“Cəbhə xəttində yaşayanlar üçün xüsusi status olmalıdır“

Dərc olunub 14 mart 2016 – Müəllif Meydan TV

https://www.meydan.tv/az/site/opinion/12730/“C%C9%99bh%C9%99-x%C9%99ttind%C9%99-ya%C5%9Fayanlar-%C3%BC%C3%A7%C3%BCn-x%C3%BCsusi-status-olmal%C4%B1d%C4%B1r“.htm

Cəsur Sümərinli: “İndiyədək təmas xəttinə yaxın yaşayanların fərdi təsərrüfatlarının qorunması istiqamətində hər hansı ciddi siyasət həyata keçirməyib”

Atəşkəsin tez-tez pozulması təmas xəttində yaşayan insanlara müxtəlif problemlər yaşadır. İndiyə qədər yüzlərlə insana zərər dəyib. Gülləyə tuş gələnlər içərisində həyatını itirən, yaralanan, əlil qalan və yaxud hər hansı bir formada ziyan görən insanlar var.  Məsələn, Ağdamın Mirəşirli kəndinin sakinlərigüllədən qorunmaq üçün əkin sahələrində hava qaralmamış işləyə bilmirlər.Ötən il açılan güllə nəticəsində Tərtərin Qapanlı kəndində yaşayan Xuraman Məmmədovanın ot tayası yanmış, traktor sürücüsü Namiq Əliyev isə sahədə işləyərkən ayağından yaralanmışdı. Bu yaxınlarda isə erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsinə Ağdamın Çıraqlı kənd sakini, 11-ci sinif şagirdi Coşqun Məmmədov qolundan və ayağından iki güllə yarası almışdı.

Bu insanlar səbəb olmadıqları müharibədən əziyyət çəkirlər.Savaş onların həyatını kökündən dəyişib. Artıq əvvəlki kimi qorxusuz deyillər. Bəs onları kim qorumalıdır?

Təmas xəttində yaşayan insanlara dəyən zərəri kim qarşılamalıdır?

Hərbi təhlilçi Cəsur Sümərinli deyir ki, bütün hallarda əhaliyə dəyən ziyanın iki təzminatçısı olmalıdır: taktiki (qısamüddətli) anlamda Azərbaycan dövləti, strateji (uzunmüddətli) anlamda isə Ermənistan dövləti. Ancaq bizdə bir az fərqlidir.

Gerçəklik necədir?

Ümumilikdə insanlara dəyən ziyanın qarşılanması ilə bağlı məsələnin dörd əsas tərəfi var: 1) qanunvericilik, 2) iqtisadi, 3) hərbi və 4) siyasi.

Ekspert bildirir ki, qanunvericilk tərəfi ilə bağlı məsələlər dövlətin sığorta-təzminat qanunvericiliyi siyasəti və eyni zamanda cəbhə xəttində yaşayanların xüsusi statusuna aid qanunlarla ilə müəyyən olunmalıdır:

“Amma bu istiqamətdə Azərbaycanda ciddi boşluq, sığorta siyasətində çatışmazlıq olduğundan müharibə (münaqişə, hərbi toqquşma) zonasında olan əhaliyə dəymiş ziyanın qarşılanması qaydası bəlli deyil. Eyni zamanda cəbhə xəttində yaşayanların xüsusi statusuna dair hər hansı qanunun olması barədə məlumat yoxdur”.

“Bu sahədə hər hansı əsaslandırılmış və çevik siyasət yoxdur”

Cəsur Sümərinli bildirir ki, dövlət münaqişə zonasında olan kənd təsərərüfatı və əhalinin şəxsi təsərrüfatı ilə bağlı məsələlərdə xüsusi siyasət yeritməlidir. Məsələn, əhali üçün təsərrüfat, heyvandarlıq məqsədilə başqa ərazilərin təklif və təşviq olunması və s.

cesur11

“Yəni düşmən snayperinin hədəfində olan ərazilərdə kənd təsərrüfatı, heyvandarlıq fəaliyyətinin dayandırılması və ya onun başqa ərazilərə köçürülməsi dövlətin iqtisadi siyasətinin tərkibinə daxil olmalıdır. Təəssüf ki, bu istiqamətdə də hər hansı əsaslandırılmış və çevik siyasəti müşahidə etmirik. Düzdür, təxminən 5 il öncə təmas xəttinin bəzi yerlərində qoruyucu divarların çəkilməsi prosesinə başlanılıb. Amma hesab edirəm ki, bu, çox yanlış addım idi və hər hansı ciddi səmərəsi olmadı”.

Məsələnin hərbi tərəfi ilə bağlı vəziyyətə gəldikdə isə ekspert bildirir ki, söhbət həmin təsərrüfatın düşmən gülləsindən qorunması yollarını tapmaq, eyni zamanda həmin təsərrüfatın ordunun ehtiyacları üçün istifadə olunmasından gedir. Lakin baş verən hadisələri təhlil edərkən görmək olar ki, ordunun insanların fərdi təsərrüfatlarının qorunması istiqamətdə konkret əsaslandırılmış və hamı tərəfindən daim əməl olunan hər hansı planı yoxdur:

“Misal üçün, düşmən snayperinin hədəfinə tuş gələn ərazilərin coğrafiyası hərbçilərdə olur və bu coğrafiyaya düşən ərazilərin təhlükəlilik dərəcəsi hazırlanmalı və bu barədə yerli icra hakimiyyətləri və bələdiyyələrlə iş bölgüsü olmalı və əhalinin daimi maarifləndirilməsi siyasəti həyata keçirilməlidir. Yəni hansı ərazidə nə zaman heyvan otarmaq olar, taxıl biçmək olar və hansı sahədə yox.  Bütün bunları biz bu gün görmürük”.

“Ortada bir Azərbaycan siyasəti olmalıdır”

“Məsələnin siyasi tərəflərini həll etmək isə dövlətin və onun aidiyyatı strukturlarının üzərinə düşür”, – deyir Cəsur Sümərinli. Bildirir ki, hər bir ziyan hadisəsi sənədləşdirilməli və müvafiq beynəlxalq təşkilatlara, hətta Avropa Məhkəməsinə göndərilməlidir:

“Məqsəd müvafiq təzminat tələb etmək, eyni zamanda da bununla da münaqişənin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq olmalıdır. Yəni ki, ortada bir Azərbaycan siyasəti olmalıdır. Bu gün bu istiqamətdə hər hansı tədbirlər varmı? Çox təəssüflər olsun ki, rəsmi Bakı bu istiqamətdə də aktiv deyil, indiyədək təmas xəttinə yaxın ərazilərdə yaşayanların fərdi təsərrüfatlarının qorunması istiqamətində hər hansı ciddi siyasət həyata keçirməyib”.

“Problemi İcra Hakimiyyəti və hərbi hissələr həll etməlidir”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Vaqif Dərgahlı bizimyol.info-ya bildirib ki, təmas xəttinə yaxın ərazilərdə yaşayan vətəndaşların problemini həmin ərazilərdəki yerli icra hakimiyyəti orqanları və yaxınlıqdakı hərbi hissələr həll etməlidir: “Bu, bizim işimiz deyil. Bizim işimiz ön xəttə olan mövqeləri möhkəmləndirmək və düşmənə qarşı cavab tədbirləri görməkdir. Digər işləri yerli icra hakimiyyəti orqanları və həmin ərazilərdə olan hərbi hissələr həll etməlidirlər”.

Xuraman Məmmədova

Xuraman Məmmədova

Başqa ölkələrdə necədir?

Cəsur Sümərinli deyir ki, dünyada hazırda uzunmüddətli müharibə aparan iki qonşu ölkə çox deyil. Bunların içərisində Rusiya – Gürcüstan və İsrail – Fələstin münaqişələrini ayırmaq olar.

“Rusiya – Gürcüstan münaqişəsi 2008-ci ildən başlayır və nisbətən yenidir. Gürcüstanda Rusiya ilə münaqişənin insanlara ziyanının azaldılması, onlara dəyən zərərin kompensasiyası və s. ilə ən azı 5 nazirlik məşğul olur. Onlar arasında Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi, İşğal Olunmuş Ərazilərdən olan Köçkünlərin Müvəqqəti Yerləşdirilməsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Gürcüstanda Barış və Vətəndaş Bərabərliyi Nazirliyi var (State Ministry for Reconciliation and Civic Equality of Georgia, Ministry of Regional Development and Infrastructure of Georgia, Ministry of Internally Displaced Persons from the Occupied Territories, Accommodation and Refugees of Georgia, Ministry of Agriculture of Georgia, Ministry of Economy and Sustainable Development. Gürcüstanda son illərdə dövlətin sığorta siyasətində xeyli irəliləyişlər müşahidə olunur. Təmas xəttinə yaxın yerlərdə yaşayanlarla daim maarifləndirmə işi aparılır. Beləliklə, indiyə qədər hər hansı ciddi problem ortaya çıxmayıb”.

Ekspert bildirir ki, İsrail-Fələstin münaqişəsindən isə bir çox məqamları misal çəkmək olar. Məsələn, İsrail qanunvericiliyinə görə, Fələstinlə təmas xətti xüsusi fövqəladə müdafiə ərazisi hesab olunur. Bu xətdə bütün fəaliyyətlər yalnız və yalnız Müdafiə Nazirliyinin nəzarəti altında baş verir:

“Müdafiə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi cəbhə xəttində yaşayan əhaliyə torpaqdan istifadə icazəsi verə, eyni zamanda torpaqdan istifadəni qadağan edə bilər. O ki qaldı insanların fərdi təsərrüfatlarına dəyən ziyana, bunu dövlət qısa zaman kəsiyində qarşılayır”.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s