“Rusiyanın dirijorluğu ilə müharibə teatrı qurulmuş və buna görə rollar müəyyənləşdirilmişdi”

 “Mən bunu müharibə adlandırmazdım. Sadəcə intensiv hərbi əməliyyatlar idi. Müharibənin öz qayda qanunları var. Arxa cəbhə təminatı, səfərbərlik hazırlığı, strateji obyektlərin müdafiəsinin təminatı, strateji düşünülmüş plan, məqsədlər, hədəflər və s. Bütün bunları biz görmədik. Ona görə də hesab edirəm ki, aprelin 2-5-də baş verənlər son illərdə az qala hər il baş verən hərbi toqquşmaların bir qədər intensivləşdirilmiş formasıdır”. Bunu “Meydan TV”-nin rus dilli versiyasına müsahibəsində “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirib.

Müsahibənin linki burada: https://www.meydan.tv/ru/site/politics/13642/

Cəsur Sümərinli hesab edir ki, həyata keçirilmiş əməliyyatların məqsədində hər hansı rayon mərkəzini və ya böyük ərazini tutmaq olmayıb. “Məqsəd ümumilikdə görüntü yaratmaq olub. Əldə edilən məlumatlar göstərir ki, Azərbaycan ordusu ümumilikdə dərinə təxminən 1 km, uzununa isə 8-10 km olan torpaqları işğaldan azad edib. Bununla da hərbi əməliyyatlar bitmiş hesab olunub. İşğal altında olan Dağlıq Qarabağ və ona bitişik rayonların miqyasını, strateji üstünlüklərini və s. amilləri nəzərə aldıqda, həyata keçirilmiş əməliyyatların Azərbaycan tərəfinə ciddi hərbi üstünlüklər verdiyini düşünmürəm”, – deyə o qeyd edib.

jasur
Cəsur Sümərinli, “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri

Onun fikrincə, son əməliyyatlar Azərbaycanın hərbi-siyasi hakimiyyətin planlaşdırdığı, bəzi məqamları Rusiyalı həmkarları ilə bölüşdüyü bir əməliyyatdır: “Rəsmi Bakının bu hərbi əməliyyata başlamasından Rusiya tərəfinin xəbərsiz olması inanılmaz görünür. Bildirim ki, hərbi toqquşmalardan iki gün öncə  – martın 28-30-da Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB Silahlı Qüvvələri Qərargahlar Komitəsinin iclasında iştirak etmək üçün Minskdə idi və əlbəttə ki, orada Rusiyadan və Ermənistandan olan həmkarları ilə birgə müzakirələr aparmışdı. Bizim məlumata görə, mümkündür ki, Qarabağdakı hərbi əməliyyatlar məsələsi Minskdə diqqət mərkəzində olub. Diqqət çəkən məsələlərdən biri də bununla bağlı idi ki, Minskdə generallar hərbi sirrlərin birgə necə qorunması məsələsini də müzakirə edib bu istiqamətdə müvafiq qurumların əməkdaşlığını nəzərdə tutan sənədi təsdiqləmişdilər. Maraqlıdır ki, Minskdəki görüşdən iki gün öncə – martın 26-da Azərbaycan və Ermənistan Müdafiə Nazirliklərində mahiyyətcə, mövzuca, hətta iştirakçılarına görə oxşar olan toplantı keçirilmişdi. Azərbaycanın müdafiə naziri Zakir Həsənov “qoşunların döyüşə hazırolma səviyyəsinin təftiş edilməsi və hərtərəfli yoxlanılmasına dair” Baş Qərargaha müvafiq tapşırıq vermişdi. Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə rəhbərlik etdiyi anoloji tədbirdə “düşmən strukturların irəliləməsini çətinləşdirən” qərarlar vermişdi”.

C.Sümərinli hesab edir ki, son hərbi əməliyyatlar Moskvanın rəhbərliyi altında hazırlanmış bir oyun idi. “Tərəflərin cəmisi 3-4 günlük hərbi əməliyyatlardan sonra Moskvada “atəşkəs masası” arxasında oturması və döyüşləri dayandırması da bu oyunun tərkib hissəsi idi. Yəni əvvəlcədən necə planlaşdırmışdılarsa, elə də oldu. Azərbaycan Silahlı Qüvvələrinin qeyri-peşəkarlığı fikrini yaxın buraxmıram. Bizim Silahlı Qüvvələrin, xüsusilə də xüsusi təyinatlıların və kəşfiyyatçıların, o cümlədən Hərbi Hava Qüvvələrinin hazırlığı çox yüksəkdir. Amma əməliyyatın planlaşdırılması işində bilərəkdən belə yanlışlıqlara yol verilib. Rusiyanın dirijorluğu ilə müharibə teatrı qurulmuş və buna görə rollar müəyyənləşdirilmişdi. Əvvəllər ehtimallara görə, müharibə teatrının nəticəsində Azərbaycan 2-3 rayon azad etməli idi. Amma görünür, Moskva rəsmi Bakıya bu qədər fürsəti vermək istəmədi. Cəmisi dərininə bir km, uzununa isə 8-10 km bir ərazini azad etməyə imkan yaratdı. Odur ki, bütün bunlarda günahı Azərbaycanın hərbi-siyasi hakimiyyətində axtarmaq lazımdı ki, niyə görə belə oyuna getdi, məqsəd nə idi”, – deyə o bildirib.

C.Sümərinli hesab edir ki, bütün baş verənlərdə məqsəd regionda Rusiyanın hərbi-siyasi hegemonluğunun mövcudluğunu göstərməsi idi: “Moskva bu münaqişə ilə münaqişə tərəflərinin, xüsusilə də Azərbaycanın hərbi-siyasi-iqtisadi gələcəyinin Rusiya ilə birgə olduğunu təmin etməyə çalışdı. Moskva bununla da mesaj ötürdü ki, rəsmi Bakı Moskvanın icazəsi olmadan hər hansı müharibəyə başlaya bilməz. Yəni hazırkı prosesdə tam hegemon olduğunu göstərdi. İndi rəsmi Bakı bütün bunlardan sonra Rusiyanın rəhbər olduğu ittifaqlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsa təəccüblənmərəm. Elə yaxın günlərin birində, Elmar Məmmədyarov bununla bağlı hər hansı çərçivə sazişini imzalaya bilər. Və ya münaqişə zonasında rus sülhməramlıları görünə bilər. Azərbaycanın mövcud hərbi-siyasi hakimiyyətinin addımlarını ölkənin mövcud və gələcək milli təhlükəsizlik maraqları üçün təhlükə hesab edirəm”.

C.Sümərinli son hərbi əməliyyatlarda Azərbaycan tərəfinin 90-dan artıq hərbi qulluqçusunu itirməsinə təəssüflənir. “Qıcıqlandıran məqam ondan ibarətdir ki, rəsmi Bakı hələ də şəhidlər və yaralananların ümumi sayı ilə bağlı dəqiq məlumatları ictimaiyyətdən gizlədir”, – deyə o qeyd edib.

Bununla belə C.Sümərinli hesab edir ki, Azərbaycan hərbi baxımdan Ermənistandan üstünlüyünü saxlayır: “Azərbaycan çox ciddi sosial-iqtisadi problemlərlə üz-üzədir və bütün bunlar ordudakı hərbi-psixoloji duruma təsir etməmiş deyil. Amma bütün bunlarla belə Azərbaycan tərəfi hərbi baxımdan Ermənistandan 6 cəhətdən üstündür:

  • Səfərbərlik ehtiyatları (insan) baxımından. Azərbaycanda təxminən hərbi xidmətə yararlı 500 min nəfərə yaxın mülki insan var. Onlardan təxminən 150 mini hər hansı xüsusi təkrar hazırlıq olmadan (burada hərbi xidmətdən son iki-üç il ərzində ehtiyata buraxılanlar nəzərdə tutulur) döyüşə hazırdırlar. Ermənistanda isə ümumi səfərbərlik göstəricisi 100 min nəfər, döyüşə hazır olanların sayı isə 30-50 min nəfər arasındadır. Beləliklə, səfərbərlik ehtiyatları (insan) baxımından Azərbaycan Ermənistanı 5 dəfə üstələyir.
  • İqtisadi imkanlar (büdcə vəsaitləri və s.) baxımından. Azərbaycanın müdafiə xərcləri ümumilikdə Ermənistanınkından 6-7 dəfə artıqdır. Beləliklə, iqtisadi imkanların verdiyi üstünlüklərə görə Azərbaycan tərəfi müharibənin lazım gələrsə uzunmüddətli olmasını təmin edəcək gücə malikdir. Bu zaman isə düşmənin hərbi-iqtisadi baxımdan tamamilə sıradan çıxması perspektivi var.
  • Silahlı Qüvvələrin şəxsi heyətinin sayı baxımından. Azərbaycanda Silahlı Qüvvələrin və ümumilikdə bütün hərbi birləşmələrin şəxsi heyətinin ümumilikdə sayı 200 min nəfərə yaxındır. Ermənistanda isə bu göstərici 80-100 min nəfər arasında dəyişir (Azərbaycanın işğal altında olan ərazilərindəki erməni hərbçiləri ilə birgə).
  • Silahlı Qüvvələrin malik olduğu silah və hərbi texnika potensialı baxımından. Azərbaycan son 10 il ərzində neftdən gələn gəlirlərə görə müdafiə xərclərini dəfələrlə artırıb və nəticədə Silahlı Qüvvələrin istifadəsi üçün əsasən də Rusiyadan xeyli sayda silah və hərbi texnika alıb. Düzdür, Rusiya tərəfi bərabər şəkildə Ermənistanı da silah və hərbi texnika ilə təchiz edib. Amma Silahlı Qüvvələrin şəxsi heyətinin sayı, iqtisadi imkanlar və s. amillərə görə, rəsmi Bakının silahlanma səviyyəsi (silahların və hərbi texnikaların sayı, keyfiyyəti) daha üstündür.
  • Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının gücü baxımından. İndiyədək rəsmi Bakı İsrail, Türkiyə və Rusiyadan aldığı müasir silah, hərbi texnikalar və avadanlıqlar baxımından qeyd edilən qüvvələri hədsiz gücləndirib. Müşahidələr göstərir ki, işğal altında olan torpaqların geri qaytarılmasında əsas sözü məhz bu qüvvələr deyəcək. Təəssüflər olsun ki, Rusiya tərəfi bunu bildiyindən erməni tərəfini anoloji silah və hərbi texnikalarla təchiz etməyə çalışır.
  • Müdafiə Sənayesinin istehsal gücü baxımından. Azərbaycanın Müdafiə Sənayesi gözləntiləri doğrultmasa da, sülh və əsasən də müharibə dövründə Silahlı Qüvvələrin müəyyən ehtiyaclarını ödəməyə çalışır. Ermənistan tərəfi bu istiqamətdə axsayır və bununla bağlı Rusiyanın yardımına ehtiyac duyur.

Bütün bunlar nəzər aldıqda, Azərbaycan Ermənistanla gözlənilən istənilən müharibəni udmaq perspektivinə malikdir. Amma aydındır ki, bu belə olmayacaq. Ortada Rusiya faktoru var. Rusiya tərəfini neytrallaşdırmadan Azərbaycan tərəfinin Ermənistan üzərində hər hansı qələbəsini proqnozlaşdırmaq mümkün deyildir. Təəssüflər olsun ki, son olaylar münaqişənin nizamlanması prosesində Rusiyanın daha güclü amilə çevrilməsinə səbəb oldu”.

Meydan TV

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s