Hərbi strukturlardakı problemləri necə həll etməli? TƏKLİFLƏR

cdsi1.jpg

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun həyata keçirdiyi “Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr) üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb.

ƏSGƏR ÖLÜMLƏRİNİN QARŞISININ ALINMASI

Araşdırmalara görə, 2003-2015-ci illərdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin xarakteristikası bir sıra təxirəsalınmaz addımların atılmasını zəruri edir. Konkret olaraq aşağıdakılar vacib görünür:

– Silahlı Qüvvələrin şəxsi heyətinin tamamilə müqaviləli əsas keçidini nəzərdə tutan qanunvericilik sənədlərinin hazırlanması;

– Milli Məclisdə təhlükəsizlik və müdafiə sektorundakı itkilərə dair dinləmələrin təşkil olunması, güc strukturlarının cəmiyyət qarşısında hesabatlılığı, ordu üzərində mülki nəzarət mexanizmlərinin tətbiq olunması;

– Silahlı Qüvvələrin mülkiləşməsi və müdafiə nazirinin mülki şəxs olması, Silahlı Qüvvələrdə mülki və hərbi vəzifələrin dəqiq ayrıntısı;

– Ötən illərdə baş vermiş hər bir ölüm faktının yenidən araşdırılması və günahkar vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, hər bir ölüm faktının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən araşdırılması və araşdırmaların nəticələrinin hesabatda əksini tapması;

– Baş vermiş hər bir ölüm faktı barədə ictimaiyyətə dərhal məlumat verilməsi və araşdırmaların nəticələrinin KİV vasitəsi ilə yayılması;

– Qanunvericilk aktlarının təkmilləşdirilməsi, silahlı qüvvələrdə insan hüquq və azadlıqlarının təmin olunması;

– Hərbi qulluqçular arasında itkilərin qarşısının alınması məqsədilə ciddi və effektiv tədbirlər görülməsi üşün ölkənin bütün ictimai, siyasi, iqtisadi və digər müvafiq potensial imkanlarının təcili surətdə səfərbər edilməsi;

– Silahlı Qüvvələrdə müqavilə əsasında komplektləşdirilən heyətin sayının artırılması, gizir və müddətdən artıq hərbi xidmət qulluqçularının (MAHXQ) hərbi xidmətə öhdəlliklər əsasında deyil, müqavilə əsasında qəbulu, zabitlərin istisnasız olaraq müqavilə əsasında xidməti;

– Silahlı Qüvvələrdə şəxsi heyətin rotasiyası, yerdəyişməsi məsələlərinin diqqətdə saxlanılması, cəbhə xəttində xidmət edən şəxsi heyətin qısa zaman kəsiyində müqaviləli xidmət sisteminə keçidini nəzərdə tutan mexanizmin hazırlanması və tətbiq olunması;

– Təhlükəsizlik və Müdafiə sektorunda hərbi birləşmələrin şəxsi heyətinin azaldılması;

– Hərbi xidmətə çağırış yaşının 18-dın 20-yə qaldırılması, son həddin 35-dən 27-yə salınması;

– Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət proqramının qəbul olunması;

– Nizamnamədənkənar hərəkətlərə görə cinayət məsuliyyətinin ağırlaşdırılması;

– Təhlükəsizlik və müdafiə sektorunda korrupsiya və rüşvətxorluğa qarşı davamlı mübarizə;

– Müdafiə xərclərinin sosial yönümlü olması, hərbçilərin məvaciblərinin artırılması, güzəşt və imtiyazların bərpa olunması, mənzil təminatı;

– Hərbi hissələrdə tibbi təminatın təkmilləşdirilməsi;

– Hərbi xidmət sistemində tərbiyəvi işlərin gücləndirilməsi, orduda din və psixoloq təsisatlarının tətbiq olunması;

– Hərbi xidmətə çağırılan vətəndaşların xidmətdən öncə məktəblərdə, cəmiyyətdə nizam-intizamlı şəxs kimi yetişdirilməsini nəzərdə tutan kompleks tədbirlərin görülməsi və s.

İNSAN HAQLARININ QORUNMASI VƏ SOSİAL RİFAHIN GÜCLƏNDİRİLMƏSİ

Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda sosial rifah problemlərinin həll olunması, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra addımların atılmasına ehtiyac yaranıb:

– Azərbaycanda hərbçilərin sosial rifahını gücləndirəcək xüsusi dövlət proqramı qəbul edilməlidir. Nəticədə hərbi qulluqçuların məvacibləri əsaslı şəkildə artırılmalıdır, döyüş bölgəsində xidmət edənlərə 3 qat məvacibin verilməsi vacibdir. Məhdud imkanlı hərbi hissələrdə xidmət edənlərin əmək haqlarına əlavələr olmalıdır;

– Hərbi qulluqçulara müxtəlif istiqamətlərə görə ödənilən xərclər və kompensasiyaların miqdarı artırılmalıdır. İstirahət gününə və 8 saatdan artıq xidmətə görə kompensasiyanın ödənilməsi vacibdir;

– Hərbi qulluqçular xidməti başa vurduqdan sonra hərbi qanunvericilkdə nəzərdə tutulduğu kimi mənzil və torpaq sahəsi ilə təmin olunmalıdırlar, onlara güzəştli və faizsiz kredit verilməsi təmin olunmalıdır. Hərbi qulluqçulara xidmət dövründə xidməti mənzil (vəzifəyə, ailə üzvlərinin sayına uyğun mənzillər), 15 il xidmətdən sonra isə (mövcud qanunvericiliyə görə, hərbi qulluqçular 10 il xidmətdən sonra öz arzuları ilə ehtiyata buraxıla bilərlər) şəxsi mülkiyyətə verilmiş mənzil verilməlidir, xidmət müddətinin 25 ilə qaldırılması barədə təkliflər ləğv edilməlidir;

– Hərbi qulluqçuların ailə üzvlərinin sosial təminat məsələləri diqqət mərkəzində olmalıdır. Misal üçün hərbi qulluqçunun övladına və işləməyən həyat yoldaşına görə ödəmələr olmalıdır;

– Hərbi qulluqçuların dəfn mərasimi üçün ödəmələrin miqdarı artırılmalıdır;

– Hərbi qulluqçulara əillik dərəcəsinə görə ödəniş məbləği, müalicə üçün ödənişlərin məbləği artırılmalıdır;

– Hərbi qulluqçular üçün kommunal xərclərə görə və s. üzrə güzəşt və imtiyazlar olmalıdır və s.

Müşahidələr onu deməyə əsas verir ki, bu gün Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda xidmət edən hərbi qulluqçuların sosial təminatının güclənilməsinə kompleks yanaşılmasına zərurət yaranıb. Bu yanaşma hərbi qulluqçuların məvaciblərinin artırılmasını, onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsini, evlə təminatı və müasir dünya standartlarına uyğun pensiya təminatını nəzərdə tutmalıdır.

KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏ

Təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni effektli etmək üçün aşağıdakı tədbirlər görülməlidir:

– Dövlət idarəetmə sistemi tədricən və büsbütün dəyişməlidir. Hakimiyyətin qolları tam işlək vəziyyətə gətirilməlidir;

– Ruşvət və korrupsiyaya bulaşmış şəxslərin cəzalandırılma mexanizmi dəqiqləşdirilməli və bu prosesdə ictimai məlumatlandırma olmalıdır;

– Müdafiə xərclərinin istifadə olunduğu istiqamətlər şəffaf olmalı və bu barədə daim cəmiyyətə məlumatlar verilməlidir;

– Təhlükəsizlik və müdafiə sektorunda baş verənləri araşdıracaq konkret mexanizmin formalaşdırılması vacibdir. Həyata keçirilən antikorrupsiya prosesinin davamlılığını təmin etmək üçün müdafiə və təhlükəsizlk sektorunda korrupsiyaya qarşə mübarizə tədbirlərini daim həyata keçirən prezidentə tabe xüsusi bir struktur yaradılmalıdır. Bu istiqamətdə Şərqi Avropa ölkələrinin təcrübəsi mütləq öyrənilməlidir;

– Dövlətin mülki strukturları və eyni zamanda yaradılması təklif edilən qurum tərəfindən müdafiə xərclərinin istifadəsi prosesinə dair mütəmadi monitorinqlər keçirilməlidir;

– Korrupsiya və rüşvətxorluqla mübarizə tədbirlərində beynəlxalq təşkilatların – ATƏT, NATO, Avropa Şurasının dəstək alınmalıdır;

– Parlamentin müdafiə xərclərinin formalaşmasında və istifadə olunmasında səlahiyyəti və müdaxilə etmək imkanları artırılmaldıır;

– Güc strukturlarının keçirdikləri tenderlər, dövlət sifarişinin dəyərləndirilməsi kimi məsələlər ictimaiyyətə açıq olmalıdır.

Bununla yanaşı TMS-də təchizatla bağlı bütün tenderlər bu qurumların nəzarətindən çıxarılmalıdır. Bu proses müasir standartlara uyğunlaşdırılmalıdır. Hərbi hissələrdə müxtəlif istiqamətlər üzrə (silahlanma, qida, geyim, tikinti, tibbi təminat və s.) tenderləri həyata keçirəcək nəzarət qurumu yaradılmalıdır.

BÜDCƏ PLANLAŞDIRMASI VƏ ŞƏFFAFLIQ

NATO ölkələrinin və alyansla aktiv tərəfdaşlılq siyasəti yürüdən bəzi ölkələrin təcrübəsi göstərir ki, müdafiə xərclərinin təxminən 80 faizi ictimaiyyət üçün tam şəffaf, yerdə qalan hissəsi isə xüsusi etimad qrupları (xüsusilə parlamentdə təşkil olunmuş) üçün açıq ola bilər. Misal üçün, NATO ilə fəal əməkdaşlıq edən Gürcüstan Müdafiə Nazirliyinin saytında ölkənin müdafiə xərclərinin bir sıra istiqamətləri və ona ayrılan xərclər əksini tapır. Ukraynada da son illər bu istiqamətdə irəliləyişlərə nail olunub. 2007-ci ildən başlayaraq Ukrayna hakimiyyəti 4 istiqamət üzrə hərbi xərcləri ictimaiyyət üçün açıq elan etdi. Bunlar məvacib, ərzaq, geyim və infrastrukturun saxlanılması xərcləridir.

Beləcə, NATO ilə fəal tərəfdaşlıq siyasəti həyata keçirən bir sıra ölkələr, o cümlədən Azərbaycan üçün müdafiə xərclərinin bir sıra detallarının parlament və cəmiyyət üçün tam şəffaflığı vacibdir. Buraya ərzaq, infrastrukturun saxlanması, yanacaq, xidmətlər (elektrik enerjisi, su, telefon və s.), geyim, pul təminatı, nəqliyyat, treninqlər, tibbi yardım, beynəlxalq təşkilatlara mövcud köçürmələr, maliyyə əmlakı və s. daxildir. Parlament tərkibində xüsusi etimad qrupları yaradılmalı və onlar üçün müdafiə büdcəsinin silahlı qüvvələrin müasirləşdirilməsi, silah və sursatların saxlanılması, tədqiqat və inkişafa yönəlik xərcləri açıq olmalıdır.

NATO ölkələrinin təcrübəsi göstərir ki:

– müdafiə büdcəsində şəffaflıq parlamentin nəzarət funksiyasının səmərəli icrasını təmin edir;

– şəffaflıq təhlükəsizlik sektoruna ictimai inamı artırır.

Azərbaycan kimi ölkələrdə müdafiə büdcəsində şəffaflığın az olması isə büdcə formasının köhnəlmiş olmasına və ya təhlükəsizlik məqsədlərinin zəif ifadə edildiyinə dəlalət edir. Bu, qanunla müəyyən edilmiş milli audit təşkilatlarında çoxistiqamətli ekspertizaların yoxluğundan, qərarların ictimai araşdırılmasının təmin olunması barədə konstitusion qanunların zəif olmasından, hesabatdan çox gizliliyə üstünlük verən bürokratik münasibətdən xəbər verir.

Araşdırmalar göstərir ki, „müharibə şəraiti“ bəhanəsilə müdafiə xərclərinə nəzarətsizlik korrupsiya risklərini artırır. İlk növbədə bu sahədə şəffaflıq təmin edilməlidi, müharibə şəraitini bəhanə edərək vəziyyətdən sui-istifadə edilməsinə son qoyulmalıdır. Azərbaycanda müdafiə xərclərinin şəffaflığı məsələsində Beynəlxalq Valyuta Fondunun ekspert dəstəyindən istifadə edilə bilər. Belə ki, BVF-nin büdcə şəffaflığı ilə bağlı standartları var və bu bütün xərc istiqamətinə şamil edilə bilər.

Eyni zamanda bu istiqamətdə NATO-nun Building Integrity proqramının dəstəyindən də faydalanmaq mümkündür. Xatırladaq ki, bu proqram çərçivəsində NATO tərəfindən Azərbaycana dəstək bir neçə il öncə təklif olunub. Amma təəssüflər olsun ki, rəsmi Bakı bu təklifdən boyun qaçırır.

NATO standartlarına uyğun olaraq IPAP sənədində Azərbaycanda parlamentin müdafiə xərclərinə nəzarətlə bağlı səlahiyyətlərinin artırılması üçün bir sıra tövsiyələr mövcuddur. Əslində bu islahatlar Ukrayna, Gürcüstan, Ermənistan kimi ölkələrin parlamentlərinin fəaliyyət səlahiyyətlərinin artırılmasına təsir edib. Müasir standartlara görə, müdafiə məsələləri və təhlükəsizlik sektoru ilə bağlı nəzərdə tutulmuş büdcə prosesində parlamentlərin rolu ümumilikdə 4 hissəni əhatə etməlidir:

– birincisi, parlament müdafiə büdcəsinin hazırlanmasında iştirak etməlidir. İcra hakimiyyəti pul vəsaitlərinin bir sıra məqsədlər üçün yerləşdirilməsi təklifi ilə çıxış edir, parlament və onun üzvləri müxtəlif formal və qeyri-formal mexanizmlər vasitəsilə öz tövsiyələrini verməlidir. Müşahidələr göstərir ki, Azərbaycan parlamenti bu rola sahib deyil. Müdafiə xərcləri daha çox icra strukturları tərəfindən hazırlanır, parlamentin hər hansı təklifi və tövsiyəsi olmadan səs çoxluğu ilə qəbul edilir. Ümumiyyətlə, diqqətçəkən əsas problem parlament müzakirələrində müdafiə xərclərinə əlahiddə yanaşmanın yoxluğu ilə bağlıdır.

– ikincisi, parlament müdafiə xərclərini təsdiq etməlidir. Parlament ictimai maraqlar və pulların yerləşdirilməsi məsələlərini öyrənməli və müəyyən etməyi bacarmalıdır. Parlament təhlükəsizlik məsələləri barədə qaydalar müəyyən etməlidir. Milli Məclis müdafiə xərclərini təsdiq etsə də, təhlükəsizlik məsələləri barədə qaydaların müəyyən edilməsində səmərəli fəaliyyət göstərmir. Beləliklə, hazırda parlamentin rolu daha çox təsdiq xarakteri daşıyır və onun təsdiq olunmuş pulların hansı istiqamətə xərclənəcəyi, bunun üçün hansısa yeni qaydaların müəyyən edilib-edilmədiyinin zəruriliyi barədə effektiv rolu ortada deyil.

– üçüncüsü, parlament müdafiə xərclərinin icra prosesinə nəzarət edir və təhlil aparır. Eyni zamanda, şəffaflıq və hesabatın artırılmasına çalışır. Büdcədən artıq vəsait tələb olunduqda parlament xərclərin artmasının qarşısını almaq üçün həmin xərclərin monitorinqini və nəzarətini həyata keçirə bilər. Müşahidələr göstərir ki, Azərbaycan parlamenti aşkar olaraq bu səlahiyyətlərə malik deyil. Son illərin təcrübəsi göstərdi ki, MM ildən-ilə artan hərbi xərclərin icra prosesinə nəzarət edə bilmir. Bu xərclərin doğrudan da ölkənin müdafiə qüdrətinin güclənməsinə sərf olunub-olunmadığı barədə suallar açıq qalır. Son illərdə müdafiə xərclərindən istifadə prosesi ilə bağlı güc strukturları rəhbər orqanlarının parlament qarşısında hər hansı hesabatlılığı gözə dəyməyib. Audit Palatasının orduda hər hansı yoxlamalar aparma təcrübəsi isə məhduddur.

– dördüncüsü, parlament yerləşdirilmiş vəsaitlərin istifadəsi zamanı hökumət tərəfindən sui-istifadələrin olub-olmadığını yoxlamalı, audit həyata keçirməlidir. Əlavə olaraq hesabat, səmərəlilik və dəqiqliyi yoxlamaq üçün parlament vaxtaşırı bütün büdcəni yoxlayır. Bundan əvvəlki hissədə qeyd etdiyimiz kimi, Azərbaycanda müdafiə büdcəsi təsdiq olunduqdan sonra həmin dövrdə parlament tərəfindən hər hansı auditin həyata keçirilməsi ilə bağlı təcrübə ortada yoxdur. Ötən illərdə Azərbaycan güc strukturlarının fəaliyyəti üçün ümumilikdə ayrılmış milyardlarla vəsaitin necə istifadə olunduğu barədə parlamentin rəyi və təhlili olmayıb.

Əslində isə müdafiə xərclərinə nəzarət hökumətin siyasətinə təsir etməyin ən vacib yoludur. Hesabat və şəffaflıq büdcənin səmərəli icrası üçün əsas hallardır. Hesabatlılığın təminində ən yaxşı yol – büdcənin hazırlanma prosesinin şəffaf olmasıdır.

Qərb təcrübəsi göstərir ki, hər bir vətəndaşın (istər tək, istərsə də mütəşəkkil şəkildə) müdafiə büdcəsi barədə öz rəyi ola bilər və onu açıq şəkildə bildirə bilər. Bu, bütün müdafiə büdcəsi sənədlərinin asan struktura malik olmasını və onların ölkənin hər bir yerində əldə edilə bilən olmasını tələb edir. Qərbdə büdcə sənədlərinin surəti yerli kitabxanalara göndərilir, vətəndaşların istədiyi zaman sənədlə tanış olmasına şərait yaradılır.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s