MÜDAFİƏ XƏRCLƏRİNİN QEYRİ-ŞƏFFAFLIĞI

pul-manat

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun həyata keçirdiyi “Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr) üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb.

TMS: MÜDAFİƏ XƏRCLƏRİNİN QEYRİ-ŞƏFFAFLIĞI

Mətbuatda dərc olunan rəsmi məlumatlara görə, 2015-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur.

Ümumilikdə, bu il müdafiə xərcləri üçün 1 milyard 778,5 milyon manat vəsait ayrılıb. Bu da 2014-cü il üçün nəzərdə tutulan proqnozdan 8,6 faiz çox deməkdir. Qeyd edək ki, 2014-cü ildə müdafiə xərcləri üçün 1 milyard 637,4 milyon manat ayrılıb.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri 2015-ci il dövlət büdcəsi xərclərinin 5,8 faizini təşkil edir. Eyni zamanda, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Ümumilikdə, 2015-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri üçün 1 milyard 227,1 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur ki, bu da 2014-cü il üçün nəzərdə tutulan proqnozdan 1,1 faiz azdır. Qeyd edək ki, 2014-cü ildə bu sahənin xərcləri üçün 1 milyard 240,3 milyon manat ayrılıb.

Xüsusi diqqət çəkən məsələ ondan ibarətdir ki, bu gün bir çox ekspertlər ölkədə müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı əsaslı, beynəlxalq standartlara əsalanan strategiyanın yoxluğu, bu sahədə qeyri-şəffaflıq, qeyri-səmərəlilik və qeyri-hesabatlılığın olmasından narahatdırlar. Beləliklə, müşahidə olunan vəziyyət onu göstərir ki, bu gün Azərbaycan cəmiyyətində müdafiə xərcləri ilə bağlı aşağıdakı bir neçə sual qalmaqdadır:

– Ayrı-ayrı qoşun növləri üçün nə qədər vəsait ayrılır?

– Ölkədə Silahlı Qüvvələrin quruculuq strategiyası olmadığı bir dövrdə müdafiə xərclərinin ildən-ilə artımının konkret səbəbləri nələrdir?

– Hərbi xərclərin kəskin artımını konkret olaraq hansı şəxslər əsaslandırır və onların arqumenti nədən ibarətdir?

– Ordu üçün nəzərdə tutulmuş vəsaitdə hərbi qulluqçuların maddi təchizatı – konkret olaraq ərzaq, geyim, məvacib təminatı üçün nə qədər pul ayrılır?

– Xidmətdə və ehtiyatda olan zabit və gizirlərin sosial problemlərinin həlli baxımından müdafiə xərcləri nə dərəcədə əsaslıdır? TMS-də təmsil olunan qurumların, xüsusilə də Müdafiə Nazirliyinin ehtiyatda olan hərbi qulluqçulara olan borcu qaytarılacaqmı?

– Silahlı Qüvvələrə ayrılmış vəsaitin konkret olaraq neçə faizi müasir silah və hərbi texnika növlərinin alınmasına xərclənir? Konkret olaraq hansı dövlətlərdən və standartlara uyğun silah və texnikanın alınmasına üstünlük verilir: NATO ölkələri, yoxsa Rusiya? Bu istiqamətdə planlaşdırılan fəaliyyət nə dərəcədə əsaslıdır?

– Müdafiəyə ayrılmış vəsaitdən düzgün istifadə olunacağına, mənimsənilməyəcəyinə zəmanət verilirmi? Bu istiqamətdə hüquq-mühafizə orqanları qarşısında hansı tapşırıqlar qoyulur?

– Müdafiə xərclərinin artımı ilə orduda nə dəyişib? Silahlı Qüvvələrdə itkilərin sayının artmasının səbəbləri nədir və bunun müdafiə xərcləri ilə nə dərəcədə bağlılığı var?

Beləliklə, müşahidələr göstərir ki, TMS-in, ayrıca olaraq Silahlı Qüvvələrin gələcəyini müəyyən edən strateji sənədlərin hələlik ortada olmadığı səbəbindən bilinmir ki, müdafiə xərcləri üçün hansı hədəflər əsas götürülür. Rəsmi bəyanatlarda Azərbaycanın işğal altında olan torpaqları geri qaytarmağa hazırlaşdığı və bu baxımdan müdafiə xərclərinin kəskin artdığından bəhs olunur. Amma aydındır ki, hər hansı gözlənilən hərbi əməliyyat üçün həyata keçirilən islahatlarda insan faktoru mütləq nəzərə alınmalıdır. Yəni ilk növbədə zabitlərin və gizirlərin məvacibləri artırılmalı, müdafiə xərcləri bu hədəfə yönəlməlidir. Amma hazırda ölkədə bu müşahidə olunmur və o baxımdan və həm də digər xeyli səbəblərdən müharibə ehtimalı da sual altına düşür. Belə olduqda hərbi xərclərin kəskin artımının səbəbləri ilə bağlı hökumətə yönəlik sual yağışı davam edəcək.

Müdafiə xərclərinin bölüşdürülməsində əsgər amili nə dərəcədə diqqətə alınır? 2003-2004-cü illərdə aparılan qeyri-rəsmi hesablamalar onu göstərirdi ki, 1 əsgərin qidalanmasına gündəlik olaraq 2 manat civarında vəsait ayrılır və ümumilikdə bir əsgərin geyimi, yeməyi və ona ödənilən cüzi məvacib 1 ilə təxminən 800-900 manata başa gəlirdi. İndi bu neçəyə başa gəlir? Hər hansı artım varmı? Büdcə xərclərinin kəskin artımı bu prosesə də təsir göstərirmi? Bu suallar hələlik cavablandırılmamış qalır.

Bu gün Müdafiə Nazirliyinin xeyli sayda ehtiyatda olan hərbi qulluqçuya borcu var. Bu borclar istifadə olunmamış əşya-əmlaka görə, məzuniyyətə görə yaranıb. Bir qismi borclar isə vaxtilə cəbhə xəttində xidmətə görə ödənilən vəsaitin 3 qat deyil, 2 qat ödənməsindən yaranıb. Ən vacib borc sırasına isə mənzillər daxildir. Ümumilikdə, bu gün Müdafiə Nazirliyinin borclu olduğu insanların sayı minlərcədir və belə olan təqdirdə büdcə xərclərinin artırılmasında hədəf nələrdir? Niyə görə Müdafiə Nazirliyi bütün bu borcları ödəmir və ya müşahidə olunan hər hansı ləngimənin səbəbləri nədən ibarətdir? Mətbuatın monitorinqi göstərir ki, TMS-də təmsil olunan strukturlar medianın qeyd olunan istiqamətlərdə suallarını cavabsız buraxır.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s