Hərbi məktəblərin ləğvinin pərdəarxası: Azərbaycan dəniz və hava sərhədlərini Rusiyaya etibar edir? – MÜSAHİBƏ

Məlum olduğu kimi prezident İlham Əliyev dekabrın 24-də Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulur.

xezer

Sözügedən sərəncamın səbəbləri və perspektilərinin nədən ibarət olması barədə Moderator.az-ın suallarını „Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli cavablandırıb.

  • Əvvəlcədən bildirim ki, prezidentin bu sərəncamını kökündən yanlış hesab edirəm. Fikrimcə, bu məktəbləri ləğv etmək əvəzinə Dövlət Sərhəd Xidməti, keçmiş Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və bu kimi s. qurumların nəzdində yaradılmış hərbi təhsil müəssisələrini ləğv edib onları müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbinə, Ali Hərbi Təyyarəçilik Məktəbinə və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə birləşdirmək lazım idi. Hesab edirəm ki, bu, 3 hərbi məktəb, Azərbaycanda hərbi təhsil sisteminin özəyi olmalı idi. Çünki, hər üç hərbi məktəb özünün səçiyyəvi əhəmiyyəti ilə Azərbaycanın milli təhlükəsizlik sisteminə sıx şəkildə uzlaşır.

Prezidentin sərəncamında bildirilir ki, prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Müdafiə Nazirliyi sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətini təkmilləşdirmək məqsədilə belə qərar verib. Amma mən hesab edirəm ki, bu sərəncamın verilməsinin üç əsas səbəbi var:

  • Neft gəlirlərinin ciddi şəkildə azalması səbəbindən ixtisarlar, büdcə vəsaitlərinə qənaət edilməsi;
  • İllərdir hərbi məktəblərə, o cümlədən artıq ləğv edilmiş hərbi məktəblərə tələbə qəbulu prosesində çox ciddi problemlərin yaranması, sadə dillə desək, kursant çatışmazlığı;
  • Rusiyanın davamlı təsir və təzyiqi nəticəsində Silahlı Qüvvələrin struktur olaraq yenidən qurulması planı çərçivəsində NATO və ABŞ-la Hərbi Dəniz və Hərbi Hava Qüvvələri üzrə mövcud olan uzunmüddətli əməkdaşlığı tam dayandırmaq və s.

xezer

Mövcud proseslər onu göstərir ki, sözügedən sərəncam Azərbaycanın hərbi-siyasi yönümünü Rusiyaya doğru istiqamətləndirmək siyasəti çərçivəsində atılan növbəti addımdır. Böyük ehtimalla Ali Hərbi Məktəb sistemində mövcud olmuş və əsasən də Türkiyəli zabitlərin gərgin əməyi, təcrübəsi nəticəsində yaradılmış NATO standartlarına uyğun bəzi nizamnamə və qanunvericilik sənədləri yenidən dəyişdiriləcək və bu zaman biz “Azərbaycana standartları”na uyğun işlərin aparılması barədə bəyanatlar eşidəcəyik, amma böyük ehtimalla, Rusiyanın Azərbaycanın hərbi təhsilinə təsirinin daha da güclənməsini görəcəyik.

Ümumilikdə, Azərbaycanda hərbi təhsil sistemində vəziyyət bərbad idi, amma fikrimcə, bundan sonra daha da bərbad olacaq. Çünki, ölkənin müxtəlif sahələrində olduğu kimi, hərbi kadrlarla bağlı siyasətində də hər hansı ciddi strateji baxışları yoxdur. Bu gün Azərbaycanda Silahlı Qüvvələrin kadr ehtiyacını ödəmək üçün fəaliyyət göstərən xeyli sayda qurumlar, təhsil müəssisələrinin mövcudluğu səbəbindən prezidentin imzaladığı sərəncam faktiki olaraq hər hansı ciddi dəyişikliyə gətirməyəcək. Bildirim ki, indiyə qədər mövcud olmuş Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa Ali Hərbi Məktəb, Hərbi Akademiya, Naxçıvan Ali Hərbi Məktəbi, Təlim və Tədris Mərkəzi, Orta Hərbi Tibb Məktəbi, Cəmşid Naxçıvanski adına hərbi litsey və onun Naxçıvan filialı, Çavuş Hazırlığı, Gizirlər və Feldşerlər məktəbləri fəaliyyət göstərir.

  • Gəlin, sıra ilə başlayaq. Əvvəlcə ixtisarlardan və bununla büdcə vəsaitlərinə qənaət olunması məqsədindən danışaq. Büdcəyə nə qədər qənaət oluna bilər?
  • Bu istiqamətdə konkret rəqəmlər demək çətindir. Amma təxmini olaraq ortaya müəyyən ehtimalları qoymaq olar. Başlayaq Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən. Müxtəlif məlumatlara görə, sərəncama qədər bu məktəbdə 5 hərbi və 1 mülki kafedrada 21 ixtisas üzrə zabit kadrları hazırlığı həyata keçirilir. Ortalama, məktəbdə, 50-yə yaxın zabit heyəti, 20-dən artıq gizir və onlarla müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu xidmət edib. Ali Hərbi Təyyarəçilik Məktəbinə gəldikdə isə, burada 6 hərbi və 1 mülki kafedranın olduğu, 25 ixtisas üzrə zabit kadrlarının hazırlandığı ilə bağlı müxtəlif məlumatlar var. Ümumilikdə, isə bu məktəbdə 100-dən artıq zabit, gizir və MAHXQ çalışıb. Eyni zamanda hər iki məktəbdə onlarla mülki şəxs, o cümlədən müəllimlər çalışıblar. Beləliklə, sözügüdən iki məktəbdə birlikdə 200-dən artıq hərbi və onlarla mülki şəxs çalışıb. Onlara illik ortalama ödəmə (əmək haqqı, geyim, yemək, məzuniyyət və s.) 3 milyon manatdan artıqdır. Amma bu heç də əsas göstərici deyil. Əsas göstərici məktəbdə təhsil alan kursantların sosial təminatına (yemək, geyim, təqaüd və s.) edilən ödəmələrdir. Bu göstərici illik olaraq 10 milyonlarla manat hesablanıla bilər. Amma bu heç də son deyil. Məktəb binalarının saxlanılmasına, texniki təminat və s. ayrılan vəsait də milyonlarla manat olub. Beləliklə, təxmini hesablamalara görə, bu məktəblərin illik saxlanılması dövlətə ümumilikdə 40-50 milyon manata başa gəlib. İndi, bu iki məktəbin yerində Azərbaycan Ali Hərbi Məktəbində müxtəlif kafedralar yaradırlar ki, bu da məntiqlə qəbul edilən kursantların sayının dəfələrlə azaldılması (onsuz da, son 10 il ərzində hakimiyyətin bu istiqamətdə çox ciddi problemləri vardı), nəticədə bu istiqamətə yönəldilən dövlət vəsaitinin təxminən 60-70 faiz azaldılması olacaq. Amma bu effektli olacaqmı? Təəssüf ki, buna inanmıram, çünki, qeyd etdiyim kimi, kompleks tədbirlər planı, strateji baxışlar ortada yoxdur. Eyni zamanda əgər, Azərbaycan hərbi-siyasi rəhbərliyi hər il silahlanmaya ortalama 1 milyard manat vəsait xərcləyirsə, o zaman belə cüzi göstəricilər hər hansı qənaət hədəfi olmayacaq. Lazımdır ki, məhz korrupsiya hədəfi olan məqsədlərə, o cümlədən silahlanmaya ayrılan vəsaitlərin ixtisarı aparılsın.
  • Kursant çatışmazlığı məsələsinə toxundunuz. Niyə görə bu problem yaranmışdı?
  • Təkcə ləğv edilən iki məktəbə deyil, eyni zamanda Müdafiə Nazirliyinin əsas təhsil müəssisəsi olan Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulunda 10-12 ildir ki, çox ciddi problemlər yaşanır. Bunun əsas səbəbi Silahlı Qüvvələrdə xidmətin cəlbedici olmaması, zabitlərin sosial təminatının yetərincə olmamasıdır. Bu gün Azərbaycan zabitinin məvacibi çox aşağıdır və son 2-3 il ərzində hərbi qulluqçuların sosial təminatında hər hansı artım, o cümlədən məvacib artımı baş verməyib. 2015-ci ildə manatın iki dəfə devalvasiya edilməsindən sonra görünən odur ki, hərbi qulluqçuların məvacibləri ən azı 50 faiz dəyərini itirib. Daha bir problem hərbi təhsil sistemində ciddi problemlərin olmasıdır. Zaman-zaman korrupsiya və rüşvətxorluq barədə məlumatlar mətbuatda işıq üzü görüb. Vaxtilə, konkret olaraq 1997-ci ildə NATO ölkələri, xüsusilə də Türkiyə Azərbaycan hərbi təhsil sistemində çox səmərəli, gələcəyə hesablanmış bir fəaliyyət çərçivəsi yaratmışdılar. Bu sistemin ilk məzunları 2001-ci ilin buraxılışı olan kursantlar oldular. Növbəti 2-3 ildə – 2002-2004-cü illərdə də NATO standartlarına uyğun təhsil almış kursantlar Silahlı Qüvvələrə ayaq açdılar. Beləliklə, Azərbaycan hərbiyyəsi bu kursantların çiynində olmalı idi. Amma təəssüflər olsun ki, keçmiş müdafiə naziri Səfər Əbiyevin idarəetmə üslübu bu zabitləri sözün məcazi mənasında darmadağın etdi. Həmin zabitlərin əksəriyyəti müxtəlif təzyiqlər ucbatından orduda xidmət etməkdən imtina etdilər, hazırda onlar ya müxtəlif qeyri-hərbi işlərdə çalışırlar, ya da işsizdirlər. Bəziləri isə ölkəni tərk ediblər. Siz bir baxın, bu gün Azərbaycan Silahlı Qüvvələrinin nəinki rəhbərliyində, eləcə də korpuslar səviyyəsində NATO standartlarına uyğun təhsil almış zabitlər yoxdur, siz onları heç briqada rəhbərliyində də görməzsiz. 10-12 il bundan öncə mən mətbuatda “Azərbaycan ordusunda NATO-Rusiya müharibəsi” mövzusunda yazılar yazırdım. Həmin məqalələrdə bildirirdim ki, Azərbaycan Ali Hərbi Məktəblərində və eyni zamanda NATO ölkələrində, xüsusilə də Türkiyədə NATO standartlarına uyğun təhsil almış zabitlərimiz Azərbaycan Silahlı Qüvvələrində ciddi şəkildə sıxışdırılır. Niyə görə? Ona görə ki, onlar rüşvətə, korrupsiyaya qarşı idilər, onlar həddən ziyadə vətənpərvər idilər, onlar əsgərlərlə qardaş, dost münasibətində idilər, onlar bilirdilər ki, ordunu necə idarə etmək olar və s. Səfər Əbiyev aşkar olaraq bu tip zabitlərə qarşı idi və öz fikrini siyasi hakimiyyətin qarşısında belə əsaslandırırdı ki, həmin zabitlər həddən ziyadə demokratikdirlər və prerzident və parlament seçkiləri zamanı əsgərləri “hakimiyyətin namizədinə səs verməyə” çağırmırlar. Bu istiqamətdə xeyli danışmaq olar… Təəssüf ki, o zamankı “müharibə” Azərbaycan Müdafiə Nazirliyindəki sovet qafalıların “qələbəsi” ilə bitdi və NATO standarlarına uyğun təhsil almış zabitlər demək olar ki, ordudan qovuldular. Həmin dövrdə Azərbaycan Ali Hərbi Məktəblərində çalışan Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri (onların sayı 50-dən artıq idi) Azərbaycanı tərk etməyə məcbur edildilər. Bir müddət sonra onlar yenidən Azərbaycana dəvət edildilər. Amma bui dəfə onların sayı çox az idi. Hazırda isə müxtəlif məlumatlara görə, Ali Hərbi Məktəbdə cəmisi bir neçə türkiyəli hərbçi çalışır. Bu kimi problemlər, hərbi təhsil sistemində qanunsuzluqlar, kursantların qeyri-insani münasibətlərə, hərəkətlərə cəlb olunması, onlardan rüşvət tələb olunması və s. ölkə gənclərində sözügedən məktəblərdə təhsil almaq və zabit peşəsinə yiyələnmək marağını tam öldürdü. Təəssüflər olsun ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra da bu istiqamətdə böhran davam edir, hər hansı irəliləyiş yoxdur.

Son 10 ilin rəsmi məlumatları onu göstərir ki, savadlı gənclərin Ali Hərbi məktəblərə sənəd verməsi, nəticədə kursant olması faktı hər il azalır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqlamalarında aydın göstərilir ki, məsələn, əgər mülki təhsil müəssisələrinə minimum qəbul balı 250-dirsə, hərbi təhsildə bu 200-dür. Müxtəlif məlumatlara görə, hətta 150 balla da hərbi təhsilə qəbul edilənlər olur. Bütün bunlardan sonra, Ali Hərbi Təhsil Müəssisələrinin qəbul planının 100 faiz dolması da şübhə doğurur. Beləliklə, Azərbaycanda hərbi-siyasi sistemin yürütdüyü səhv siyasət ucbatından, hərbi sahədə strateji baxışların olmaması səbəbindən savadlı gənclər mülki ali təhsil müəssisələrini seçirlər, nizbətən az savadlı gənclər isə hərbi təhsil müəssisələrinə qəbul edilir.  Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalında olduğu bir zamanda bu, dövlətçiliyimiz, milli təhlükəsizliyimiz üçün çox ciddi bir bəla hesab olunmalıdır.

  • Bunun həlli yolu varmı? Ölkəni bu bəladan necə xilas etmək olar?
  • Qeyd etdiyim kimi, məktəbləri ləğv etməklə və ya birləşdirməklə, eyni zamanda yenisini yaratmaqla qeyd edilən problem həll etmək mümkün olmayacaq. Azərbaycanda ordu quruculuğuna yanaşmanı kompleks dəyişdirmək lazımdır. Bir vaxtlar Sövetlər Birliyində əsas şüar olan “hərbi xidmət – vətənə borc” düşüncəsindən nəhayət, qurtulmaq lazımdır. Müasir standartlarda, demokratiyada, insani münasibətlərdə hər bir şey qarşılıqlıdır, o cümlədən orduda xidmət də. Vətəndaşın vətənə borcu varsa, vətənin də mütləq vətəndaş qarşısında öhdəlikləri olmalıdıır. Əgər zabit ömrünü orduda xidmətə sərf edirsə, o zaman dövlət də həmin zabitin bütün ehtiyaclarını (sosial, tibbi, mədəni və s.) qarşılamağa borcludur. Yoxsa zabit və gizirlərə kirayə qalmaq üçün aylıq 50 manat pul verilməsi sadəcə biabırçılıqdır. Onlara verilən məvacib, məzuniyyət pulu və s. çox aşağıdır. Silahlı Qüvvələr mütləq və mütləq müqaviləli əsasda olmalı, zabit və gizirlərlə yanaşı əsgər və çavuşların hüquqları da qorunmalıdır. Azərbaycan Silahlı Qüvvələrində hazırda olduğu qədər şəxsi heyətə ehtiyac yoxdur. Heyətin ən azı 50 faizi ixtisar olunmalı, yerdə qalanları ciddi peşəkarlardan ibarət olmalıdır. Ehtiyat qüvvələrin real hazırlıq prosesi başlamalıdır.
  • Qeyd etdiniz ki, prezidentin imzaladığı sərəncamın səbəblərindən biri Rusiyanın təzyiqi nəticəsində NATO və ABŞ-la Hərbi Dəniz və Hərbi Hava Qüvvələri üzrə mövcud olan uzunmüddətli əməkdaşlığı dayandırmaq ola bilər. Nə üçün bu fikirdəsiniz?
  • Bu çox ciddi məsələdir. Yenə də qeyd edirəm ki, fikrimcə, böyük ənənələri olan Ali Hərbi Dənizçilik Məktəbinin və eyni zamanda Ali Hərbi Təyyarəçilik Məktəbinin ləğv edilməsi çox yanlış addımdır. Olsa-olsa Ali Hərbi Təyyarəçilik Məktəbinin adını dəyişib Hərbi Hava Qüvvələri Məktəbi adlandırmaq və Hava Hücumundan Müdafiə komponentini buraya birləşdirmək lazım idi. Azərbaycan elə bir geosiyasi mövqedə yerləşib ki, onun daima 3 qoşun növünə – hərbi dəniz, hərbi hava və quru qoşunlarına ehtiyacı olacaq. Qeyd edilən hər 3 istiqamətdə Azərbaycanın daim təhlükəsizlik problemləri olub və gələcəkdə də olacaq.

Bildirim ki, Ali Hərbi Dənizçilik Məktəbində nəinki Azərbaycanın ehtiyacları üçün, eyni zamanda indiyə qədər 40-a yaxın ölkə üçün 6 min nəfərdən artıq təcrübəli dənizçi zabit yetişdirlib. Bu tədris müəssisəsinin gücləndirilməsi istiqamətində NATO-nun və Birləşmiş Ştatların, eyni zamanda Türkiyə Müdafiə Nazirliyinin xüsusi dəstək proqramları olub. Nəticədə, bir neçə il öncəyə qədər Azərbaycan Xəzərdə hərbi müşahidə imkanları baxımından az qala Rusiya ilə eyni səviyyəni bölüşürdü. Birləşmiş Ştatların Avropa Komandanlığının (EUCOM) davamlı dəstəyi nəticəsində Azərbaycanın dənizçi zabitləri üçün müasir xidmət, təcrübə imkanları yaradılmışdı. Eyni məsələləri Azərbaycanın Hərbi Hava Qüvvələri barəsində də demək mümkündür. ABŞ, Türkiyə və ümumilikdə NATO bu istiqamətdə çox aktiv idilər. Bu ölkələrin dəstəyi ilə Azərbaycanın xeyli sayda hərbi hava insfrastrukturunun, xüsusilə də Hərbi Hava limanlarının modernləşdirilməsi, Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələrinin texniki bazasının modernləşdirilməsi istiqamətində müəyyən ciddi addımlar atılmışdı, nəticədə isə, Azərbaycan HHQ faktik olaraq işğalçı Ermənistan SQ üçün əsas başağrısına çevrilmişdi. Amma təəssüflər olsun ki, hər iki qoşun növündə rüşvət hallarının, eləcə də sözügedən hərbi məktəblərdə qanunsuzluqların baş verməsi barədə iddialar Azərbaycanda son dərəcədə müasir HHQ və HDQ-nin qurulması perspektivini əngəllədi.

Son bir neçə il ərzində isə Azərbaycanın ABŞ və NATO ilə hərbi-siyasi əməkdaşlığında müəyyən problemlər yaşanır. Nəticədə Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin yenilənməsinə, inkişafına yönəlik bir sıra proqramlar ya dondurulub, ya da ümumiyyətlə, ləğv edilib. Bu dövrdə isə Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığının güclənməsini, Rusiyanın hərbi məktəblərində Azərbaycan Silahlı Qüvvələri, xüsusilə də Hərbi Hava Qüvvələri üçün kadrların hazırlanmasını, Azərbaycanın Rusiyadan dəyəri milyardlarla dollar ölçülən silah və hərbi texnika aldığını görürük. Rusiya açıq aşkar bəyan edir ki, Xəzərdə hər hansı 3-cü ölkənin hərbi-siyasi fəaliyyəti yolverilməzdir. Nəticədə, ABŞ Avropa Komandanlığının Azərbaycan Hərbi Dəniz Qüvvələrinə və eyni zamanda Hərbi Hava Qüvvələrinə dəstək proqramı tam dayandırılıb. Bu məsələdə konkret olaraq Rusiyanın rəsmi Bakıya təzyiq və təsiri hiss olunur.

Fikrimcə, Ali Hərbi Dənizçilik Məktəbinin və eyni zamanda Ali Hərbi Təyyarəçilik Məktəbinin ləğv edilməsi və onların kiçik bir fakültəyə çevrilməsi Rusiyanın regionda hegemonluq etmək iddiasının gerçəkləşməsi nəticəsində də baş verə bilər. Fikrimcə, bu addım, Azərbaycanın siyasi hakimiyyəti üçün Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin əvvəlki əhəmiyyətini itirməsi kimi də yozula bilər. Mümkündür ki, Azərbaycanın hərbi təhsil sisteminin, ümumilikdə Silahlı Qüvvələrin strukturunun Rusiya tərəfinin təsir və təzyiqinə uyğun olaraq yenidən qurulması prosesi başlanılıb. Əgər belədirsə, bu, çox qorxulu tendensiyadır. Çünki ehtimal edilə bilər ki, rəsmi Bakı Xəzərdə və ümumilikdə havadan müdafiəyə ehtiyac görmür və bu istiqamətdə Rusiyaya arxalanmağa başlayır. Xəzərdə davamlı Rusiya-Azərbaycan hərbi görüşmələri, təlimlər, eyni zamanda MDB çərçivəsində hava hücumuna qarşı vahid müdafiə sisteminin yaradılacağı barədə bəyanatlar bu ehtimalı gücləndirir. Doğrudanmı, Azərbaycan dəniz və hava sərhədlərinin qorunmasını tədricən Rusiyaya etibar edir? Bu ehtimal ortaya çıxır və zənnimcə, rəsmi Bakı sualları cavanlandırmalıdır.

http://www.moderator.az/news/113472.html

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s