Yenilənib! 2023-cü ildə azı 45 hərbi qulluqçu dünyasını dəyişib

Azərbaycanın Təhlükəsizlik və müdafiə sektorunun itkiləri: 7 ay üçün STATİSTİKA-HESABAT

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2023-cü ilin 7 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 45 hərbi qulluqçusunu itirib. Onlardan 9 nəfəri döyüş itkiləridir (erməni gülləsi və mina partlayışı), 36 nəfəri isə qeyri-döyüş itkiləridir.

Ümumilikdə – 2023-ci ildə 7 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından, 4 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 8 nəfər müxtəlif xəstəliklərdən, 1 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər isə bədbəxt hadisədən dünyasını dəyişib.

2023-cü ildə ümumilikdə 17 hərbi qulluqçu intihar edib.

Bu dövrdə dünyasını dəyişənlərin 28 nəfəri Müdafiə Nazirliyinin, 9 nəfəri Dövlət Sərhəd Xidmətinin (SQ), 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 2 nəfəri Daxili Qoşunların, 1 nəfər Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), 1 nəfər Ədliyyə Nazirliyinin, 1 nəfərsə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin əməkdaşları olub.

Dünyasını dəyişənlərin 25 nəfəri əsgər, 6 nəfəri zabit, 4 nəfəri MAXHQ, 3 nəfəri gizir, 1 nəfəri çavuş, 3 nəfəri isə kursant rütbəsində olub. Digər 3 nəfərin rütbəsini müəyyənləşdirmək mümkün olmayıb.

Araşdırmalar göstərir ki, hadisələrin bir çoxu Azərbaycan-Ermənistan dövlət sərhədində (Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində, o cümlədən Naxçıvan MR-in sərhəd ərazilərində), eyni zamanda Qarabağ zonasında yerləşən hərbi hissələrdə (Şuşa, Ağdam, Füzuli, Tərtər rayonları ərazisində) baş verib. Bu hərbi hissələrdə ən azı 19 ölüm hadisəsi baş verib. Onlardan azı 12 hadisə intihar hadisəsidir. 15 digər ölüm hadisəsinin hansı ərazidə baş verməsi barəsində rəsmi strukturlar məlumat verməyiblər. Beləliklə, diqqətçəkən məsələlərdən biri, 2023-cü ilin 7 ayı ərzində Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda baş verən 17 intihar hadisəsindən 12-sinin məhz münaqişə bölgəsində yerləşən hərbi hissələrdə baş verməsidir.

2023-cü ildə ümumilikdə ən azı 9 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Onların mütləq əksəriyyəti erməni gülləsindən və mina partlayışından xəsarət alıblar.

Tendensiya: Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artır. Xüsusilə də 2023-ci ilin ilk 7 ayında baş verən itkilər diqqət çəkir. Xeyli sayda hərbi qulluqçunun intihar etməsi faktı (xüsusilə də ermənilərlə konflikt bölgələrində) güc strukturularını təxirəsalmaz tədbirlər görməyə vadar etməlidir.

Ümumilikdə monitorinqin aparıldığı 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru ümumilikdə ən azı 4.463 hərbi qulluqçusunu itirib ki, onlardan təxminən 3582 nəfəri döyüş itkisidir (burada əsas rəqəmlər 2020-ci ilin 44 günlük müharibəsinə aiddir). 881 nəfərsə qeyri-döyüş itkiləridir.

Ümumilikdə, 2003-2022-ci illərdə illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 13 min nəfərdən artıqdır.

Monitorinqin aparılması qaydası: İnformasiyalar əsasən 3 mənbədən toplanılır. Birincisi, ənənəvi mətbuat, online media və sosial şəbəkələrdə dərc olunan məlumatlar. İkincisi, əsgər ailələrinin özəl məlumatları (məlumatlar birbaşa kanallar vasitəsilə əldə edilir). Üçüncüsü, güc strukturlarında olan özəl mənbələr. Monitorinq prosesi zamanı bütün məlumatlar araşdırılır, bu və digər fakta dair müxtəlif mənbələrlə əlaqə saxlanılır. Lazım olan anda güc strukturlarına sorğular göndərilir.

Qısa məlumat: Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından etibarən fəaliyyət göstərir. Almaniyada mənzillənmiş think-Tank tipli qurumun araşdırma hədəfində olan əsas məsələlər Təhlükəsizlik və Müdafiə Sektorunda insan haqları, silahlanma, korrupsiya və islahatlar ilə bağlı baş verən proseslərdir. İnstitut bu istiqamətdə təkcə Azərbaycanı deyil, eyni zamanda Gürcüstan və Ermənistanı araşdırır, bu 3 Cənubi Qafqaz ölkəsinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə edir.

Təşkilatın rəhbəri Cəsur Məmmədovdur (Sümərinli).

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Hinterlasse einen Kommentar