TMS: İNSAN HAQLARI və SOSİAL RİFAH PROBLEMLƏRİ

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun həyata keçirdiyi “Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr) üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb.

TMS: İNSAN HAQLARI və SOSİAL RİFAH PROBLEMLƏRİ

Mətbuatın təhlili göstərir ki, rəsmilər, xüsusilə də TMS-dəki strukturları təmsil edənlər hərbi qulluqçuların hüquqlarının müdafiəsinin və onların sosial təminatının yüksək olduğunu bəyan edirlər. Hərbi prokuror Xanlar Vəliyevin dərc olunmuş məqaləsində qeyd olunur ki, “Son illərdə hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində üzərinə düşən vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması istiqamətində məqsədyönlü qabaqlayıcı tədbirlərin görülməsini təmin edib. Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalıb. Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çox şaxəli tədbirlərin, eləcə də cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olub”.

Amma həyata keçirdiyimiz araşdırmalar göstərir ki, qeyd edilən istiqamətlərin hər biri üzrə ciddi problemlər qalmaqdadır. Mətbuatda TMS-də təmsil olunan sturkturlarda insan haqlarının, onların hüquq və azadlıqlarının pozulması ilə bağlı yüzlərlə məqalə dərc olunmasına baxmayaraq, həmin problemlərin həlli istiqamətində hər hansı rəsmi tədbirlərin görüldüyü bəlli deyil. Bunu təsdiqləyəcək bir hal son zamanlar Milli Təhlükəsizlik Nazirliyi ilə bağlıdır. Bu qurumda təmsil olunan general və polkovniklərin törətdikləri cinayətlər, qanunsuzluqlar barədə mətbuatda dəfələrlə məqalələr dərc olunmasına baxmayaraq onlarla bağlı dövlət qurumlarının, eyni zamanda Hərbi Prokurorluğun fəaliyyəti gözə dəyməyib.

Eyni zamanda media hərbi xidmətə çağırış sistemindəki qanunsuzluqlar, hərbi hissələrdə rüşvət və korrupsiya halları barədə xeyli məqalə dərc etsə də, bu hallara qarşı hər hansı tədbir görüldüyü barədə məlumat yoxdur. Müşahidə olunan vəziyyət ondan ibarətdir ki, Hərbi Prokurorluq orqanları əksər hallarda cinayətləri gizlətməklə məşğul olublar.

2015-ci ildə mediada TMS ilə bağlı dərc olunan məqalələrin monitorinqi göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçuların hüquq və azadlıqlarının qorunması ilə bağlı ciddi problemlər qalmaqdadır.

Araşdırmalar göstərir ki, Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda aşağıdakı sosial rifah problemləri mövcuddur:

–         Məvaciblər aşağıdır (istehlak səbətinə və yaşayış minimumuna uyğunluğu şübhə doğurur), xüsusuilə də 2015-ci ildə manatın devalvasiyasından sonra hərbi qulluqçuların məvaciblərinin dəyəri aşağı düşüb;

–         Müdafiə və təhlükəsizlik sektorunda çalışanların həyat keyfiyyətini müəyyən edən məsələlər (qida, geyim, mənzil, mənzil avadanlığı və s) nəzərə alınmır;

–         Hərbi qulluqçulara xidmət dövründə mənzil kirəsi üçün verilən aylıq məbləğ çox aşağıdır və bu reallığı əks etdirmir. Eyni zamanda hərbi qulluqçulara qidalanma üçün aylıq verilən vəsait də yaşayış minimumundan çox aşağıdır;

–         Hərbi qulluqçuların aulələrinin və övladlarının təminatı ilə bağlı ciddi problemlər mövcuddur.

Son zamanlar mətbuat hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət  müddətinin gözlənilən artımı ilə bağlı məqalələr dərc edir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev noyabrın əvvəllərində bildirib ki, hazırda Silahlı Qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir. O bunu “islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilərin, o cümlədən ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyi” ilə əsaslandırıb. “Təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək və onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcəkdir. Buna görə də təyin olunmuş pensiyaların gələcəkdə məbləğinin dəyişməsi barədə narahatçılığa heç bir əsas yoxdur”, – deyə o bildirib.

Mətbuat (Faktxeber.com) həmin dəyişikliyin nəzərdə tutulduğu qanun layihəsini dərc edib. Məlumatda bildirilir ki,  bu məsələ Elman Mehdiyevin dediyi kimi nəzərdən keçirilmir. Artıq qanun layihəsi hazırlanıb və baş nazir Artur Rəsizadəyə təqdim olunub. Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin imzaladığı, Dövlət Sosial Müdafiə Fondunun Aparatının Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevin əsaslandırması ilə Artır Rəsizadəyə təqdim edilən “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihənin yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir.

Dəyişiklik nədən ibarətdir? Qanunun 9.4.1-ci maddəsində deyilir ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyasına çıxa bilər. Yeni redaktədə isə 25 il artırılaraq 35 ilə çatdırılıb. 9.4.2-ci maddədə isə bildirilir ki, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyası hüququ var. Dəyişiklikdə isə 25 il artırılaraq 35 ilə, 12 il 6 ay isə 17 il 6-aya çatdırılıb.

Qanunun 9.5.1-ci maddəsində isə deyilir ki, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş qulluqçular əmək pensiyasına çıxa bilər. Dəyişiklikdə isə 20 ilin 10 də artırılması təklif olunur.

Həmçinin qanunun 9.5.2-ci maddəsində hərbi xidmətdən yaşa görə buraxılmış, 25 ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçmiş şəxslərin əmək pensiyasına çıxmaq hüququ var. Yeni redaktədə isə 25 il 30 il, 12 il 6 ay isə 15 il edilib.

Qanunun 9.7-1-ci maddəsində deyilir ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri əmək pensiyasına çıxa bilər. Dəyişikliyə görə isə qulluq stajı 35 il olmalıdır.

Miqrasiya və fövqəladə hallar orqanlarında çalışanların da qulluq stajı 25 ildən 35 ilə qaldırılıb.

Bundan başqa qanunun 20.8.1-ci maddəsində göstərilir ki, prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiya verilə verilə bilər. Dəyişikliyə görə isə orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiya almaq üçün 15 il prokurorluq orqanlarında çalışmalısan.

20.8.2-ci maddədə isə bildirilir ki, prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçiləri orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiya ala bilər. Bu maddə yeni redaktədə belə verilib: “Prokurorluq orqanlarında 15 ildən 20 ilə qədər qulluq etmiş prokurorluq işçiləri orta aylıq əmək haqqının 45 faizi miqdarında, 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablamaqla) üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla”.

Bununla da belə görünür ki, Azərbaycan hakimiyyəti Silahlı Qüvvələrin şəxsi heyəti – xüsusilə də gizir və zabitlər üçün ciddi xoşagəlməz bir sürpriz hazırlayır. Araşdırmalar göstərir ki, hərbi qulluqçuların pensiyaya çıxma yaşının 25 ilə çatdırılması ideyası Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçuların hüquqlarının ciddi şəkildə pozulması mənasını verir. Belə ki, qeyd edilən açıqlama təxminən 1995-ci ildən bu yana Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə xidmətlərini davam etdirən on minlərlə hərbçilərin maraqlarının əksinə yönəlik çox ciddi perspektivləri ortaya qoyur. Silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddəti 25 ilə çatdırılarsa bu o deməkdir ki, onlara 20 illik xidmətlərinə görə verilməli olan imtiyazlar, o cümlədən mənzil-ev təminatı təxirə salınacaq.

Ümumilikdə, bu ideyanın qəbul edilərkən hazırda xidmətdə olan hərbi qulluqçulara şamil olunması ciddi mübahisə predmeti yarada bilər və hərbçilər tərəfindən məhkəməyə verilməsi perspektivini doğuracaq. Problem belədir: əgər bir hərbçi misal üçün, cəbhə xəttində 20 il xidmət edib mayor rütbəsində pensiyaya çıxırsa, onun pensiyası təxminən 800-900 manat olacaq və 5 il ərzində onun pensiyası ortalama 50 min manat təşkil edəcək. Amma yeni ideyaya görə, həmin zabit bu pulu 5 il işləyərək almalıdır və bu da sözsüz ki, hərbi qulluqçular arasında narazılıq yaradacaq. Hərbi qulluqçuların növbəti 5 ili xidmətdə keçirmək üçün hər hansı maddi və mənəvi marağı olmayacaq. Araşdırmalar göstərir ki, pensiya yaşının artırılması barədə ideya neft gəlirlərinin azalması ilə birbaşa bağlıdır. Böyük ehtimalla hökumət bu qərarla hazırda xidmətdə olan zabit və gizirlərin hərbi xidmətlərini 5 il uzatmaq hesabına hərbi büdcəyə qənaət etmək niyyətindədir. Təxmini hesablama da apara bilərik: əgər qeyd edilən 5 il əlavə xidmətə 5 min zabit və gizir cəlb olunarsa bu, təxminən 200-250 milyon manat vəsaitə qənaət etmək anlamını verə bilər. Amma hakimiyyətin silahlanmaya milyardlarla vəsait xərclədiyi bir dövrdə belə qənaət ideyası irəli sürməsi onun üçün insan amilinin həmişə ikinci yerdə durduğunu göstərir.

Müşahidələr göstərir ki, belə bir qanunun qəbul edilməsi TMS-də xidmət edən hərbi qulluqçular arasında ciddi narazılığa səbəb olacaq.

Əslində hərbçilərin, müharibə veteranlarının narazılığına səbəb olan dəyişikliklər hakimiyyət tərəfindən indiyə qədər bir neçə dəfə həyata keçirilib:

–  “Veteranlar haqqında” 1994-cü ildə qəbul edilmiş qanunda 2002-ci ildə edilən dəyişikliklərdən sonra veteranlara, xüsusilə də Qarabağ Müharibəsi Veteranlarına verilən güzəştlər tamamilə ləğv edilib. Sonralar həmin güzəştlərin əvəzində cüzi bir kompensasiya məbləği müəyyənləşdirilib.

– “2004-ci ildə “Hərbi qulluqçuların statusu haqqında” qanunda dəyişiklik edilib və nəticədə döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara əmək haqqının 3 qat ödənilməsi 2 qat ödənilməsi ilə əvəz olunub.

– 2005-ci ildə yenə də “Hərbi qulluqçuların statusu haqqında” qanunda dəyişiklik edilərək 15 il hərbi xidmətdə olan hərbi qulluqçulara ehtiyata buraxıldıqdan sonra yerli icra hakimiyyəti tərəfindən 6 ay müddətində mənzil ilə təmin edilməsi ilə əlaqədar müddəanın dəyişdirilməsi də hərbçilərin sosial rifahının daha da pisləşməsinə gətirib çıxarıb. Belə ki, qanunun həmin müddəası “mənzil və ya torpaq sahəsi ilə təmin edilməlidir” sözü ilə əvəz olunması minlərlə ehtiyatda olan zabitlərin mənzilsiz qalmasına gətirib çıxarıb.

– 2005-ci ildə “Hərbi qulluqçuların Pensiya təminatı haqqında” qanunda xidmət illərinə görə pensiyanın hesablanması üçün “20 ilin”,  “20 təqvim ili” ilə əvəz olunması da hərbiçilərin sosial rifah halının daha da pisləşdirilməsinə yönələn qanun normalarıdır.

– 2011-ci ildə Azərbaycan prezidentinin imzaladığı fərmanla Silahlı Qüvvələrdə 20 il “qüsursuz” xidmət edən hərbçilərə mənzil verilməsi qaydası müəyyənləşib ki, bu da hərbi qanunvericiliyin müvafiq maddələri ilə ziddiyyət təşkil edir.

– Azərbaycanın müstəqilliyinin ilk illərində “Hərbi Xidmətkeçmə haqqında” qanun və ona müvafiq olaraq qəbul olunan digər müvafiq normativ hüquqi aktlarda göstərilib ki, Ali Hərbi Məktəbi qurtaran zabit 5 il xidmət etdikdən sonra öz arzusu ilə Silahlı Qüvvələri sıralarından ehtiyata buraxımalıdır. Amma reallıq göstərir ki, bu istiqamətdə ciddi problemlər var. Zabitlər qeyd edilən müddətdə ehtiyata çıxmaq problemi ilə üzləşiblər. Bir çox hallarda Müdafiə Nazirliyinin rəhbərliyi hərbi xidmətdə olan zabit və digər hərbi qulluqçuların sosial rifahını yaxşılaşdırmaqla onları xidmətə çəlb etmək əvəzinə, məcbur etmə metodlarından istifadə edərək hərbi xidmət hissələri çəza müəssisəsinə çevirmək yolunu tutur.

Qəbul edilən qanunların özlərində, xüsusilə də hərbçilərin sosial hüquqlarının həyata keçirilməsində ciddi boşluqların olması hərbiçilərin hüquqlarının kütləvi surətdə pozulmasına gətirib çıxardır. Müvafiq qanunlarda hərbi qulluqçunun statusunun dövlət qulluqçusunun statusundan yuxarı olduğu göstərilsə də, reallıq göstərir ki, hazırda hərbi qulluqçunun hüquqları adi bir fəhlənin hüquqları qədər də müdafiə olunmur. Beləki, hər hansı bir fəhlə “Əmək Məcəlləsinə” əsasən öz məzuniyyət hüququnu, gündə 8 saardan çox işləyibsə onun əvəzinə əlavə əmək haqqı almaq hüququnu və yaxud bazar və istirahət günlərini işləyibsə onun əvəzində pul almaq hüququnu tələb edə bildiyi halda, xidmət vaxtı bu formada hüququ pozulan hərbi qulluqçu isə hüquqların bərpası üçün istinad etdiyi müvafiq normativ hüququ aktlar yoxdur.

Beləliklə, araşdırmalar göstərir ki, neftin qiymətinin çox aşağı düşməsi bir çox digər sahələrdə olduğu kimi hazırda Silahlı Qüvvələrdə də ciddi sosial problemlərin ortaya çıxması ilə müşayiət olunur. Konkret olaraq aşağıdakı digər istiqamətlərdə də problemlər ortaya çıxıb:

  • Hərbi qulluqçuların məvaciblərinin artması qeyri-müəyyən dövrə qədər təxirə salınıb;
  • Hərbçilərə verilməli olan bir sıra ödənişlərlə bağlı ciddi gecikmələr yaranıb;
  • Hərbi qulluqçuların mənzil təminatı ilə bağlı ciddi problemlər ortaya çıxıb və s.

Son 5-6 ay ərzində Silahlı Qüvvələrin şəxsi heyətinin – zabit və gizirlərin mənzillə təminatı sahəsində ciddi problemlər ortaya çıxıb. Bir sıra məlumatlara görə, mənzillə təminat prosesi qeyri-müəyyən müddətədək dayandırılıb. Qeyd edək ki, 2011-ci ildə prezident İlham Əliyevin hərbçilərin mənzil təminatı ilə bağlı imzaladığı fərmandan keçən 4 il ərzində 400-ə yaxın hərbi qulluqçunun mənzillə təmin olunduğu barədə rəsmi məlumatlar verilib. Amma gerçəklikdə mənzil növbəsinə duran hərbi qulluqçuların sayı minlərlədir. Araşdırmalar göstərir ki, son aylar ərzində prezidentin fərmanının tətbiqi tamamilə dayandırılıb. Bunun nəticəsində mənzil növbəsində böyük bir “tıxac” yaranıb. Belə ki, 1992-ci ildən Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçulara hələ də ev verilməyib. Beləliklə, hazırda növbədə 23 ildən artıq hərbi xidmət keçən hərbi qulluqçular var, onların nə zaman mənzillə təmin olunacağı barədə suallar açıq qalır. 1992-ci ildə xidmətə başlayanlar 1993, 1994 və 1995-ci illərdə xidmətə başlayanların evlə təmin olunmasını səbirsizliklə gözləyirlər. Yeri gəlmişkən, bir çox hallarda hərbi qulluqçulara əsassız olaraq mənzil verilməsindən imtina halları var. Hökümət təmsilçilərinin belə bir vəziyyətdə pensiya yaşının 25-ə qaldırmaq ideyasını niyə irəli sürdüyünü anlamaq çətin deyil.

Araşdırmalar göstərir ki, yaxın iki il ərzində Azərbaycan Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin hərbi və mülki heyətinin məvaciblərinin artırılması gözlənilmir. Hətta bir sıra proqnozlara görə, bir sıra istiqamətlər üzrə yüksək məvacib alan hərbi qulluqçuların məvaciblərinin azaldılması planı üzərində iş gedir.

Müxtəlif məlumatlara görə, bu gün aşağı rütbəli və vəzifəli Azərbaycan hərbçilərinin məvacibləri 400-600 manat arasındadır. Bu məvacibi müəyyən fərqlərlə arxa cəbhədə xidmət edən müddətdən artıq hərbi xidmət qulluqçuıarı, gizirlər, leytenantlar, baş leytenantlar və kapitanlar alır. Cəbhə xəttində eyni rütbəli və vəzifəli hərbi qulluqçuların məvacibləri isə təxminən 550-800 manat arasındadır. Hərbi qulluqçuların xidmət şəraitlərinin çətinliyi, onların ailə üzvlərini və s. nəzərə alaraq demək olar ki, qeyd edilən məbləğ onların, xüsusilə də arxa cəbhədə xidmət edənlərin sosial təminatı üçün yetərli deyil.

Son aylar Silahlı Qüvvələrin ehtiyata buraxılan hərbi qulluqçularına istifadə olunmamış əşya-əmlaka görə pul təzminatının (“paltar pulu”) verilməsində də ciddi problem ortaya çıxıb. Məlumatlara görə, təkcə 2014-2015-ci illərdə ehtiyata çıxan 100-dən artıq hərbi qulluqçuya “paltar pulu” hələ də verilməyib. Qeyd edilən təzminat hərbçinin xidmət dövrünə uyğun olaraq 850-1200 manat arasında dəyişir. Verilən məlumata görə, Müdafiə Nazirliyinin Maliyyə İdarəsi bu məsələ ilə bağlı hərbçiləri səbrli olmağa çağırır, amma vəsaitlərin nə zaman veriləcəyi barədə konkret vəd vermir.

Ehtiyatda olan hərbçilər arasında istifadə olunmamış məzuniyyətə görə pul kompensasiyasının verilməsi qaydalarından da ciddi narazılıqlar var. Araşdırmalar göstərir ki, qeyd edilən qaydalar çox mürəkkəbdir və hərbçiləri “get-gələ” salma halları var. Bir çox hərbçi qeyd edilən vəsaitin alınması istiqamətində çətinliklərlə üzləşib.

Xatırladaq ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 18 mart 2015-ci il tarixli qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.

Hərbçiləri narahat edən sənədlər – müxtəlif arayışlardır. Belə ki, qərara görə, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu aşağıdakı arayışları təqdim etməlidir:

– xidmət etdiyi müvafiq hərbi hissələrdən istifadə edilməmiş məzuniyyət günləri haqqında arayış (əlavə № 2);

– vəzifə maaşı, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği barədə arayış (əlavə № 3);

– ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun xidmət etdiyi hərbi hissədən şəxsi heyətin siyahısından çıxarılması barədə nizami hissə üzrə əmrdən çıxarış.

Bir çox hərbçilər qeyd edilən arayışları və ya onları əvəzləyən sənədləri tapmaqda, əldə etməkdə çətinlik çəkirlər. Problemlə bağlı narazılıq edən bir sıra hərbçilərin fikrincə, qeyd edilən sənədlərin Müdafiə Nazirliyinin elektron bazasında toplanmaması nəticəsində, hərbçilər üçün çətinlik yaranıb. Ekspertlər hesab edirlər ki, əslində ötən dövrlərdə sənədlərin elektronlaşdırılması istiqamətində işlərin görülməməsi Müdafiə Nazirliyində aidiyyatı strukturların öz vəzifə borclarına məsuliyyətsiz yanaşmalarının göstəricisidir.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s