Vətən Müharibəsində Azərbaycanın 2560 hərbi qulluqçusu şəhid olub – CDSI

44 günlük Vətən müharibəsində (27 sentyabr – 10 noyabr) Azərbaycan Silahlı Qüvvələrinin (eyni zamanda digər qurumların hərbi heyəti) ən azı 2560 hərbi qulluqçusu şəhid olub. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (CDSI) məlumat verir. “İnformasiya və məlumatların toplanılması davam edir, göstərici dəyişilə bilər”, – deyə qurumun yaydığı məlumatda bildirilir. Qurum məlumatları əsasən sosial şəbəkələrin və eyni zamanda Kütləvi İnformasiya Vasitələrinin (saytlar, TV kanallar və s.) monitorinqi nəticəsində toplayıb.

CDSI-nin ilkin məlumatlarına görə, həlak olanların 504 nəfəri zabit, 825-i gizir, 579 nəfəri MAXHQ və 652 nəfəri əsgər olub.

Həlak olanların əksəriyyəti Müdafiə Nazirliyinin, digər hissəsi isə Sərhəd Qoşunlarının, Daxili Qoşunların və digər hərbi birləşmələrin hərbi qulluqçularıdır. Şəhid olanlar arasında xeyli sayda səfərbərlik çağırışı ilə xidmətdə olanlar da var.

Bununla yanaşı 4678 hərbi qulluqçu bu və digər dərəcədə xəsarət alıb və yaralanıb. Dəqiqləşdirilməmiş məlumatlara görə, Azərbaycanın 70-ə yaxın hərbi qulluqçusu itkin düşüb, onlarla bağlı axtarışlar davam edir. İtkin düşənlərin bəzilərinin erməni hərbi birləşmələri tərəfindən əsir götürüldüyü ehtimalı irəli sürülür. Bununla bağlı məlumatlar sosial şəbəkələrdə əksini tapır.

CDSI bildirir ki, yaxın vaxtlarda şəhid olanların adlı siyahısı qurum tərəfindən açıqlanacaq.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (CDSI)

Hinterlasse einen Kommentar