Bakı görüşü: gözləntilər puç oldu?

Rusiya “bir sıra siyasi məsələlər”in müzakirə olunduğunu bəyan edir, Amerika tərəfi isə “hər hansı müzakirədən söhbət getmədiyini” bildirir…

baki-gorush

Fevralın 16-da ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri general Joseph Dunford və Rusiya müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun Azərbaycanın paytaxtında keçirilən görüşü planlaşdırıldığından az çəkib və müzakirələrin gedişində bir sıra ciddi fikir ayrılıqları yaranıb. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu hərbi mənbələrə istinadən bildirir. Belə ki, Rusiya tərəfi görüş zamanı çoxsaylı şərtlərini irəli sürüb və ümumilikdə, Birləşmiş Ştatların son zamanlar Rusiyaya qarşı siyasətinin sərtləşdirməsi səbəbləri və bunun perspektivləri ilə bağlı izahat tələb edib. Amerikalı general isə irəli sürülən şərtləri qəbul etmədiyini bəyan edərək əksinə, qarşılıqlı ittihamlarını və şərtlərini irəli sürüb. Beləliklə, tərəflərin ilk görüşü faktiki olaraq nəticəsiz başa çatıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirir ki, görüşlə bağlı Rusiya və ABŞ Müdafiə Nazirliklərinin yaydığı məlumatlarda bu ziddiyyət özünü göstərir.

rus

Belə ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər aşağıdakı məsələləri müzakirə ediblər:

  • Rusiya-Amerika münasibətlərinin mövcud vəziyyəti;

  • Avropada, yaxın Şərqdə, Şimali Afrikada və dünyanın digər vacib regionlarında təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi.

Rusiya tərəfi bildirir ki, görüş nəticəsində hərbi fəaliyyətin təhlükəsizliyinin yaxşılaşdırılması, gərginliyin və risklərin azaldılması üçün birgə iş istiqamətləri müəyyənləşdirilib. “Əlaqələrin davam etdirilməsi istiqamətində razılıq əldə olunub”, – Rusiya tərəfinin rəsmi açıqlamasında qeyd edilir.

Amma Amerika tərəfi başqa çür, Rusiya tərəfini təkzib edən məlumat yayıb.

usa

ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahın strateji planlar və siyasət departamentinin direktoru, general-leytenant Frank McKenzie ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunan açıqlamasında bildirib ki, “bu görüşdə hər hansı ciddi qərarlar qəbul olunmayıb. Bu görüş sadəcə tərəflər arasında əlaqə bağlantısının qurulması baxımından vacib olub”.

İki hərbi şef siyasəti və ya siyasi məsələləri müzakirə etməyiblər. Dunford – Gerasimov görüşü sadəcə olaraq onlar arasında əlaqənin qurulması məqsədilə keçirilib. Tərəflər bu görüşdə bir-birini görə biliblər, bunu telefonda etmək çox çətin idi”, – deyə o bildirib. Buna baxmayaraq Amerika tərəfi Gerasimovu “asan tərəf müqabili kimi” xarakterizə edib. Frank McKenzie bildirib ki, Amerika tərəfi indiyə qədər onunla telefon əlaqəsində hər hansı çətinlik çəkməyib.

Maraq çəkən əsas məqam görüşdən əvvəl ABŞ müdafiə nazirinin açıqlamaları və Rusiya tərəfinin buna münasibəti ilə bağlıdır. ABŞ-ın müdafiə naziri Ceyms Mettis Brüsseldə NATO müdafiə nazirlərinin toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, “NATO üçün əsas təhdidlər Rusiyanın aqressiv fəaliyyətləri və terrorizmdir”. General Mettis bildirib ki, Rusiya ABŞ və NATO ilə əməkdaşlığın bərpası üçün beynəlxalq normalara uyğun yaşamalıdır. O, hələlik Pentaqonun Rusiya ilə hərbi əməkdaşlığa hazır olmadığını, yalnız siyasi əməkdaşlığın mümkünlüyünü vurğulayıb: “ABŞ hazırda Rusiya ilə hərbi səviyyədə əməkdaşlıq edəcək durumda deyil. Biz yalnız siyasi səviyyədə qarşılıqlı fəaliyyətlə məşğul ola bilərik”.

Bir az sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, “Rusiya ilə güc nümayişi yolu ilə dialoq qurmağa çalışmaq perspektivsizdir”. O həmçinin bildirib ki, Rusiya Müdafiə Nazirliyi Valeri Gerasimovun onun amerikalı həmkarı Jozef Dunfordla Bakı görüşünün gedişində Pentaqonun mövqeyinin izah olunmasını gözləyir.

Belə görünür ki, Rusiya tərəfinin gözləntisi puça çıxıb, ABŞ tərəfi görüş zamanı Rusiya müdafiə nazirinin səsləndirdiyi fikirlərə aydınlıq gətirməyib.

Qeyd edək ki, Bakı görüşü 2014-cü ilin yanvarından bu yana Vaşinqton və Moskva arasında bu səviyyəli hərbi rəislərin ilk üz-üzə görüşüdür. İndiyə kimi bu səviyyəli tərəflər arasında yalnız telefon danışıqları olub. Sonuncu dəfə V.Gerasimov amerikalı həmkarı ordu generalı Martin E.Dempsey ilə Brüsseldə görüşmüşdü.

O zamandan bu yana Rusiya:

  • Krımı işğal edib, şərqi Ukraynaya hərbi təcavüz edib;

  • Suriyaya Əsəd rejimini dəstəkləmək üçün qoşun, təyyarə və gəmiləri göndərib.

Amerikalı ekspertlərin fikrincə, Donald Trump adminstrasiyasının Rusiyaya yönəlik siyasətinin tam aydın olmadığı bir halda Bakı görüşünün nəticələrini ortaya qoymaq bir qədər çətindir. Amma ekspertlər bildirir ki, Amerika rəhbərliyi 2016-cı ildə qərara alıb ki, mümkün gərginliklərdən, insidentlərdən qaçmaq üçün tərəflər arasında yüksək səviyyəli “hərbi kanal” açılsın. Bunu Obama adminstrasiyası dövründə Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə eksperti olmuş Celeste Wallander dünən New York Times qəzetinə bildirib. “Mən bunun nəhayət ki, gerçəkləşməsini tam dəstəkləyirəm”, – deyə o qeyd edib.

General Joseph Dunford kimdir?

amerika

General Dunford ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin 19-cü sədridir. O, Amerikada ən yüksək hərbi vəzifəli zabitdir və Prezident, Müdafiə Katibi və Milli Təhlükəsizlik Şurasının hərbi məsləhətçisidir. O, 2015-ci ilin oktyabrında sədr təyin olunmamışdan əvvəl müxtəlif vəzifələrdə, o cümlədən 2013-2014-cü illərdə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) və Birləşmiş Ştatların Əfqanıstandakı Qoşunlarının komandanı olub.

2015-ci ilin iyulunda Birləşmiş Qərargahlar rəisi vəzifəsinə təsdiq olunma üçün keçirilən dinləmələr zamanı General Dunford Rusiyanı Amerikanın milli təhlükəsizliyi üçün ən başlıca təhlükə adlandırmışdı.

Valeri Gerasimov kimdir?

valery-gerasimov

2012-ci ilin noyabrından bu vəzifədə çalışan Gerasimov Rusiyanın “hibrid müharibə” doktrinasının atası hesab olunur. Onun 2013-cü ildə dərc etdiyi məqalədə Rusiyanın kiberhücumlarının konseptual əsasları izah olunub və bu “hibrid müharibə” adlandırılıb. Gerasimov Doktrinası adlanan sənəddə bildirilir ki, müharibə və sülh arasında sərhədi müəyyən etmək getdikcə çətinləşir və proksi serverlərdən və gizli taktikadan istifadə olunması “qeyri-xətti müharibə”nin güclənməsinə səbəb olur. Onun doktrinası hərbi, diplomatik, kiber, iqtisadi, informasiya və mədəni qüvvələrin kombinasiyasından istifadə edərək “siyasi müharibə aparmaqla” strateji məqsədlərə nail olmağı nəzərdə tutur. Bu strategiya sülhlə müharibə arasındakı “boz zona”da fəaliyyət göstərir və faktiki münaqişəyə gətirib çıxartmır.

NATO da oxşar görüş keçirmək istəyir?

NATO-nun baş katibi ABŞ və Rusiya ordu komandanlarının Bakı görüşünü alqışlayıb. “ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri – Joseph Dunford və Valeri Gerasimovun Bakı görüşü vacibdir”. “Azadlıq” radiosu bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y. Stoltenberq NATO üzrə müttəfiqlərin ikitərəfli əsasda Rusiya ilə dialoqu və ünsiyyət kanallarını inkişaf etdirmək cəhdlərini alqışlayıb. O xatırladıb ki, NATO-Rusiya Şurasının son iki iclasında V.Gerasimov və NATO Hərbi Komitəsi sədri Petr Pavel arasında birbaşa təmas olmayıb. Həmin görüşlərdə NATO və Rusiya arasında hərbi şəffaflıq, risklərin azaldılması və digər məsələlər müzakirə edilib. Onun sözlərinə görə, NATO hazırda Gerasimovla Pavel araslnda görüşün mümkünlüyünü araşdırır. “Hələlik Gerasimovla Pavel arasında hər hansı əlaqə yoxdur. Amma ola bilər ki, ABŞ kimi biz də oxşar dialoqu işə saldıq, indi bunun mümkünlüyünü öyrənirik”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya və NATO arasında hərbi əməkdaşlıq Krımın işğalına cavab olaraq alyans tərəfindən 2014-cü ilin yazında dondurulub.

ABŞ müdafiə naziri C. Mettis də qeyd edib ki, ABŞ və Rusiya liderləri dialoqun yaranması üçün qarşılıqlı fəaliyyət göstərəcəklər: “Bizim siyasi liderlərimiz ümumi mövqe və irəliyə doğru yol axtarmağa cəhd göstərəcəklər və buna əsasən Rusiya öz öhdəliklərini yerinə yetirərək NATO ilə əməkdaşlığa qayıda bilər. Mən hesab edirəm ki, Rusiya bütün yetkin ölkələrin etməli olduğu kimi, beynəlxalq normalara uyğun yaşamalıdır. Rusiya əvvəlcə NATO ilə saziş çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir. Mənim heç bir şübhəm yoxdur ki, Rusiya bir sıra ölkələrdə seçkilərə müdaxilə edib və ya etməyə cəhd göstərib”.

Az öncə Almaniyanın Bonn şəhərində keçirilən görüşdə ABŞ-ın dövlət katibi Rex Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrova deyib ki, Moskva və Donald Trump administrasiyası arasında əməkdaşlıq istənirsə, onda Kreml özünün Ukraynada sülhün bərqərar edilməsinə dair öhdəliklərinə əməl etməlidir. Tillerson-Lavrov görüşü G20 qrupu xarici işlər nazirlərinin Bonn şəhərində keçirilən müşavirəsinin əsnasında yer alıb. Azadlıq Radiosu xəbər verir ki, Tillerson Lavrova bildirib ki, Birləşmiş Ştatlar Rusiya ilə “Amerika xalqını mənfəətləndirən praktik sahələr tapıldıqda” əməkdaşlıq etməyə hazırdır. Bununla belə, ABŞ dövlət katibi deyib ki, Vaşiqnton və Moskva arasında hər hansı məsələyə dair fikir ixtilafı olduqda, Birləşmiş Ştatlar özünün və müttəfiqlərinin maraqlarından çıxış edəcək. Tillerson habelə deyib ki, “ortaq əməkdaşlıq zəmininin yaradılması üçün” Trump administrasiyası Rusiyanın Ukraynadakı zorakılığın dayandırılması məqsədilə “Minsk razılaşmasına əsasən götürdüyü öhdəlikləri icra etməsini gözləyir”.

Lavrov isə görüşdən sonra bildirib ki, onlar Suriya, Ukrayna və Əfqanıstan kimi məsələləri müzakirə ediblər və “maraqlar üst-üstə düşəndə əməkdaşlıq etmək” barədə razılığa gəliblər. Lakin o əlavə edib ki, “bütün fikir ixtilafları bir dəfəyə həll oluna bilməz”. Lavrov həmçinin bildirib ki, Tillerson Rusiyaya qarşı Vaşinqtonun sanksiyaları məsələsini müzakirə etməyib. O güman etdiyini deyib ki, tezliklə Trump və Putin arasında görüş ola bilər. Lakin Interfax Putinin müşavirlərindən birinə istinadən xəbər verir ki, Putin-Trump görüşü barədə “nə razılaşma, nə də aydın anlaşma olmayıb”.

Cənubi Qafqaza təsirlər

Yüksək səviyyəli görüşün Bakıda keçirilməsinin Azərbaycanın “neytral” ölkə olması ilə əlaqəli olduğunu həmçinin ABŞ mətbuatı bildirir. Azərbaycan rəsmi olaraq“Qoşulmayanlar Hərəkatı”nın üzvüdür. Ermənistan isə Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü, Gürcüstan isə yaxın perspektivdə NATO-ya üzv olmağı hədəfləyən ölkədir.

Nəzərə almalıyıq ki, Azərbaycan – ABŞ hərbi əməkdaşlığı təxminən 3 ildir ki, faktiki dondurulub. Əməkdaşlıq münasibətlərində azalma 2008-ci ildən – Rusiyanın Gürcüstana təcavüzündən sonra başladı və 2013-cü ildə prezident seçkiləri dövründə Azərbaycan – ABŞ siyasi münasibətlərində baş verən gərginlilə əlaqədar tam olaraq dayandırıldı. Mümkündür ki, tərəflər əməkdaşlığı ölü nöqtədən tərpətmək yolunda fikirləşməyə başlayıblar.

Belə ki, müdafiə naziri Zakir Həsənov və Azərbaycana ilk dəfə gələn amerikalı general Dunfordun arasında keçirilən görüşdə aşağıdakı məsələlər diqqət mərkəzində olub:

  • Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi;

  • Azərbaycan Silahlı Qüvvələrin NATO proqramları çərçivəsində fəaliyyəti;

  • Əfqanıstanda həyata keçirilən „Qətiyyətli dəstək“ qeyri-döyüş missiyasına verilən töhfə;

  • Xəzər dənizində təhlükəsizlik məsələləri;

  • kütləvi qırğın silahlarının yayılmaması;

  • treninqlərin keçirilməsi və hərbi təhsil…

Rusiya ilə hərbi əməkdaşlığa gəlincə, son 4 ildə Bakı və Moskva arasında reallaşmaqda olan 4 milyard dollarlıq hərbi ticarət müqaviləsini qeyd etmək olar. Rəsmi Bakı 2020-ci ilədək Rusiyadan xeyli sayda hərbi silah və texnika ixrac edəcək. Yanvarın 16-da Zakir Həsənov Rusiyalı ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. V.Gerasimov Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib. Görüşdə aşağıdakı məsələlər diqqət mərkəzində olub:

  • Rusiya və Azərbaycan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri və genişlənməsi;

  • yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsi;

  • „Beynəlxalq Ordu Oyunları – 2017“ yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku – 2017” müsabiqəsinin təşkilində Azərbaycanın rolu;

  • hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri;

  • Dağlıq Qarabağ münaqişəsi;

  • regional məsələlər.

Yeri gəlmişkən, Rusiya Müdafiə Nazirliyinin saytında bu görüş barəsində cəmisi iki cümlə qeyd olunub. Bildirilir ki, görüş konstruktiv xarakter daşıyıb və tərəflər iki ölkənin hərbi sahədədə əməkdaşlığının vəziyyəti və perspektivlərini müzakirə ediblər.

rus1

Eyni zamanda bildirək ki, prezident İlham Əliyevin amerikalı generalı qəbul etdiyi bildirilsə də, onun rusiyalı generalı qəbul edib-etməməsi barəsində hər hansı məlumat yoxdur.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

(Caspian Defense Studies Institute)

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s