„Aprel döyüşlərində hər hansı uğurdan söhbət gedə bilməz“

foto prezident.az
foto prezident.az.

Cəsur Sümərinli: Aprel döyüşlərində hər hansı uğurdan, qələbədən və irəliləyişdən söhbət gedə bilməz

“Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.

APA-nın xəbərinə görə, bu sözləri Füzuli rayonu ərazisində, ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində hərbi qulluqçular qarşısında çıxışında prezident, Ali Baş Komandan İlham Əliyev deyib.

Noyabrın 12-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

O bildirib ki, ordunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir: “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.

Prezident 1994-cü ilin yanvar ayında Füzuli rayonunda aparılan əməliyyatı və 22 kəndin işğalçılardan azad edilməsini xatırladıb: “Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri də növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir və tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə – bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

2000 hektardan çox torpaq azad edilib

Prezident aprel ayında baş verən hadisələrə toxunub: “Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törədib. Qəhrəman Azərbaycan ordusu – xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab verib. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurulub və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilib. Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlayıb. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərib. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olub. Mən hərbi hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi – tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar”.
foto prezident.az
foto prezident.az.

Ermənistan ordusu uzun illər miflər uydurdu

Dövlət başçısı aprel döyüşlərini şanlı qələbə adlandırıb: “Azərbaycan ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan ordusu yenilməz ordudur, istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan ordusunun çox yüksək yeri var. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır, ordumuzda nizam-intizam hökm sürür, maddi-texniki təminatı ən yüksək səviyyədədir”.

Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulmuş məqsədlərə nail ola bilmədi

„İlham Əliyevin son bəyanatı Azərbaycan cəmiyyətinin gözündə pərdə asmaqdan başqa bir şey deyil. Aprel döyüşlərində hər hansı uğurdan, qələbədən və irəliləyişdən söhbət gedə bilməz“.

Bu açıqlamanı prezidentin bəyanatını Meydan TV-yə şərh edərkən Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli səsləndirib.

Onun sözlərinə görə, aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrində, xüsusilə də xüsusi təyinatlı birləşmələrin döyüş hazırlığında, idarəedilməsində ciddi problemlərin olduğunu bir daha göstərdi. „Bir sıra məlumatlar onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulmuş məqsədlərə nail ola bilmədi və itkilərin (dünyasını dəyişənlər və yaralananlar) sayının az qala 200 nəfərə yaxın olması, bunun müqabilində isə çox kiçik ərazinin işğaldan azad olunması bunu sübut edir. Çox işlər görülməlidir“, – deyə C.Sümərinli bildirdi.

Onun fikrincə, Azərbaycan hakimiyyəti qarşısına qoyulmuş 4 vacib sual hələ də cavablanmamış qalır: – birincisi, hərbi əməliyyatlar Rusiyanın tələbi ilə qısa müddətdən sonra Azərbaycan tərəfindən dayandırılacaqdısa bunu həyata keçirməyin nə mənası vardı? Bəlkə bu bir teatr səhnəsi idi? – hərbi əməliyyatlarda dünyasını dəyişmiş və yaralanmış əsgərlərin statistikası cəmiyyətdən niyə gizlədilir? – əməliyyatlardan keçən 7 ay ərzində Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda mövqeyi necə güclənib? Ümumiyyətlə, güclənibmi? – Azərbaycan işğal altında olan torpaqları azad etmək istəsə, Rusiyanın növbəti „xahişini“ necə neytrallaşdıracaq?

Dirijor Rusiya tərəfi, icraçılar isə Azərbaycan və Ermənistan idi

Cəsur Sümərinli
Cəsur Sümərinli.

Cəsur Sümərinlinin qənaətincə, bu və digər suallar cavablandırılmadıqca Azərbaycan hakimiyyətinin həmin hərbi əməliyyatları həyata keçirməkdə nə dərəcədə səmimi olması, hər hansı şəxsi mənfəət güdmədiyini demək mümkün olmayacaq.

„Aprel döyüşlərindən öncə və sonra Rusiya Ermənistanın fəal dəstəkçisi kimi çıxış edir. Əgər rəsmi Bakı aprel döyüşlərini Moskvanın xahişi ilə dayandırmışdısa, niyə görə Rusiya Ermənistanı dəstəkləməkdə davam edir? Məntiqlə, Rusiya Ermənistana təzyiq göstərməli idi axı?! Amma belə görünür ki, hər şey qabaqcadan qurulmuş bir teatr idi. Dirijor Rusiya tərəfi, icraçılar isə Azərbaycan və Ermənistan idi“, – deyə C.Sümərinli bildirdi.

O, bildirib ki, aprel döyüşlərinin ən əsas mənfi tərəflərindən biri düşmənin ayıq salınması, onlara Azərbaycan Silahlı Qüvvələrinin hücum və müdafiə taktikasını aşkar şəkildə göstərmək idi: „Düşmən bildi ki, gələcək müharibədə Azərbaycan necə hücum edə bilər, nəyə üstünlük verəcək, insan faktoru, hərbi texnika necə rol oynayacaq, Azərbaycanın hücumu zamanı erməni tərəfinin mənfi tərəfləri nədən ibarət olacaq və s. İndi düşmən tərəfi məhz bu amilləri nəzərə alaraq ön və arxa cəbhədə müdafiə mövqeyini gücləndirməkdədir. Məhz aprel əməliyyatlarından sonra Ermənistan ordusunun yenidən qurulması prosesi aparılır. 50-yə yaxın yüksək rütbəli zabit vəzifədən çıxarılıb. Ermənistan Müdafiə Nazirliyi və Azərbaycanın ərazilərindəki işğalçı hərbi qruplaşmalar arasında əlaqələrin möhkəmlənməsi və s. mühəndis-istehkam qurğularının müasirləşdirilməsi və s. istiqamətdə ciddi tədbirlər görülür. Beləliklə, bu 4 günlük hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi həm qarşı tərəfin – Azərbaycanın üstünlüklərini və çatışmazlıqlarını gördü, eyni zamanda özünün problemlərini aşkara çıxartdı. Beləliklə, biz araşdırsaq görərik ki, bu əməliyyatlar strateji vizion baxımından Ermənistanın maraqlarına işlədi“.

Ordu tamamilə cəmiyyətə qapalıdır

C.Sümərinlinin sözlərinə görə, bahalı silahlar almaqla güclü ordu qurmaq mümkün deyil. „Azərbaycan tərəfi aprel döyüşlərinin aparılması zamanı orduda üzə çıxan çatışmazlıqları aradan qaldırmaq istəmir. Hər hansı kadr islahatı, rüşvətxorluq və korrupsiyanın aradan qaldırılmasını görmürük. Ordu tamamilə cəmiyyətə qapalıdır. Hər hansı problemin media və QHT-lər tərəfindən işıqlandırılmasına ciddi senzura var. Beləliklə, şəffaflıq və hesabatlılıq olmadan, insan faktoru önə alınmadan, orduda ciddi islahatlar, rüşvət və korrupsiyaya qarşı mübarizə aparılmadan hər hansı bahalı silahdan, hərbi əməliyyatların uğurundan danışmaq nağıl söyləməkdən fərqli bir şey deyil“, – deyə o bildirdi.

https://www.meydan.tv/az/site/politics/18952/

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s