2023-cü ildə azı 258 hərbi qulluqçu dünyasını dəyişib

Azərbaycanın Təhlükəsizlik və müdafiə sektorunun itkiləri: 11 ay üçün STATİSTİKA-HESABAT

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 258 hərbi qulluqçusunu itirib. Onlardan 212 nəfəri döyüş itkiləridir (erməni gülləsi və mina partlayışı), 46 nəfəri isə qeyri-döyüş itkiləridir.

Ümumilikdə – 2023-ci ildə 208 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından, 8 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 9 nəfər müxtəlif xəstəliklərdən, 2 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 4 nəfər isə bədbəxt hadisədən dünyasını dəyişib.

2023-cü ildə ümumilikdə 20 hərbi qulluqçu intihar edib.

Bu dövrdə dünyasını dəyişənlərin 126 nəfəri Müdafiə Nazirliyinin, 9 nəfəri Dövlət Sərhəd Xidmətinin, 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 17 nəfəri Daxili Qoşunların, 1 nəfər Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), 1 nəfər Ədliyyə Nazirliyinin, 1 nəfərsə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin əməkdaşları olub.

Dünyasını dəyişənlərin 132 nəfəri əsgər, 50 nəfəri zabit, 44 nəfəri MAXHQ, 26 nəfəri gizir, 3 nəfəri isə kursant rütbəsində olub. Digər 3 nəfərin rütbəsini müəyyənləşdirmək mümkün olmayıb.

Məlumatlara görə, ölüm hadisələrinin əksəriyyəti lokal antiterror tədbirləri zamanı baş verib. Ümumilikdə, araşdırmalar göstərir ki, hadisələrin əksəriyyəti Qarabağ zonasında baş verib. Eyni zamanda bir sıra ölüm hadisələri Azərbaycan-Ermənistan dövlət sərhədində (Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində, o cümlədən Naxçıvan MR-in sərhəd ərazilərində) baş verib.

2023-cü ildə ümumilikdə ən azı 536 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Onların mütləq əksəriyyəti erməni gülləsindən və mina partlayışından xəsarət alıblar.

Qısa məlumat: Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından etibarən fəaliyyət göstərir. Think-Tank tipli qurumun araşdırma hədəfində olan əsas məsələlər Təhlükəsizlik və Müdafiə Sektorunda insan haqları, silahlanma, korrupsiya və islahatlar ilə bağlı baş verən proseslərdir. İnstitut bu istiqamətdə təkcə Azərbaycanı deyil, eyni zamanda Gürcüstan və Ermənistanı araşdırır, bu 3 Cənubi Qafqaz ölkəsinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə edir.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Hinterlasse einen Kommentar