Pentaqonun Azərbaycanla 4-cü əməkdaşlıq mərhələsi: Suallar ortaya çıxıb

Cəsur Sümərinli, “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri

https://www.meydan.tv/az/site/politics/14556/

cropped-caspiandefense.jpg
Son 10 ildə ABŞ Müdafiə Departamenti Azərbaycana 20 milyon dollarlıq hərbi yardım ayırıb, Ermənistana isə «qəpik-quruş» verilib. Bunu Eurasianet.org saytında Joshua Kucera ABŞ hökumət sənədlərinə istinadla yazır.

Təəssüflər olsun ki, bir vaxtlar ABŞ və Azərbaycan arasında “qaynayan” hərbi əməkdaşlıq son illər ərzində demək olar ki, tam dondurulub. Münasibətlərin külminasiya nöqtəsi 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri idi. Seçkilərdən öncə ABŞ rəsmiləri İlham Əliyevin 3-cü dəfə prezident seçilməsinin mümkünsüzlüyü barədə bəyanatlar səsləndirdilər, həmin ilin oktyabrında o vaxtkı müdafiə nazirli Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfirini görüşə dəvət etmiş və nəticədə qapalı görüşdə deyilən fikirlərin (sonradan ABŞ səfirliyi belə fikirlərin səsləndirilmədiyini bəyan etdi) Müdafiə Nazirliyi tərəfindən gizli olaraq qeydə alındığı iddia olunmuş və daha sonra bu fikirlər mətbuata çıxarılmışdı. Bunun nəticəsində iki ölkə arasında münasibətlər gərginləşdi və Səfər Əbiyevin Birləşmiş Ştatlara və NATO-ya nəzərdə tutulmuş səfərləri ləğv edildi, müdafiə nazirlikləri arasında planlaşdırılan çoxsaylı tədbirlər ləğv edildi.
2014-cü ildə ABŞ və Azərbaycan Müdafiə nazirlikləri arasında nəzərdə tutlması planlaşdırılan tədbirlərin tam əksəriyyəti yerinə yetirilməmiş qalıb. 2015-ci il və 2016-cı ilin geridə qalan dövründə ABŞ və Azərbaycan arasında hərbi sahədə diqqətçəkən hərbi əməkdaşlıq baş tutmayıb.

ABŞ və Azərbaycan arasında əməkdaşlığın 3 mərhələsi

Halbuki əvvəllər Birləşmiş Ştatlar Azərbaycan hərbiyyəsinin inkişafına, xüsusilə də Hərbi Dəniq Qüvvələrinin müasirləşdirilməsinə ciddi dəstək göstərib. Xatırladım ki, sonuncu dəfə 2011-ci ilin avqust ayının sonlarında ABŞ-ın Müdafiə Nazirliyi Azərbaycana 10 milyon dollar məbləğində hərbi yardımın ayrılması barədə qərar qəbul eləmişdi. Bu yardım Pentaqonun ayırdığı 44 milyon dollarlıq yardım paketinə daxil idi. Yardım ayrılmış ölkələr sırasında Tunis, Malta, Litva və Macarıstan da var idi. Vəsait ayrılmasında əsas məqsəd hərbi dəniz qüvvələrinin terrorla mübarizə imkanlarını gücləndirmək idi. Məlumata görə, yardıma böyük olmayan katerlər, mühərriklər, təlimlərin keçirilməsi və s. daxil idi.
Beləliklə, Azərbaycanla ABŞ arasında münasibətlərin pisləşməsindən əvvəlki dövrdlərdə Pentaqon hər il Azərbaycana müəyyən miqdarda yardımlar edirdi. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri təcrübə keçmək üçün Birləşmiş Ştatlarda müxtəlif təlimlərə cəlb olunurdular. Ümumilikdə isə Azərbaycan və ABŞ arasında Xəzərdə təhlükəsizlik üzrə 3 əməkdaşlıq mərhələsi vardı:
birincisi, „Caspian Guard“ („Xəzər Keşikçisi“) proqramı çərçivəsində əməkdaşlıq niyyəti (Azərbaycan və Qazaxıstanla) 2002-ci ildə irəli sürülmüş və Rusiyanın ciddi təzyiqi nəticəsində 2006-cı ildə iflasa uğramışdı. Bu proqramın reallaşması üçün ABŞ 130 (bir sıra məlumatlara görə 150 milyon dollara qədər) milyon dollar ayırmışdı. Proqram çərçivəsində Azərbaycanın Rusiya və İranla sərhədlərində radar stansiyalarının (Xızı və Astarada) quraşdırlılması layihəsi həyata keçirilmişdi və eyni zamanda Bakıda komanda müşahidə məntəqəsinin yaradılmasına qərar verilmişdi;
ikincisi, CSSP (Caspian Sea Security Program – Xəzər dənizi Təhlükəsizlik Proqramı). Bu, əslində „Caspian Guard“ın („Xəzər Keşikçisi“) Rusiyanın təzyiqləri altında dəyişilmiş və bir qədər “yumşaldılmış” variantı idi. Amma bu proqramın tam şəkildə həyata keçirilməsi baş tutmadı, Azərbaycan və ABŞ bir sıra məsələlərdə razılığa gələ bilmədilər və eyni zamanda Rusiya və İrandan olan təzyiqləri də nəzərə almaq lazımdır;
üçüncüsü, 2007-ci ildə ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı (EUCOM) ilə Azərbaycan Silahlı Qüvvələri arasında imzalanmış İş Planı. Bu proses nəticəsində ABŞ Azərbaycana Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsinə, çavuş heyətinin təkmilləşdirilməsinə 10 milyon dollarlıq yardım ayırmışdı. Yardım Azərbaycan HDQ-nin 5 gəmisinin modernləşdirilməsini, HDQ xüsusi təyinatlılarının hazırlaşdırılmasını, kadr hazırlığını, HDQ heyəti üçün texniki avadanlıqlar və qurğuların əldə edilməsini, HDQ ilə Dövlət Sərhəd Xidməti arasında əlaqələrin sıxlaşmasını nəzərdə tuturdu.

Nəticədə Azərbaycanın dəniz təhlükəsizliyi imkanlarına görə Xəzərdə lider ölkələrdən birinə çevrildiyi iddia edilirdi. Qərb mənbələrindən verilən məlumatda bildirilirdi ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdəki bütün daşımalara nəzarət imkanlarına malikdir. Bu isə Rusiyadan İrana və əksinə, şübhəli yüklərin daşınma ehtimalını çox aşağı salıb.
Əməkdaşlığın növbəti mərhələsi Azərbaycan Hərbi Hava Qüvvvələrinin və eyni zamanda DSX hava bölmələrinin Xəzərdə təhlükəsizliyin qorunmasında imkanlarının artırılmasını əhatə edəcəkdi. Belə ki, Azərbaycan və ABŞ qeyd edilən istiqamətlərdə əməkdaşlığı davam etdirmək, eyni zamanda Azərbaycanın Xəzərdə hava təhlükəsizliyi imkanlarını gücləndirmək hədəfini ortaya qoymuşdular. 2008-ci ildə bununla bağlı tərəflər arasında qızğın müzakirələr gedirdi. Amma 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi ilə başlayan və Qafqazda geosiyasi vəziyyətin dəyişilməsi ilə nəticələnən situasiya Azərbaycan və ABŞ arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı ümumiyyətlə, dayandırdı. Baxmayaraq ki, 2009 və 2010-cu illərdə əməkdaşlığın bərpa edilməsi istiqamətində rəsmi çağırışlar səslənirdi.
İran və Rusiya açıq şəkildə Azərbaycan – ABŞ hərbi əməkdaşlığına öz etirazlarını ortaya qoydular və ekspertlərin fikrincə, bu da onlar arasında Xəzər vasitəsilə həyata keçirilən şübhəli daşımaların Bakı tərəfindən aşkarlanması səbəbindən başa düşülən idi.
Nəticədə rəsmi Bakı geri çəkildi, ardınca isə Azərbaycan – ABŞ arasında 2010-cu ilin may ayına təyin olunmuş „Regional cavab – 2010“ təlimlərini birtərəfli qaydada tərk etdi və nəticədə təlimlər ləğv edildi.

Terrrorizmə qarşı mübarizə siyasi rəqiblərə qarşı necə yönəldi?

Pentaqonun Bakıya göstərdiyi hərbi dəstəyin məqsədləri içində Azərbaycanın terrorizmə qarşı mübarizədə imkanlarının artırılması da vardı. Bu əməkdaşlıq çərçivəsində eyni zamanda Azərbaycanın antiterrora qarşı mübarizəsinin səmərəliliyinin artırılması, informasiyaların bölüşdürülməsi, maddi, texniki, informasiya dəstəyi xüsusi əhəmiyyət kəsb etməli idi. Müəyyən işlər görüldü, Azərbaycanın terrorizmə qarşı mübarizə imkanları gücləndirildi.
Lakin ortaya çıxan durum göstərdi ki, Azərbaycan hakimiyyəti bir sıra hallarda bu imkanlardan sui-istifadə edib. Birincisi, Hakimiyyətin antiterror strategiyasının özü cəmiyyətə bəlli olmadı. Ölkədə terror hadisəsini həyata keçirənlər və ya onun sifarişçiləri əksər hallarda cəmiyyətə açıqlanmadı. Beləliklə, terrorizmə qarşı mübarizədə “siyasi alver” ehtimalı ortaya çıxdı.
İkincisi, araşdırmalar göstərir ki, Azərbaycanda terrorizmə qarşı mübarizə məsələsi dövlət hakimiyyəti orqanları tərəfindən bir çox hallarda sui-istifadə olundu. Gücləndirilmiş anti-terror sturukturlarından (xüsusilə də MTN tərkibindəki Anti-Terror Mərkəzi və MTN Hərbi Əks Kəşfiyyat Baş İdarəsi) hakimiyyətin siyasi rəqiblərinin, jurnalistlərin sıradan çıxarılması, şantaj edilməsi, susdurulması, təzyiqlər ediləsi məqsədilə istifadə olundu. Eyni zamanda “terrorizmə qarşı mübarizə” bəzi hallarda bir sıra məmurların korrupsiya əməllərinin müdafiəsi məqsədi güdürdü.

Gələcək necə olacaq?

Ehtimal var ki, Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq kec-tez “ölü” nöqtəsindən tərpənəcək. Amma bu əməkdaşlığın əvvəlkitək olacağı inandırıcı görünmür, ən azı ona görə ki, Rusiya birtərəfli qaydada Xəzəri “qapalı zona” elan edib və oraya Xəzəryanı ölkələrdən savayı kimisə buraxmayacağını bəyanlayıb. Eyni zamanda ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın Əliyev hakimiyyətinin ömrünün uzadılmasına xidmət etdiyi iddiaları səslənir.
Belə bir vəziyyətdə, iki ölkə arasında perspektiv hərbi əməkdaşlığın necə olacağı suallar doğurur. Ortada olan durum onu göstərir ki, 2011-ci ildə ABŞ-ın Azərbaycandakı o zamankı səfiri Metyu Brayzanın bəyan etdiyi „Biz Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq fazasının başlanğıcındayıq“ bəyanatının həyata keçirilməsi istiqamətində Pentaqonun maraqları qalır. Əslində bu, Azərbaycanın da milli təhlükəsizlik maraqlarına aiddir. “Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq fazası” Azərbaycanın Xəzərdəki enerji infrastrukturunun ən yaxşı formada qorunması yollarının tapılmasında və bu müdafiənin həyata keçirilməsində Pentaqonun rəsmi Bakıya təcrübi dəstəyini nəzərdə tutur. Bu, baş tutsa, Azərbaycan və ABŞ arasında hərbi sahədə sayca 4-cü əməkdaşlıq dövrü başlayacaq.
Söhbət heç də Pentaqonun Xəzərə gəlişindən getmir. Söhbət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və təhlükəsizlik strukturlarının bilik və bacarıqlarının artırılmasına dəstəkdən gedir.
Amerikada müəyyən dairələr ABŞ-ın Azərbaycana vaxtilə göstərdiyi və ya gələcəkdə göstərəcəyi hərbi yardımların qoşunların təmas xəttində hər hansı gərginliyə səbəb ola biləcəyindən ehtiyatlanırlar. Amma məncə əsas problem bu olmamalıdıır.
Daim korrupsiya qalmaqalları və siyasi legitimlik problemləri ilə üz-üzə qalan, onlarla siyasi məhbusu həbsxanalarda saxlayan mövcud hakimiyyətlə hər hansı əməkdaşlıq qarşıya qoyulan məqsədlərə çatılması baxımından necə effektivdir? Bu əməkdaşlıq ümumiyyətlə, Azərbaycanın milli təhlükəsizlik maraqlarına necə cavab verəcək? Pentaqon üçün əsas cavab tapılması vacib olan məsələ yəqin ki, bu olmalıdır.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s