necə başa düşə bilərik? Son müxtəlif açıqlamalardan, müxtəlif ekspert şərhlərindən ortaya çıxan ilkin nəticələr ondan ibarətdir ki, hərbi qanunvericilikdə edilən son dəyişikliklər müxtəlif məqsədləri hədəfləyir: burada həm qarşıdakı dövrdə ölkənin maliyyə vəsaitlərinə müəyyən qədər qənaət etmək istəyindən, həm büdcə vəsaitlərinin əsasən işğaldan azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə sərf olunması planından, eyni zamanda Silahlı Qüvvələrdə kadr çatışmazlığı ilə bağlı vəziyyətdən söhbət gedə bilər. Çoxsaylı digər səbəblər də ola bilər. Amma fikrimizcə, əsas səbəblərdən biri onunla bağlıdır ki, qarşıdakı müəyyən olunmuş müddətdə Silahlı Qüvvələrdə baş tutacaq böyük dəyişiklikləri təmin edəcək böyük həcmli vəsaitlərin strateji əsasları formalaşdırılsın. Sadə dillə desək, belə görünür ki, hakimiyyət alternativ ordu quruculuğu üçün iqtisadi əsaslar formalaşdırır.

Yeri gəlmişkən, onu da xüsusi olaraq qeyd etməliyik ki, hərbi qanunvericilkdə son dəyişikliklərhərbçilərdə neqativ əhvl-ruhiyyə yaradacaq və hazırda bunu müşahidə etməkdəyik. Xüsusilə də o hərbçilərdə ki, onlar bu gün, sabah təqaüdə çıxmağa hazırlaşırdılar. Görünür, hakimiyyət bu istiqamətdə bir az güzəştə getməyə məcbur olub. Belə ki, hərbi xidmətin müddəti ilə bağlı son dəyişiklik 20 illik müddəti bitirməyə 3 ildən az vaxtı qalan hərbçilərə aid olmayacaq, yəni onlar köhnə qayda ilə – 20 illik hərbi xidməti başa vurub təqaüdə çıxa bilərlər və ya yeni qayda ilə daha 5 il əlavə hərbi xidmət keçə bilərlər. Yəni onlara seçim imkanı verilib. Digərləri isə bu seçimimkanından məhrumdurlar.

Doğrudur, yeni dəyişikliklər hərbi qulluqçuları həmin əlavə 5 ili xidmət etməyə şirnikləndirir, bu 5 il ərzindəki məvaciblərdə və 25 illik xidmətdən sonra veriləcək təqaüddə indiki ilə müqayisədə müəyyən qədər artımların olacağı bildirilir. Amma bunlar çox cüzi artımlar hesab edilə bilər.

Beləliklə, çoxluğun istəyi nəzərdə tutularaq hesab edirik ki, son dəyişiklikdən əvvəl hərbi xidmətə başlamış bütün hərbçilər üçün seçim imkanı yaratmalıdır. Onlar özləri qərar qəbul etməlidirlər ki, 25 il xidmət etmək istəyirlər, ya yox. Misal üçün, hərbi xidməti bitirməyinə 5 il qalmış zabiti məcbur etmək olmaz ki, 5 il əvəzinə 10 il xidmət etsin. Bu, insan haqlarına uyğun yanaşma, hüquqi nizamlama hesab edilə bilməz.

Türkiyə Ordusu modelinə əsalanan ordu quruculuğu

Müşahidələr göstərir ki, yaxın gələcəkdə hazırda hərbi qanunvericiliklə bağlı baş verənlər digər baş verənlərin kölgəsində qalacaq əslində. Son məlumatlardan belə görünür ki, çox yaxın perspektivdə, Azərbaycanda təhlükəsizlik və müdafiə sektorunun yenidən qurulması strategiyası çərçivəsində iki istiqamət rəsmən ayrılacaq:

Birinci istiqamət Azərbaycanda sovet hərbi qanunvericiliyi üzərində formalaşmış, zaman-zaman müəyyən dəyişikliklərə məruz qalan ənənəvi ordu strukturları ilə bağlı istiqamətdir ki, burada vəziyyət əsasən stabil, eyni zamanda məhdudlaşdırıcı, getdikcə daha çox daraldıcı xarakterə malik olacaq. Hazırda hərbi qanunvericilikdə dəyişikliklər daha çox bu istiqamətlə – yəni ənənəvi ordu ilə bağlıdır. Bu istiqamətdə yaxın müddətdə daha fərqli addımları müşahidə edəcəyik. Burada söhbət ixtisarlardan, şəxsi heyətin sayının azalmasından gedə bilər. Amma bu, hardasa 5-10 ili əhatə edəcək bir prosesdir. Bu proses nəticəsində biz ənənəvi ordu sisteminin tədricən yeni islahatlar prosesindən kənarda qalacağını görəcəyik. Hazırda bu ayrılmanın başlanğıc, müşahidə oluna bilən mərhələsindəyik. Amma yaxın perspektivdə ayırıcı xətlər daha aydın görünəcək. Məqsəd yəqin ki odur ki, bu ayrılma prosesi ağrısız, az ziyanla başa çatsın.

Yeni islahatlar prosesi isə ikinci əsas istiqamətlə bağlıdır. Bu istiqamət isə Türkiyə tərəfinin dəstəyi ilə hazırda formalaşdırılmaqda olan ordu sistemidir. Bu bir növ peşəkar ordu quruculuğudur, amma müqaviəli sistem deyil, mükəlləfiyyətli bir ordu sistemidir. Əlbəttə ki, bu sistem qeyd etdiyim ənənəvi – sovet hərbi qanunvericiliyinə əsaslanan ordu sistemindən çox fərqlidir. NATO əsaslı Türkiyə ordusuna bənzər qurulmaqdadır. Bu gün verilən müxtəlif qərarlar, bəyanatlar əslində bu sistemlə bağlı strateji planlaşdırmanın tərkib hissələri kimi qəbul edilməlidir. Yəni alternativ ordu quruculuğu tədricən ənənəvi ordunu kölgədə qoyacaq.

Sadə dillə izah edək: hazırda orduda xidmət edənlərin daha çox hərbi xidmətdə olmalarına çalışılır ki, gənc kadrlar daha çox ikinci istiqamətə cəlb edilsin. Müvafiq müddətdən sonra (bu, 5-10 il çəkə bilər) ikinci istiqamət (Türkiyə modelli ordu) inkişaf edəcək, böyüyəcək, güclənəcək. O zaman birinci istiqamətə ehtiyac qalmayacaq, nəticədə sovet hərbi qanunvericiliyi əsasında formalaşmış ənənəvi ordu tədricən ləğv ediləcək. Bu prosesi ordu daxilində bir növ „Asan xidmət“ prosesi kimi düşünmək olar.

Türkiyə hərbçiləri Azərbaycanda: müzakirə olunan məsələlər

Əldə etdiyimiz müxtəlif məlumatlara görə, hazırda Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin 300-dən artıq hərbi təlimatçısı fəaliyyət göstərir. Onların əsas hissəsi Müdafiə Nazirliyinin baş idarəsində və Silahlı Qüvvələrin Baş Qərargahında cəmləşib. Müəyyən əhəmiyyətli hissə hərbi təhsil müəssisələrində fəaliyyət göstərir. Digər bir hissə isə yerlərdə – hərbi hissələrdə baş verən proseslərə nəzarət edirlər. Verilən məlumatlara görə, türkiyəli hərbçilər orduda olan prosesləri yaxından izləyir, problemləri qeydə alır və onların aradan qaldırılması üçün təkliflər və planlar təqdim edir. 

Son əldə etdiyimiz məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulmasında ortaya çıxan problemlər əsasən maliyyə siyasəti və kadrlarla bağlı vəziyyətlə əlaqəlidir. Elə son verilən qərarlar, yeni hərbi təhsil müəssisələrinin yaradılması, vətəndaşların bu təhsil müəssisələrində xidmətə şirnikləndirilməsi, hərbi qanunvericilikdə dəyişikliklər, eyni zamanda son bir-iki ərzində orduda korrupsiya ilə bağlı həbslər və sairə addımlar elə yuxarıda qeyd etdiyim məhz bu iki istiqamətlə birbaşa və ya dolayısı ilə bağlıdır.

Yeni hərbi maliyyə qurumu

Əldə edilən məlumatları təhlil edərək hesab etmək olar ki, yaxın perspektivdə Azərbaycanda Müdafiə və Təhlükəsizlik Sektorunda məvacib, təqaüd, təchizat, tender və sairə maliyyə əsaslı fəaliyyətləri əlaqələndiriən yeni dövlət qurumu yaradılacaq. Hərbi sahədə maliyyə əməliyyatları və onunla əlaqəli bütün fəaliyyətlər məhz yeni qurum vasitəsilə həyata keçiriləcək. Belə görünür ki, bu, Türkiyə tərəfinin təklifi əsasında olacaq. Məqsəd, islahatların maliyyə tərəfində maksimum çevikliyə nail olmaqdır. Hazırda proseslə bağlı Azərbaycan hakimiyyətinin hərbi sahəyə məsul şəxsləri ilə Türkiyə tərəfinin Bakıya ezam olunmuş şəxsləri arasında intensiv danışıqların aparılması barədə məlumatlar var. Bu məlumatlara görə, Azərbaycanda yeni ordu quruculuğu üçün yeni maliyyə qurumunun yaradılması təklif olunur və bu istiqamətdə Türkiyə tərəfinin təcrübəsi müzakirə edilir.

Bu ideya həyata keçəndən sonra mümkündür ki, Azərbaycanda hərbi qulluqçuların məvacibləri, təqaüdləri ilə bağlı növbəti müəyyən dəyişikliklər olsun. Eyni zamanda bu da mümkündür ki, prosesin baş verməsi üçün xeyli müddət lazım ola bilər.

Ordunun gəncləşdirilməsi planı

Qeyd etdiyimiz kimi hazırda davam edən məssləhətləşmələrdə narahatlıq doğuran digər məsələ kadrlarla bağlıdır. Burada əsas müzakirə olunan məsələ vətəndaşların orduya çağırılması prosesindən başlayaraq onların fəaliyyətləri, hazırlıqları, karyeraları ilə bağlı vəziyyətdir. Hərbi xidmətə çağırışla bağlı müəyyən dəyişikliklərin edilməsi, xüsusilə də çağırışçıların tibbi şəhadətləndirilməsi işində yeni dəyişikliklər onu deməyə əsas verir ki, Türkiyə tərəfi hərbi xidmət sistemində mövcud qeyri-qanuni halların aradan qaldırılmasında maraqlıdır. Eyni zamanda Azərbaycanda yeni hərbi təhsil müəssisələrinin yaradılması, kursantlar üçün müəyyən şirnikləndirici qərarların qəbul olunması əslində Azərbaycan Silahlı Qüvvələrində kadr ehtiyatının qısa müddət ərzində yenilənməsini, ordunun gəncləşdirilməsini nəzərdə tutur.

Beləliklə, baş verənlər ona ümid etməyə əsas verir ki, yaxın perspektivdə biz Azərbaycanda mahiyyətcə yeni, peşəkar və rüşvət və korrupsiyadan kənar olan bir hərbi sistem görə bilərik. Amma bu nə dərəcədə real olacaq, bu, sual altındadır.

Prosesə mane olan əsas amillər

Mövcud situasiyanı təhlil edərək bəzi nəticələrə gəlmək olar. Hazırda ordu quruculuğu ilə bağlı xeyli sayda neqativ amillər var ki, onların aradan qaldırılmaması işinin səmərəli həyata keçiriləcəyinə inamı azaldır.

Misal üçün, şəffaflıq və hesabatlılıq məsələsi. Heç kimə sirr deyil ki, Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizat işləri ənənəvi olaraq hakim siyasi ailəyə yaxın şirkətlər tərəfəndən həyata keçirilib və keçirilməkdədir. Tender müsabiqələri və s. böyük əksəriyyət hesabı ilə cəmiyyətdən qapalı keçirilib və bu hazırda da baş verir. Qanunvericilikdə edilən son dəyişikliklərdə hərbi tenderlərlə bağlı məhdudiyyətləri daha da artırdılar. Belə bir vəziyyətdə Sİlahlı Qüvvələr quruculuğunun səmərəliliyinə inanmaq olduqca çətindir.

Digər müxtəlif narahatlıq doğuran məsələlər misal üçün, orduda insan haqları, idarəetmədə demokratiklik və sairə ilə bağlıdır. Bu istiqamətlərdə yetərincə problemlər mövcuddur. Onların necə həll ediləcəyi, Türkiyə – Azərbaycan hərbi məsləhətləşmələrində bu istiqamətdə hansı strateji planların olması sual altındadır.

Əsas ciddi məsələlərdən biri də ordu üzərində demokratik nəzarət mexanizmlərinin tətbiqi ilə bağlıdır. Burada ordunun təkcə mülki cəmiyyət (əsasən QHT-lər və media nəzərdə tutlur) qarşısında deyil, eyni zamanda parlament qarşısında hesabatlılığından söhbət gedir. Medianın və QHT-lərin hərbi islahatlar prosesindən kənar saxlanılması, hərbi sahə ilə bağlı istənilən məlumata “hərbi sirr“ və ya “dövlət sirri” adı verilməsi, tənqidlərə dözümsüzlük və sairə kimi məsələlər ciddi narahatlıq doğurur.

Bütün bu prosesdə ümidverici bir məsələ var ki, o da proseslərdə kənar bir tərəfin – Türkiyənin iştirakı ilə bağlıdır. NATO üzvü olan Türkiyənin bu proseslərdə iştirak etməsi, islahatlara nəzarət etməsi və bu vəziyyəti Azərbaycan tərəfinin qəbul etməsi azca da olsa pozitiv ümidlərə əsas verir. Aydındır ki, belə bir vəziyyətdə orduda aşağı və orta səviyyəli rüşvətxorluğun və korrupsiyanın aradan qalxacağına müəyyən inam yarana bilər. Amma yuxarı səviyyədə korrupsiyanın ləğv olunması yəqin ki, ölkədə siyasi hakimiyyət dəyişikliyinə bağlı məsələdir…

Hinterlasse einen Kommentar