TMS: ŞTAT-STRUKTUR İSLAHATLARI VƏ MÜLKİLƏŞMƏ

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun həyata keçirdiyi “Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr) üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb.

TMS: ŞTAT-STRUKTUR İSLAHATLARI VƏ MÜLKİLƏŞMƏ

Son iki il ərzində Azərbaycan Müdafiə Nazirliyində xeyli sayda vətəndaşın MAHXQ (müddətdən artıq hərbi xidmət qulluqçusu), aşbaz, texnik və sürücü kimi vəzifələrə qəbulu həyata keçirilir. Qeyri-rəsmi məlumatlara görə, indiyədək 4 min nəfərdən artıq vətəndaş hərbi bissələrdə MAXHQ kimi müxtəlif vəzifələrə təyin olunub. Bununla yanaşı 2 min nəfərə yaxın mülki şəxs isə aşbaz, sürücü və texnik kimi müxtəli mülki vəzifələrə təyin olunub. Bütün bunlar müsbət hesab olunsa da, amma əslində Silahlı Qüvvələrdə ştat-struktur islahatları və mülkiləşmə daha ciddi, daha geniş miqyaslı dəyişiklikləri nəzərdə tutmalı idi.

Xatırladaq ki, Azərbaycanın NATO ilə razılaşdırdığı Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (IPAP) birinci və ikinci mərhələlərində (2005 və 2008-ci illər) rəsmi Bakı müdafiə büdcəsinin şəffaflığı, mülki demokratik nəzarət məsələləri ilə yanaşı Azərbaycanın Müdafiə Nazirliyində mülkiləşmə prosesinə başlamaq kimi öhdəlik də götürmüşdü. Bir sıra məlumatlara görə, ilkin dövrlərdə Azərbaycan hakimiyyəti müdafiə nazirinin mülki şəxs olmasına dair öhdəliyə də razılıq vermiş, sonra isə müəyyən səbəblərdən bu fikrindən daşınmışdı. O zaman bir sıra rəsmilər bunu ölkənin ölkənin Ermənistanla müharibə şəraitində olması ilə əlaqələndirirdi.

Mülkiləşmə necə olmalı idi? İslahat sənədinə əsasən Müdafiə Nazirliyində struktur islahatları tamamlanmalı, islahatlar nəticəsində nazirliyin bəzi strukturlarının rəhbərlərinin mülki şəxslərdən təyin olunması prosesi başa çatmalı idi. İslahatlar nəticəsində Müdafiə Nazirliyinin strateji planlaşdırma ilə məşğul olan şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi vacib olmalı idi. İPAP-da Azərbaycanın qarşısına qoyulan məqsədlərdən biri belə idi: Müdafiə Nazirliyinin struktur baxımdan dəyişdirilməsi, mülki şəxsin MN aparatına cəlb olunması. Silahlı Qüvvələrin şəxsi heyətin ixtisarı prosesinin aparılması, mülki heyətlə əvəz oluna biləcək vəzifələrin müəyyən edilməsi, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin və əlavələrin edilməsi.

Amma təəssüflər olsun ki, rəsmi Bakı nəinki bu islahatlara getmədi, əksinə reallaşdırdığı bir sıra addımlarla Müdafiə Nazirliyində mürrəkkəb idarəetmə aparatı yaratdı, mülkilər isə yüksək idarəetmə vəzifələri əvəzinə aşbaz, texniki işçi, sürücü vəzifələrinə təyin olundular.

Nəzərə alınmalıdır ki, 2007-ci ildən etibarın Azərbaycan Silahlı Qüvvələrinin aşağı səviyyələrində (tabur – briqada – korpus) ştat-struktur islahatlarının həyata keçirilməsinə başlanıldı, həmin islahatlar nəticəsində orduda idarəetmə qaydalarında bir sıra dəyişikliklər həyata keçirilib: komandirin maddi-texniki təminat (MTT) və tərbiyəvi işlər üzrə müavini vəzifələri ləğv edildi. MTT və tərbiyəvi işlər üzrə məsul zabitlər komandirin müavininin – qərargah rəisinin köməkçiləri təyin olundular. O zaman cəmiyyətdə Müdafiə Nazirliyinin rəhbər strukturlarında NATO standartlarına uyğun ştat-struktur islahatlarının keçiriləcəyinə ümid olsa da, hakimiyyət 2009-cu ilin sonu, 2010-cu ilin əvvəllərində ümumiyyətlə, bu prosesi dayandırdı. Düzdür, 2009-cu ilin ortalarında Müdafiə Nazirliyinin mərkəzi aparatında və Silahlı Qüvvələrin Baş Qərargahında bir sıra ştat-strukltur islahatları aparıldı, departamentlər formatında yeni idarələr yaradıldı Amma bu islahatlar İPAP-da əksini tapan əsas hədəflərin reallaşması ilə nəticələnmədi: Müdafiə Nazirliyi Baş Qərargahdan ayrılmadı, Müdafiə Nazirliyinin strateji planlaşdırma ilə məşğul olan şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi prosesi həyata keçirilmədi.

2014-cü ilin əvvəllərində isə yeni müdafiə naziri komandirin tərbiyəvi işlər üzrə müavini vəzifəsi yenidən bərpa etdi. Sözsüz ki, bu qərar ziddiyyətli idi və o zaman bu addımın “əsgər ölümlərinin qarşısını almaq üçün” atıldığına dair qeyri-rəsmi məlumatlar olsa da, Silahlı Qüvvələrdə əsgər ölümlərinin statistikası həmin dəyişikliyin müsbət nəticələrə gətirmədiyini göstərdi.

Beləliklə, nəzəri baxımdan Azərbaycanda hələ də müdafiə naziri aparatının baş qərargah üzərində hərtərəfli dominantlığı davam edir – bu dominantlıq zaman-zaman maraq toqquşmaları ilə müşayiət olunur. Halbuki dünyada müasir ordu quruculuğu praktikasında qeyd edilən iki strukturun fəaliyyətləri toqquşmur, əksinə bir-birini tamamlayır.

Milli Təhlükəsizlik Nazirliyində baş verən son olaylardan sonra bu qurumun mövcud ştat-strukturunun fəaliyyətində problemlər və ziddiyyətlər ortaya çıxıb. Qurumda xeyli sayda bir-birini təkrarlayan bölmələr və lazımsız strukturlar mövcuddur. Eyni zamanda MTN aparatının və hərbi tərkibinin qarşılıqlı münasibətlərini tənzimləyən yeni qanunvericilik sənədlərinin qəbul olunması vacib görünür.

Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə gəldikdə isə, bir məqam diqqəti çəkir. 2009-cu ildə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bəyan etmişdi ki, „əsas hədəflərdən biri müqaviləli heyətin say tərkibini artırmaqla islahatlar yolu ilə 2015-ci ilin sonunadək DSX-nin hərbi strukturdan hüquq-mühafizə qurumuna keçirilməsidir“.

2015-ci ilin sonuna bir aydan bir az artıq müddət qalıb. Müşahidələr göstərir ki, bəyan edilən vəd yerinə yetirilməyib: nə müqaviləli heyətin say tərkibində ciddi artım var, nə də qurum hərbi strukturdan hüquq-mühafizə orqanına keçib.

Daxili Qoşunların hərbi qurumdan hüquq-mühafizə qurumuna keçirilməsi ilə bağlı vədlər çoxdan səslənsə də, hələlik bu istiqamətdə hər hansı addımlar atılmayıb.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s