2019-cu ildə Azərbaycanda 20 hərbçi dünyasını dəyişib – STATİSTİKA

2019-cu ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 20  hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 5 nəfəri döyüş, 15 nəfəri isə qeyri-döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat verir.

esger1

Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 5 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 1 hərbçi xəstəlik nəticəsində, 2 nəfərin isə bədbəxt hadisədən (donvurmadan) dünyasını dəyişdiyi bildirilir. 4 nəfər naməlum hadisə səbəbindən, 2 nəfər avto-qəzadan, 4 nəfərsə mina-mərmi partlayışından dünyasını dəyişib. 1 hərbçi intihar edib. 1 nəfərsə sərhəd pozucuları ilə atışmada həlak olub.

Dünyasını dəyişənlərin 13 nəfəri əsgər, 3 nəfəri gizir, 2 nəfəri kiçik çavuş, 1 nəfəri zabit, 1 nəfərsə müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub. Dünyasını dəyişənlərin 18 nəfəri Müdafiə Nazirliyinin, 2 nəfərsə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar. Müdafiə Nazirliyi ona aid olan 18 ölüm hadisəsinin 10-u barədə hər hansı açıqlama verməyib. DSX isə iki hadisədən yalnız birinə aydınlıq gətirib.

2019-cu ildə ümumilikdə 12 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 8 nəfər mərmi partlayışından, 2 nəfər erməni gülləsindən, 1 nəfər sərhəd pozucuları ilə atışmada, 1 nəfərsə naməlum səbəbdən xəsarət alıb.

Ötən dövrdə – 28 iyunda Azərbaycan və Ermənistan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərəyə bir vətəndaşı geri qaytarıblar. Əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə itkilərin sayının artdığını bildirib. Onun sözlərinə görə, ordu mövzusu Azərbaycan cəmiyyəti üçün tamamilə qapalı olmaqda davam edir. “Yalnız müəyyən şəxslər – jurnalistlər hərbi hissələrə buraxılır, onlara müsahibələr verilir. Ümumi siyasət ondan ibarətdir ki, Təhlükəsizlik və Müdafiə sektorunda baş verən neqativ hadisələr gizlədilsin”, – deyə o qeyd edib.

cesur-sumerinli

Cəsur Sümərinli hesab edir ki, “Açıq qapı” günləri və ya “Etimad telefon”ları ilə Silahlı Qüvvələrdə mənəvi-psixoloji durumu yaxşılaşdırmaq mümkün olmayacaq. “Ciddi islahatlar, hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi və ən əsası orduda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin kəskin olaraq aparılması vacibdir”, – deyə ekspert qeyd edir.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 37 hərbi qulluqçu dünyasını dəyişmişdi. Dünyasını dəyişənlərin 6 nəfəri döyüş, 31 nəfəri isə qeyri döyüş itkisidir. Ötən dövrdə ümumilikdə 21 hərbi qulluqçu yaralanmışdı (və ya xəsarət almışdı). 

Məlumat, rəy göndərmək istəyənlər aşağıdakı ünvanlara yaza bilərlər:

Email: caspiandefense@gmail.com

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Hinterlasse einen Kommentar