Təhlükəsizlik və Müdafiə Sektoru: İNFORMASİYA AÇIQLIĞI

“Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr) üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb.

qezet

Hesabatla www.caspiandefense.wordpress.com səhifəsində də tanış ola bilərsiniz. Əlavə sual və təkliflərinizi caspiandefense@gmail.com ünvanına yazmağınızı xahiş edirik.

TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ SEKTORU: İNFORMASİYA AÇIQLIĞI

2014-cü ilin ikinci yarısında Azərbaycanda bir sıra qanunlara dəyişikliklərin edilməsi, eyni zamanda güc strukturlarının rəhbərlikləri tərəfindən verilən rəsmi və qeyri-rəsmi göstəriş və əmrlərin nəticəsində medianın Təhlükəsizlik və Müdafiə Sektorunun (TMS) real vəziyyəti ilə bağlı məlumatlandırma siyasəti faktik olaraq iflasa uğradı. Belə ki, bir sıra indikatorlara istinad edərək qeyd etmək olar ki, 2012 və 2013-cü illə müqayisədə 2014 və 2015-ci illərdə medianın TMS-lə bağlı aktivliyi orta hesabla 80 azalıb.

Monitorinq çərçivəsində əsasən aşağıdakı media üzərində araşdırma aparılmışdır:

Online media Ənənəvi TV Çap media TMS saytları Sosial şəbəkə
Contact.az, Azadliq.org,

BBC-Azərbaycan,

Xalq.az, Azeridefence.az,

Qafqazinfo.az, Novator.az, APA.az, Trend.az, AzerTag.az, Modern.az, Minval.az,

Moderator.az, Haqqın.az,

Ann.az, Strateq.az, Report.az, Milli.az,

Faktxeber.com, Anspress.com, Azvision.az, Oxu.az

ANS TV,

Xəzər TV,

AzTV

SpaceTV

İTV

“Azadlıq”, “Bizim Yol”, “Yeni Müsavat”

“EXO”

 

mod.gov.az, mns.gov.az, mdi.gov.az,

mia.gov.az,

dsx.gov.az

Facebook, Twitter,

Linkedin

 

Online TV

 

Meydan TV, “Azərbaycanın Səsi”,

Kanal 13

TMS mətbuatı
“Azərbaycan Ordusu”,

“Hərbi Bilik”

 

 

Azərbaycanda hərbi sahədə baş verən prosesləri işıqlandıran bir sıra hakimiyyət, müstəqil və müxalifət mətbuatının (yazılı, onlayn və TV) və eyni zamanda sosial şəbəkələrin üzərində həyata keçirilmiş araşdırmalar onu deməyə əsas verir ki, ötən 10 ay müddətində mətbuat tərəfindən TMS-ə aid təxminən 3570 məlumat (xəbər, reportaj, müsahibə, video və s.) hazırlanıb. Onların əksəriyyəti – təxminən 70 faizi online mediada dərc olunub.

Sözügedən müddətdə araşdırmanın əhatə etdiyi 6 güc strukturunun mətbuat xidmətləri və digər səlahiyyətliləri tərəfindən cəmiyyətə təxminən 1350 informasiya ötürülmüşdür ki, onlardan ən çoxu Müdafiə Nazirliyinin payına düşür.

Sözügedən müddətdə Müdafiə Nazirliyi tərəfindən cəmiyyətə orta hesabla 860, Müdafiə Sənayesi Nazirliyi tərəfindən 210, Dövlət Sərhəd Xidməti Tərəfindən 120, Daxili Qoşunlardan 50, Milli Təhlükəsizlik Nazirliyindən 70, Hərbi Prokurorluqdan isə 40 informasiya ötürülmüşdür. Maraqlısı odur ki, Müdafiə Nazirliyi tərəfindən cəmiyyətə ötürülən informasiyaların təxminən yarısı – 410-u cəbhə xəttində atəşkəsin pozulması və ya cəbhə xəttində cərəyan edən hadisələrlə ilə bağlıdır. 230-a yaxın xəbər Müdafiə Nazirliyinin beynəlxalq əlaqələri çərçivəsində baş verən tədbirləri (qarşılıqlı səfərlər, konfranslar, kurslar, təlimlər, seminarlar və s.) əhatə edir. 170-ə yaxın xəbər Müdafiə Nazirliyinin rəhbərliyinin və ayrı-ayrı nümayəndələrinin hərbi hissələrdə keçirdiyi görüşlər, həyata keçirilən tədbirlər, tikinti və yenidən qurma işlərini əhatə edir. Təxminən 50-yə yaxın xəbər isə mətbuatın ünvanladığı müxtəlif suallara verilən cavabları özünə daxil edir.

Dövlət Sərhəd Xidmətinin yaydığı xəbərlərin 90 faizi qurumun hərbi hissələrində həyata keçirilən görüşlərə həsr olunub. Eyni göstərici Hərbi Prokurorluq, Daxili Qoşunlar və Milli Təhlükəsizlik Nazirliyinə də aiddir. Ötən müddətdə medianın TMS-də baş verən əsgər ölümləri ilə bağlı Hərbi Prokurorluğa çoxsaylı sualları olsa da, qurum tərəfindən əksər sualların cavabsız buraxıldığı müşahidə olunur.

2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən 6 hərbi strukturun heç birində media üçün hər hansı mətbuat konfransı və ya məlumatlandırma tədbiri keçirilməyib. Eyni zamanda qeyd edilən qurumların mətbuatla əlaqələrdə sistemli, müasir strategiyaya malik olduqları müşahidə olunmayıb.

10 ay ərzində TMS strukturlarının rəhbər və ya digər nümayəndələri (mətbuat xidmətləri istisna olmaqla) mediaya müxtəlif həcmli müsahibə və ya qısa açıqlama veriblər. Həyata keçirilmiş araşdırmanın nəticələrinə görə, ümumilikdə mediaya 34 ədəd müxtəlif həcmli müsahibə və ya qısa açıqlama verilib. Müdafiə Nazirliyi tərəfindən 10, Müdafiə Sənayesi Nazirliyi tərəfindən 15, DSX – 2, DQ – 3, HP-2, MTN-dən isə 2 açıqlama və müsahibə verilib.

Adları çəkilən güc strukturları içərisində MTN və MN-in Facebook sosial şəbəkələrində səhifələri vardır. Amma bu qurumlar qeyd edilən səhifədə o qədər də aktiv deyillər. Digər qurumların isə sosial şəbəkələrdə fəallığı gözə dəymir.

Araşdırmalar göstərir ki, TMS-də təmsil olunan güc strukturları informasiya baxımından cəmiyyətə açıq deyillər, onlar əksərən korrupsiya, cinayət hadisələrini cəmiyyətdən uzun müddət gizli saxlamağa üstünlük verirlər. Xüsusilə də bu hal Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Naziliyinin fəaliyyətində xüsusi diqqətə çarpır. İndiyədək adı çəkilən qurumların mətbuat xidmətləri və ya orada təmsil olunan şəxslər tərəfindən qeyd edilən qurumlarda həyata keçirilən anti-korrupsiya fəaliyyətləri barədə təfsilati verilməyib. Belə halda mətbuat müxtəlif qeyri-rəsmi mənbələrlə işləməyə məcbur olub.

Hərbi-mülki münasibətlər kontekstindən yanaşılsa, qeyd edilən qurumların cəmiyyətlə əlaqələrində müsbətə doğru irəliləyiş hiss olunmur. Son ayların pozitiv xəbərlərindən biri Müdafiə Nazirliyinin hərbi hissələrində “Açıq qapı” günlərinin geçirilməsi ilə bağlı oldu ki, mətbuatın yazdığına görə, bu hadisə Müdafiə Nazirliyi ilə cəmiyyət, o cümlədən mətbuat arasında münasibətlərin qaydaya salınması üçün bir şansdır. Lakin bir sıra məlumatlar, xüsusilə də hərbi hissələrdə qeyri-qanuni halların sayının artması və bunların cəmiyyətdən israrla gizlədilməsi qeyd edilən prosesin müsbət perspektivinin ortaya çıxmasına şübhə yaradır. Müdafiə Nazirliyinin rəhbərliyi mətbuatla münasibətlərdə qapalılıq prinsiplərinə sadiqdir. Nəticədə medianın Silahlı Qüvvələrdə baş verən durum, əsgər ölümlərinin statistikası, büdcə planlaşdırması, silahlanma prosesi, tenderlər, həyata keçirilən islahatlar və s. barədə sualları cavabsız qalır.

Nəzərə alınmalıdır ki, Azərbaycanın bir sıra hərbi strukturlarının, o cümlədən MN, MTN, DQ və DSX-nin qoşulduğu bir sıra beynəlxalq və ikitərəfli razılaşmalarda hərbi sistemin islahında cəmiyyətin geniş kütlələrinin iştirakı mövzusu önəmli yer tutur. Xüsusilə də Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı (Individual Partnership Action Plan) çərçivəsində razılaşdırdığı müddəalarda qeyd edilən məsələ əsas kontekstdədir. Amma təəssüf ki, bu gün TMS-ə daxil olan güc strukturlarının cəmiyyətə dolğun informasiya verilməsi prosesindən kənar olduqları müşahidə olunur. Monitorinqin həyata keçirildiyi dövrdə müxtəlif media qurumlarının əhəmiyyət kəsb edən məsələlərlə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə ünvanladığı ən azı 30 suala açıqlama almaq cəhdi uğursuzluqla nəticələnib, Müdafiə Nazirliyi həmin sualları cavabsız buraxıb. Müşahidə olunan proses ondan ibarətdir ki, Müdafiə Nazirliyi mətbuatda məhz özünün müəyyənləşdirdiyi informasiyaların dərc olunmasını tələb edir. Ordudakı bir çox neqativ hallarla, xüsusilə də əsgər ölümləri ilə bağlı mətbuatın dərc etdiyi məlumatlar Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hələ də “hərbi sirrin yayılması” kimi qarşılanır və bununla bağlı medianın açıq və dolayısı ilə təhdid edilməsi halları müşahidə olunur.

Hərbi Prokuroqluq orqanları əvvəlki illərdə olduğu kimi 2015-ci ilin müvafiq dövründə də medianın hərbi strukturlarda baş verən cinayət, korrupsiya halları ilə bağlı unvanladıqları sualları əksər hallarda cavabsız buraxıb. Bu qurumun media ilə əlaqələrində ciddi problemlər müşahidə olunur. Bu qurumun kollegial iclasları zamanı rəhbərlik tərəfindən səslənən rəsmi fikirlər ziddiyyətlərlə doludur. Hərbi Prokurorluq orqanları TMS-də baş verən çoxsaylı əsgər ölümlərinin səbəbləri və günahkarların cəzalandırılması ilə bağlı mətbuata çox cüzi məlumat verirlər. Ötən 5 ilin praktikası göstərir ki, əsgər ölümlərinin səbəbləri və günahkarlarla bağlı Hərbi Prokurorluğun yaydığı məlumat ümumi əsgər ölümü statistikasının cəmisi 5 faizini təşkil edir.

Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı cəmiyyətdə informasiya aclığı yaşanır. Bu qurumlarda baş verən proseslər: xüsusilə də korrupsiya və ona qarşı mübarizə, büdcə xərclənməsi, əsgər ölümləri və s. barədə mətbuata müntəzəm məlumatların verilməsi müşahidə olunmur.

Müdafiə Sənayesi Nazirliyi rəhbərliyinin son illərdə cəmiyyətə qurumun tabeçiliyindəki istehsal müəssisələrinin istehsal etdiyi silah və hərbi texnikalar barədə müxtəlif informasiyalar verməsinə baxmayaraq, cəmiyyəti narahat edən mövzu: büdcə vəsaitlərinin müdafiə sənayesi hədəfləri çərçivəsində korrupsiyaya tuş gəlib-gəlməməsi kimi suallara cavab verməkdən boyun qaçırırlar. Nəzərə alınmalıdır ki, hər il ortalama Müdafiə Sənayesi Nazirliyi və onun tabeçiliyində olan obyektlərə dövlət büdcəsindən ortalama bir milyard manata yaxın vəsait ayrılır. Müşahidə olunan proses ondan ibarətdir ki, bu vəsaitin məqsədəuyğun xərclənməsi ilə bağlı cəmiyyətdə ciddi şübhələr var. Bunun əsas səbəbi isə büdcə vəsaitləri ilə bağlı cəmiyyət, o cümlədən media qarşısında hesabatlılıq və şəffaflığın olmamasıdır.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliiyəti uzun illər Azərbaycan cəmiyyəti üçün sirr olub. Ötən illərdə, o cümlədən bu il ərzində xüsusi xidmət orqanlarının spesifikliyindən sui-istifadə halları geniş vüsət alıb. Bu kontekstdə MTN rəsmiləri uzun illər Azərbaycan mediasını, ayrı-ayrı jurnalistləri təzyiq və təsir altında saxlayaraq ümumilikdə qurumun fəaliyyəti ilə bağlı cəmiyyətdə – mediada hər hansı tənqidi informasiyanın olmasına qarşı çıxıblar. Eyni zamanda MTN tərəfindən mediaya ordudakı problemlərin dərc olunmasına qarşı ciddi basqıların törədildiyi barədə məlumatlar var. Bunun nəticəsində Azərbaycan mediası qeyd etdiyimiz kimi, 2014-cü ilin ikinci yarısından başlayaraq TMS-dəki proseslərə marağını hissediləcək dərəcədə azaldıb.

Bu ilin oktyabr ayında prezident İlham Əliyevin Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifədən çıxartdıqdan sonra nazirlikdə cərəyan edən proseslər, onlarla general və polkovnikin vəzifələrindən çıxarılması və eyni zamanda bir çoxunun həbsi, 100-dən artıq yüksək və orta vəzifəli şəxsin vəzifəsindən çıxarılması və s., cəmiyyədə MTN mövzusunu bir saylı müzakirə obyekti edib. Bunun nəticəsində MTN-də indiyədək baş vermiş bir çox cinayətlər, korrupsiya halları mətbuat tərəfindən xüsusi həvəslə işıqlandırılır.  Bu kontekstdə xüsusi olaraq hakimiyyətyönlü medianın fəallığı diqqəti çəkir.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s