TMS: İCTİMAİ NƏZARƏT PROBLEMLƏRİ

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun həyata keçirdiyi “Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr) üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb.

İCTİMAİ NƏZARƏT PROBLEMLƏRİ

Azərbaycanda orduya ictimai nəzarət mexanizmlərini təsdiq edən qanunvericiliyin olmaması bu istiqamətdə qeyri-hökumət strukturlarının səmərəli fəaliyyətinə mane olur. Ümumilikdə bu gün TBS-in, xüsusilə də Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, əsasnamələrin, nizamamələrin əksər hissəsi sovet dövründən qalmadır və Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesi ilə ziddiyyət təşkil edir.

Cəmiyyətdə ümumi rəy ondan ibarətdir ki, bu gün müdafiə və təhlükəsizlik sektorunda təmsil olunan güc strukturları ayrı-ayrı məmurların alətinə çevrilir. Silahlı Qüvvələrlə cəmiyyət arasında səngər getdikcə dərinləşir, ordunun mənəvi-psixoloji durumu, döyüş hazırlığı aşağı düşür.

Araşdırmalar göstərir ki, əgər hərbi-siyasi rəhbərlik orduya ictimai nəzarətin tətbiq olunması istiqamətində ciddi addımlar atması bir sıra xoşagəlməz proseslər baş verə bilər:

–         Ordu daxilində ciddi problemlər yarana bilər, ordudaxili qruplaşmaların daha da güclənməsi səbəbindən ordunun idarəolunmasında ciddi çətinliklər ortaya çıxa bilər;

–         Müxtəlif hərbi-siyasi qüvvələr ordudan alət kimi istifadə etmək arzusuna düşə bilərlər. Nəticədə ölkədə sabitliyin pozulmasına gətirib çıxara bilər;

–         Müdafiə xərclərinin səmərəliliyi getdikcə daha da azalacaq, korrupsiyanın güclənməsi ehtimalı var, müdafiə xərclərinin qeyri-sağlam məqsədlərə yönəldilməsi istisna deyil;

–         Ümumilikdə ordunun təyinatı üzrə istifadə olunması problemi ortaya çıxa bilər və s.

NATO-ya ən sonda üzv olmuş Şərqi Avropa ölkələrinin, o cümlədən Baltikyanı ölkələrin, eyni zamanda alyansa üzvlüyə can atan Gürcüstanın təcrübələri göstərir ki, müdafiə və təhlükəsizlk sektoruna rəsmi qanunlar əsasında ictimai və demokratik nəzarət mexanizmlərinin tətbiq olunması şəffaf, güclü, hesabatlı və korrupsiyadan kənar müdafiə və təhlükəsizlik qurumlarının formalaşdırılmasına səbəb olur. Düşünmək olar ki, artıq Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılmasının vaxti çatıb.

Xatırladaq ki, 2005-ci ildən başlayaraq 2014-cü ilin ortalarına qədər Azərbaycanda hərbyönlü QHT-lərin fəaliyyəti daha aktiv olub. Hədəfdə saxlanılan məsələlər isə bunlar idi:

–         Müdafiə xərclərinin artmasına rəğmən orduda əsgər ölümlərinin də kəskin artması;

–         Müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin, ordu təminatının qeyri-şəffaf olması və onların korrupsiya hədəfinə çevrilməməsinə dair əsaslı subutların ortada olmaması;

–         Orduda qarşılıqlı münasibətlər sistemində ortaya çıxan ciddi problemlər, əsgər-zabit münasibətlərində ciddi ziddiyyətlərin mövcudluğu;

–         Orduda aparılan yoxlamalar və araşdırmaların nəticələrinin cəmiyyətə açıqlanmaması, Hərbi Prokurorluğun apardığı əksər araşdırmaların nəticələrinin ictimaiyyətdən qapalı saxlanılması;

–         Müdafiə Nazirliyinin və digər güc strukturlarının hərbi birləşmələrdə aparılan dəyişikliklər, problemlər, yeniliklər və islahatlar barədə ictimaiyyətə məlumat verməməsi;

–         Orduda özbaşınalıq hallarının getdikcə artması.

2014-cü ilin ikinci yarısında Azərbaycanda mediaya və eyni zamanda Qeyri-Hökumət təşkilatlarının ordu problemləri mövzusunda fəallığına rəsmi və qeyri-rəsmi qadağalar qoyuldu. Nəticədə ölkədə Təhlükəsizlik və Müdafiə Sektoruna ictimai nəzarətin zəruriliyi problemləri optaya çıxdı.

Hazırda araşdırmalar göstərir ki, Azərbaycanda təhlükəsizlik və müdafiə sektoruna rəsmi səviyyədə nəzarət mexanizmlərinin tətbiq olunmaması, hesabatlılığın olmaması, qeyri-şəffaflıq və s. məsələlər orduda problemlərin getdikcə artmasına səbəb olur.

Qeyd edilməlidir ki, Azərbaycanla NATO arasında 2008-ci ilin martında razılaşdırılmış Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planında orduya vətəndaş nəzarəti mexanizmlərinin tətbiq olunması, müdafiə və təhlükəsizlik sektorunda baş verən proseslərə ictimai dəstəyin artırılmasını ehtiva edən müddəalar əksini tapmışdı. Amma təəssüflər olsun ki, ötən dövrdə rəsmi Bakı bu istiqamətdə ciddi addımlar atmadı.

Düzdür, 2009-cu ilin dekabrında Müdafiə Nazirliyi, millət vəkilləri və ordu rəhbərliyinin təsiri altında olan bir qrup QHT-nin iştirakı ilə orduya ictimai nəzarət qrupunun yaradıldığı elan olundu. Amma bu qrup ictimai nəzarətdən daha çox, ölkənin hərbi-siyasi rəhbərliyinin ordu ilə bağlı addımlarının şişirdilmiş faktlar fonunda cəmiyyətdə təbliğ etməklə məşğul idi. İctimai sifarişi özündə daşımayan bu qrupun fəaliyyəti hazırda hiss olunmur.

Ordudakı problemlərin ictimailəşdirilməsində 2005-2013-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) rolu xüsusi xüsusi rolu olub. Sıralarında 25-dək QHT (o cümlədən Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyi, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzi, Hərbi Analitik Tədqiqatlar Mərkəzi), 2 araşdırma mərkəzi (think-tank) və 3 informasiya resursunu (o cümlədən Milaz İnformasiya Agentliyi) birləşdirən qurum çoxsaylı təzyiq, təhdid və zorakılıqlardan sonra 2013-cü ildə fəaliyyətini dayandırmalı oldu.

Hazırda TMS-dəki proseslər vətəndaş cəmiyyəti üçün aşağıdakı yanaşmalar baxımından maraq kəsb edir:

–  Təhlükəsizlik və Müdafiə sektorunda aparılan islahatlara ictimai dəstəyin təşkili və həyata keçirilməsi;

– Təhlükəsizlik və Müdafiə sektoruna aid olan Azərbaycan Respublikası qanunvericiliyi və ölkəmizin qoşulduğu müvafiq beynəlxalq konvensiyaların icrasına ictimai nəzarətin təşkili və həyata keçirilməsi;

–  Təhlükəsizlik və Müdafiə sektorunda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasına ictimai nəzarətin təşkili və həyata keçirilməsi;

– Təhlükəsizlik və Müdafiə sektorunda çalışan (çalışmış) vətəndaşların və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi;

– Dövlət büdcəsindən Təhlükəsizlik və Müdafiə sektoruna ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;

– Dövlət büdcəsindən Təhlükəsizlik və Müdafiə sektoruna ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi və səmərəli istifadəsi barədə Azərbaycan Respublikası vətəndaşlarının (vergi ödəyicilərinin) məqbul səviyyədə məlumatlandırılması üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən dövlət orqanlarının bu sahədə fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;

– Təhlükəsizlik və Müdafiə sektoruna demokratik nəzarətlə bağlı vətəndaş cəmiyyəti institutlarının səylərinin birgə fəaliyyət formasına keçirilməsi, onların sayəsində ictimai fəallığın yüksəldilməsi;

–  Azərbaycan Respublikasının Avratlantik məkana inteqrasiyasına ictimai dəstəyin təşkili və həyata keçirilməsi;

– NATO və digər müvafiq beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası ictimai qurumlarının da təmsil edilməsinə nail olmaq və s.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s