Vətən Müharibəsindən sonra Azərbaycan azı 110 hərbçisini itirib…

2020-ci ilin ikinci yarısında baş vermiş Vətən Müharibəsindən sonra (2020-ci ilin noyabrın 10-dan 2022-ci ilin 31 yanvarınadək) Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunun hərbi itkiləri 110 nəfərdən artıqdır. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat verir. Onlardan 15 nəfəri erməni gülləsindən, 10 nəfəri mina partlayışından, qalanları isə (85 nəfər) qeyri-döyüş səbəblərindən dünyalarını dəyişiblər. Hadisələrin əksəriyyəti Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən təsdiq olunub.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirir ki, ümumilikdə müharibədən sonrakı ötən dövrdə 15 nəfər erməni gülləsindən, 14 nəfər təyyarə qəzasından, 12 nəfər avtoqəzadan, 12 nəfər bədbəxt hadisədən, 10 nəfər mina partlayışından, 10 nəfər müxtəlif xəstəliklərdən, 9 nəfər naməlum səbəbdən, 9 nəfər Vətən Müharibəsində aldığı xəsarətlərdən, 5 nəfər qeyri-nizamnamə hadisəsindən, 2 nəfər əməliyyat tədbirində dünyasını dəyişib. 12 nəfərsə intihar edib.

Detallı olaraq:

2020-ci ilin sonu. 2020-ci ildəki 44 günlük müharibədən sonrakı dövrdə (2020-ci il, noyabrın 10-dan dekabrın 31-dək) Azərbaycan hərbi sektoru ümumilikdə 15 hərbi qulluqçusunu itirib. Onlar əsas etibarilə Müdafiə Nazirliyinin hərbi qulluqçuları olub. 3 nəfər erməni gülləsindən, 7 nəfər mina partlayışından dünyasını dəyişib. 5 nəfərsə müharibə dövründə aldıqları xəsarətlərdən dünyalarını dəyişiblər. Onların 10 nəfəri əsgər (həmçinin MAXHQ), 4 nəfəri zabit, 1 nəfəri isə gizir hərbi rütbəsində olub. 2020-ci ilin müvafiq dövründə 2 hərbi qulluqçumuz müxtəlif səbəblərdən (erməni gülləsi və mina partlayışı) yaralanıb və ya xəsarət alıb.

2021-ci il tam olaraq. 2021-ci ildə isə ümumilikdə 84 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 11 nəfəri döyüş (erməni gülləsi), 73 nəfər isə qeyri-döyüş itkiləridir. Müqayisə üçün bildirək ki, müharibədən öncəki 2019-cu ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 47 hərbi qulluqçu dünyasını dəyişmişdi. Onlardan 9 nəfəri döyüş, 38 nəfəri isə qeyri-döyüş itkisi idi.

2021-ci ildə 11 nəfər erməni gülləsindən, 2 nəfər əməliyyat tədbirləri zamanı (Azərbaycan – İran sərhədində), 12 nəfər avtoqəzadan, 3 nəfər mina partlayışından, 14 nəfər təyyarə qəzasından, 7 nəfər müxtəlik xəstəliklərdən, 2 nəfər qeyri-nizamnamə hadisələrindən, 7 nəfər naməlum səbəblərdən, 11 nəfər isə bədbəxt hadisədən, 4 nəfərsə Vətən Müharibəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. 2021-ci ildə ümumilikdə 11 hərbi qulluqçu intihar edib. Ötən dövrdə dünyasını dəyişənlərin 59 nəfəri Müdafiə Nazirliyinin, 23 nəfəri Dövlət Sərhəd Xidmətinin, 1 nəfəri Daxili Qoşunların, 1 nəfərsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları olub. Dünyasını dəyişənlərin 45 nəfəri əsgər (həmçinin MAXHQ), 7 nəfəri gizir, 32 nəfəri isə zabit rütbəsində olub. 2021-ci ildə ümumilikdə ən azı 60 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb.

2022-ci ilin ilk ayı. 2022-ci ilin yanvar ayında isə Azərbaycan Müdafiə və Təhlükəsizlik sektorunun ümumi itkiləri 11 nəfər olub. Onlardan 1 nəfəri erməni gülləsi, 3 nəfər qeyri-nizamnamə hadisələri, 2 nəfər naməlum səbəbdən, 3 nəfər xəstəlik səbəbindən, 1 nəfər isə bədbəxt hadisədən dünyasını dəyişiblər. 2022-ci ilin ilk ayında 1 hərbi qulluqçu intihar edib. Bu il dünyasını dəyişənlərin 4 nəfəri zabit, alanları isə əsgərlərdir. 2022-ci ildə azı bir hərbi qulluqçu (mina partlayışı) yaralanıb.

Tendensiya: Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda hərbi itkilərin sayı ciddi şəkildə artır. Xüsusilə də qeyri-döyüş şəraitində olan itkilər diqqət çəkir. İntiharlar, texniki qəzaların nəticəsində onlarla hərbi qulluqçunun dünyasını dəyişməsi güc strukturularını təxirəsalmaz tədbirlər görməyə vadar etməlidir.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu yaxın günlərdə Azərbaycan Müdafiə və Təhlükəsizlik Sektorunda son onilliklərdə hərbi itkilərin müqayisəli təhlilini təqdim edəcək.

Qısa məlumat: Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından etibarən fəaliyyət göstərir. Think-Tank tipli qurumun araşdırma hədəfində olan əsas məsələlər Təhlükəsizlik və Müdafiə Sektorunda insan haqları, silahlanma, korrupsiya və islahatlar ilə bağlı baş verən proseslərdir. İnstitut bu istiqamətdə təkcə Azərbaycanı deyil, eyni zamanda Gürcüstan və Ermənistanı araşdırır, bu 3 Cənubi Qafqaz ölkəsinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə edir.

Mənbə: Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Hinterlasse einen Kommentar