“Cənubi Qafqaz ölkələri: ordu mətbuata qarşı və ya əksinə” – YENİ ARAŞDIRMA

qafqaz

Cənubi Qafqaz ölkələri içərisində yalnız Gürcüstanda mətbuat üçün rəsmi hərbi mənbələrin əhəmiyyətlilik faizi yüksəkdir. Digər iki ölkə – Azərbaycan və Ermənistan isə məcburiyyətdən qeyri-rəsmi mənbələrlə işləməkdə davam edirlər. Bu barədə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) hazırladığı “Cənubi Qafqaz ölkələri: ordu mətbuata qarşı və ya əksinə” adlı son araşdırmada bildirilir. İnstitut ekspertləri 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycan, Gürcüstan və Ermənistanın aparıcı media qurumlarının (TV, radio, çap və onlayn mətbuat) Təhlükəsizlik və Müdafiə sektoru ilə bağlı informasiyalarla işləmə durumlarını araşdırıblar. Araşdırma obyekti kimi hər üç ölkənin aparıcı telekanalları, yazılı (ənənəvi) və onlayn mətbuatının hərbi sahədə işıqlandırdığı məsələlər diqqət mərkəzində olub.

cesur11

İnstitutun direktoru Cəsur Sümərinlinin sözlərinə görə, araşdırma nəticəsində bəlli olub ki, Azərbaycan və Ermənistanda mətbuatın hərbi sahə üzrə araşdırmalarında istinad etdiyi rəsmi mənbələr ümumi hərbi informasiya payının 25 faizini təşkil edir. Hərbi sahə ilə bağlı məlumatların 75 faizi isə qeyri-rəsmi mənbələr hesabına formalaşır. Gürcüstanda isə hərbi sahədə rəsmi məlumatların mətbuat üçün əhəmiyyətlilik faizi 60 faizə qalxıb. Buna baxmayaraq Gürcüstanda mətbuat az da olsa hələ də hərbi sahə ilə bağlı qeyri-rəsmi mənbələrin məlumatından istifadə edir.

south_caucasus

İnstitutun araşdırmalarına görə, Azərbaycan və Ermənistanda mətbuat Təhlükəsizlik və Müdafiə sektoru (TMS) ilə bağlı məlumatların yalnız 5 faizini TMS-də təmsil olunan strukturlardan (Silahlı Qüvvələr, Daxili Qoşunlar, Sərhəd Xidməti və digər hərbi təyinatlı qurumlar), 5 faizini Parlamentdəki rəsmi mənbələrdən, 5 faizini müxtəlif dövlət qurumlarındakı rəsmi mənbələrdən, digər 5 faizini isə dövlət qurumlarındakı qeyri-rəsmi mənbələrdən alır. İnformasiyaların 10 faizi Qeyri-hökumət təşkilatlarından, 10 faizi beynəlxalq təşkilatlardan alınır. Hərbi sahədə informasiyaların əhəmiyyətli hissəsi isə əsgər ailələrindən (30 faiz) və TMS-dəki qeyri-rəsmi mənbələrdən (30 faiz) alınır. Beləliklə, sonuncu iki mənbə Cənubi Qafqazın iki respublikasının – Azərbaycan və Ermənistanın mediasında əsas, Gürcüstanda isə qismən xəbər ötürücü rolunu oynayır.

Gürcüstanda son illər hərbi sahə ilə bağlı rəsmi mənbələrdən gələn məlumatlar mətbuat üçün prioritet təşkil edir. Eyni zamanda əsgər ailələri və TMS-dəki qeyri-rəsmi mənbələr də müəyyən rol oynayır. Azərbaycan və Ermənistandan fərqli olaraq Gürcüstanda hərbi strukturlar, xüsusilə də Müdafiə Nazirliyi hərbi sahədə büdcə planlaşdırılması sahəsində prioritetləri ictimaiyyət üçün açıq elan edib və müxtəlif sosial qruplar, o cümlədən media və qeyri-hökumət təşkilatları hərbi quruculuq strategiyası ilə bağlı prosesdə iştirak edib öz töhvələrini vermək iqtidarındadırlar. Araşdırmalar göstərir ki, Gürcüstan hökuməti Müdafiə Nazirliyinə ictimai nəzarət prosesini cəmiyyətin, xüsusilə də media və qeyri-hökumət təşkilatlarının ixtiyarına verib. Xüsusilə də korrupsiya və rüşvətxorluqla qarşı mübarizə proqramlarında gənc QHT təmsilçilərinin rolu getdikcə daha qabarıq hiss olunur. “Misal üçün qeyd edə bilərik ki, güc strukturlarında korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni özündə əks etdirən NATO-nun Building Integrity (Düzgünlüyün təminatı) proqramının Gürcüstan Müdafiə Nazirliyində həyata keçirilməsi cəmiyyətlə əməkdaşlıqda maraqlı olan gənclərin əlindədir. Azərbaycana gəldikdə isə, rəsmi Bakı ümumiyyətlə, bu proqramdan imtina edib. Ermənistan isə bu proqram çərçivəsində NATO ilə əməkdaşlıq istiqamətində ehtiyatlı addımlar atır”, – deyə Cəsur Sümərinli bildirir. Onun sözlərinə görə, Gürcüstan parlamentindəki Təhlükəsizlik və Müdafiə Komitəsinin mətbuatla əlaqələri xüsusi diqqət kəsb edir. “Son 3 il ərzində məhz sözügedən komitə medianın hərbi sahədə araşdırmaları üçün əsas mənbə rolundadır. Azərbaycan və Ermənistanda isə parlamentin eynifunksiyalı komitələrinin mediaya yönəlik hər hansı müsbət fəaliyyətindən söhbət gedə bilməz. Bu qurumlar faktiki olaraq hərbi strukturlarda baş verən problemləri gizlətməklə məşğul olurlar”, – deyə C.Sümərinli bildirir.

Beləliklə, CDSI-nin araşdırmalarına görə, Cənubi Qafqaz ölkələrində, xüsusilə də Azərbaycan və Ermənistanda mətbuatla Təhlükəsizlik və Müdafiə sektoru arasındakı münasibətlərdə problemlər qabarıqdır. İnstitut bildirir ki, 2014-cü ilin ortalarından etibarən Azərbaycan mətbuatına hərbi sahə ilə bağlı yazıların dərc olunmasına  davamlı rəsmi və qeyri-rəsmi təzyiqlər göstərilir. Nəticədə Azərbaycan mətbuatının, xüsusilə də çap mətbuatının və telekanalların hərbi sahədə baş verən problemlərə “marağı” diqqətçəkən dərəcədə azalıb. Amma buna baxmayaraq hərbi sahədə problemlər daha çox sosial şəbəkələrdə və onlayn mediada diqqət mərkəzində olub. Ermənistanda isə mətbuata hərbi sahədə məlumatları işıqlandırmaqda uzunmüddətli qadağa qoyulmasına baxmayaraq son illər ərzində bu ölkədə hərbi sahədə tənqidi məlumatları yayan müstəqil saytlar və təşkilatlar formalaşmaqdadır.

CDSI ekspertləri Azərbaycan və Ermənistanda mətbuata hərbi sahədə rəsmi və qeyri-rəsmi məhdudiyyətlərin qoyulmasını bir sıra səbəblərlə əlaqələndirirlər. Onların fikrincə, bu səbəblərin bir çoxunda oxşarlıqlar var.

İnstitutun araşdırmalarına görə, Cənubi Qafqazda təhlükəsizlik və müdafiə sektorunda baş verən proseslərin mətbuatdan, bununla da cəmiyyətdən qapalı saxlanılması hərbi strukturlarda durumu çətinləşdirir. Hesab edilir ki, gizlilik və qeyri-şəffaflıq Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğun olması, büdcə talanı, hərbi hissələrdə qeyri-qanuni hərəkətlərin törədilməsi, döyüş və qeyri-döyüş ölümlərinin artması kimi hallarla müşayiət olunur. Bu hallar xüsusilə də Azərbaycan və Ermənistan Silahlı Qüvvələrində özünü göstərir.

CDSI ekspertləri hesab edirlər ki, mətbuatın TMS-də islahatlar prosesindən kənara çıxarılması müasir, keyfiyyətli və sosial təminatlı ordu quruculuğu hədəflərinə kökündən ziddir. Xüsusilə də Azərbaycan və Ermənistan kimi NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməkdaşlıq Planı (IPAP) üzrə konkret islahatlar proqramına malik ölkələrdə belə durum ordu quruculuğunda ciddi böhranla nəticələnə bilər.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu bir qrup jurnalist və hərbi ekspert tərəfindən 2014-cü ildə Almaniyada yaradılıb. Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, eyni zamanda Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda baş verən prosesləri təhlil etmək, strateji proqnozlar hazırlamaqdan ibarətdir.

CDSI İnformasiya Departamenti

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s