Hakimiyyət Pentaqonla əlaqələri tam kəsmək ərəfəsində

Dərc olunub 14 iyul 2015 – Müəllif Cəsur Sümərinli

http://www.meydan.tv/az/site/politics/6946/Hakimiyy%C9%99t-Pentaqonla-%C9%99laq%C9%99l%C9%99ri-tam-k%C9%99sm%C9%99k-%C9%99r%C9%99f%C9%99sind%C9%99.htm

necmeddin

Son günlər baş verən bütün proseslər Rusiyanın hərbi-siyasi elitası tərəfindən idarə olunur və Sadıqovun bəyanatı da istisna deyil

Bu gün Azərbaycan Müdafiə Nazirliyinin saytında Azərbaycan və ABŞ Müdafiə Nazirlikləri arasında münasibətlərə dair məlumat dərc olunub. (http://mod.gov.az/index2.php?content=news/2015/14_07_melumat_pentaqon)

İlk növbədə məlumatın texniki tərəflərinin qəribəlikləri barədə:

– Məlumat Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində dərc olunub. Maraqlıdır ki, bundan əvvəl saytda bir məlumatın müxtəlif dillərdə dərc olunması praktikasına rast gəlinməyib. Ehtimal ki, bu məlumatın Vaşinqton və Moskvaya çatdırılması məqsədilə belə tərcümə variantları yerləşdirilib;

– Məlumat “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Pentaqonla əlaqələrini bərpa edir” adlanır ki, onun içərisində başlığa uyğun hər hansı təsdiq məlumatı tapmaq mümkün deyil;

– Məlumatda ABŞ hərbi attaşesinin adı çəkilmir, onun fikirləri əksini tapmır və s.

Məlumatın məzmunundakı qəribəliklərə gəldikdə isə, aydın görünür ki, əslində SQ Baş Qərargah rəisi Nəcməddin Sadıqovun bəyan etdiyi fikirlər Azərbaycanın NATO və ABŞ-la əməkdaşlığın sonuncu mərhələsində olduğunu göstərir. Belə ki, böyük ehtimalla yaxın zamanlarda bu hərbi əməkdaşlıq tamamilə dayandırılacaq. Hətta belə görünür ki, Azərbaycan Əfqanıstanın sabitliyi üzrə də NATO ilə əməkdaşlığı dayandıra bilər. Niyə görə?

Çünki Nəcməddin Sadıqovun Rusiyanın hərbi-siyasi maraqlarının daşıyıcısı olduğu, anti-NATO mövqeyində olduğu heç kimə sirr deyil. Azərbaycan – NATO və Azərbaycan – ABŞ əməkdaşlığında artıq 5 ildir ki, mövcud olan böhranın əsas təşəbbüsçülərindən biri də məhz Nəcməddin Sadıqovdur. Nəcməddin Sadıqov hakimiyyətdəki Rusiyayönümlü əsas qruplaşmanın orduda təmsilçiliyini həyata keçirir. 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarının tətbiqinin dayandırılmasının əsas səbəbkarlarından biri də məhz bu şəxsdir. Beləliklə, Azərbaycan hakimiyyətinin son zamanlar Qərbə “diş qıcaması”nın fonunda Sadıqovun attaşeni nazirliyə dəvət etməsi və ona xəbərdarlıq fonunda fikirlərini çatdırması hakimiyyətin yaxın zamanlarda dövlətin strateji gələcəyinə dair ciddi siyasi bəyanatı səsləndirəcəyinə işarə hesab edilə bilər.

Bəs necə oldu ki, Azərbaycanın NATO və ABŞ ilə hərbi əməkdaşlığında böhran ortaya çıxdı? Bəzi məqamları xatırlayaq:

mn

2003-2004-cü illərdə ABŞ və Azərbaycan Müdafiə Nazirlikləri arasında “Xəzər Keşikçisi” (Caspian Guard) adlanan uzun dövrü əhatə edəcək bir sənəd razılaşdırıldı. Sənədə əsasən Birləşmiş Ştatlar Azərbaycanın quruda, havada və dənizdə müşahidə imkanlarının genişləndirilməsinə ciddi dəstək göstərəcək, Rusiya və İranla sərhədlərdə radar stansiyalarının quraşdırılmasıına yardım edəcək, dəniz müşahidə məntəqələrinin, hərbi hava limanlarının modernləşdirilməsinə, Hərbi Dəniz Qüvvələrinin və DSX Sahil Mühafizəsinin müasir gəmi və katerlərlə, avadanlıqlarla təchizatına dəstək göstərəcək, qeyd edilən istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi və mülki kadrlarının hazırlanmasına yardım edəcəkdi. Çox ambisiyalı məqsədləri nəzərdə tutan plan çərçivəsində 100 milyon dollardan artıq yardımın göstərilməsi nəzərdə tutulmuşdu.

2005-ci ildə Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (IPAP – Individual Partnership Action Plan) razılaşdırıldı və bu vacib plan iki tərəf arasında çoxtərəfli (hərbi, siyasi, elm) islahatlarla yanaşı, eyni zamanda “Xəzər Keçikçisi” planı üzrə də əməkdaşlığı nəzərdə tuturdu. Bu sənəddə əksini tapan əksər islahatlar iki il ərzində yerinə yetirilməli idi.

2006-2007-ci illərdə Rusiya və İranın hərbi-siyasi rəhbərliyi açıq şəkildə “Xəzər Keşikçisi” proqramına etiraz etdilər, regionda, xüsusilə də Xəzərdə hər hansı xarici hərbi iştirakın yolverilməzliyini bəyan etdilər. Rusiya Xəzəryanı ölkələrin hərbi qüvvələrindən ibarət “Kasfor” qüvvələrinin yaradılması ideyasını irəli sürdü. Bütün bunların nəticəsində Azərbaycan hakimiyyətinin təkidi ilə ABŞ “Xəzər Keçikçisi” proqramının adında və mahiyyətində dəyişikliklər etməyə məcbur oldu. Bundan sonra proqram “Xəzərin Təhlükəsizliyi Proqramı” adlandırılmağa başladı və onun mətnində bir sıra ixtisarlar edildi.

2006-cı ildə ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı (EUCOM) Azərbaycan Müdafiə Nazirliyi ilə xüsusi “İş Planı” üzrə əməkdaşlığa başladı. Əməkdaşlıq Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrində islahatları, kadr hazırlığını, hərbi avadanlıqların yenilənməsini, hava limanlarının və dəniz müşahidə məntəqələrinin müasirləşdirilməsini nəzərdə tuturdu. “İş Planı” üzrə əməkdaşlıq polkovniklərdən təşkil olunmuş işçi qrupu tərəfindən aparılırdı və mahiyyətinə görə çox əhəmiyyətli əməkdaşlıq istiqamətlərini nəzərdə tuturdu.

2005-2009-cu illərdə Azərbaycan və NATO, eyni zamanda ABŞ arasında təhlükəsizlik sahəsində informasiyaların aktiv mübadiləsi həyata keçirilib.

2007-2008-ci illərdə Birləşmiş Ştatların və NATO-nun dəstəyi ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının perspektiv inkişafını nəzərdə tutan xüsusi sənəd qəbul edildi.

2005-2009-cu illərdə Azərbaycan və ABŞ Müdafiə Nazirliklərinin yüksək rütbəli rəsmiləri, o cümlədən nazirlər və onların müavinləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib.

2007-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasını qəbul etdi və orada Avro-Atlantik inteqrasiya dövlətin prioritet strateji inteqrasiya kursu olduğu təsbit edildi.

2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi nəticəsində regionda yaranmış yeni durumun nəticəsində Azərbaycan rəsmiləri ölkənin xarici siyasət kursunda dəyişikliklər ediləcəyini bəyan etdilər. Nəticədə 2009-cu ildən başlayaraq: 1) “Xəzərin Təhlükəsizliyi” proqramı dayandırıldı; 2) İPAP sənədi üzrə əməkdaşlıq faktiik olaraq dondurulma ərəfəsinə daxil oldu; 3) Polkovniklərin “İş Planı” dayandırıldı; 4) Azərbaycanın xarici strateji sənədlərinin əsas müddəalarında dəyişiklik edilməsi qərarı verildi; 5) Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarının tətbiqi dayandırıldı; 6) Birləşmiş Ştatlarla hərbi kadrların hazırlanması istiqamətində əməkdaşlıq dayandırıldı; HHQ və HHMQ-nin inkişafını tutan proqramın tətbiqi dayandırıldı.

Nəticədə Azərbaycan Rusiya ilə hərbi-siyasi əməkdaşlığı gücləndirdi və 2009-cu ildən başlayaraq Azərbaycan Rusiya ilə: 1) Hərbi kadrların hazırlığı; 2) Silah və hərbi texnika alışı; 3) Strateji hərbi planlaşdırma; 4) Müdafiə sənayesi; 5) Xəzərin təhlükəsizliyi və s. əməkdaşlıq etməyə başladı.

2010-cu ildə rəsmən qəbul olunmuş Hərbi Doktrinada Azərbaycan Respublikasının strateji perspektivinin “neytral” olacağı bəyan edildi və ardınca da Azərbaycan “Qoşulmayanlar Hərəkatı” na üzv oldu.

2010-2011-ci illərdə Birləşmiş Ştatların rəsmiləri tərəfindən Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan yeni ideyalar səsləndirildi və bu ideyaların daxil edildiyi proqram daha çox Xəzərdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində təcrübə və kadr mübadiləsini nəzərdə tuturdu. Təəssüflər olsun ki, Azərbaycan rəsmiləri bu ideyaya o qədər də maraq göstərmədilər. Bu kontekstdə Rusiyanın təsir və təzyiqləri nəticəsində İlham Əliyev hakimiyyəti qeyd edilən proqramın reallaşdırılması istiqamətində hər hansı səylər ortaya qoymadı.

2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərindən öncə ABŞ rəsmiləri İlham Əliyevin 3-cü dəfə prezident seçilməsinin mümkünsüzlüyü barədə bəyanatlar səsləndirdilər, həmin ilin oktyabrında o vaxtkı müdafiə nazirli Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfirini görüşə dəvət etmiş və nəticədə qapalı görüşdə deyilən fikirlərin (sonradan ABŞ səfirliyi belə fikirlərin səsləndirilmədiyini bəyan etdi) Müdafiə Nazirliyi tərəfindən gizli olaraq qeydə alındığı iddia olunmuş və daha sonra bu fikirlər mətbuata çıxarılmışdı. Bunun nəticəsində iki ölkə arasında münasibətlər gərginləşdi və Səfər Əbiyevin Birləşmiş Ştatlara və NATO-ya nəzərdə tutulmuş səfərləri ləğv edildi, müdafiə nazirlikləri arasında planlaşdırılan çoxsaylı tədbirlər ləğv edildi.

2014-cü ildə ABŞ və Azərbaycan Müdafiə nazirlikləri arasında nəzərdə tutlması planlaşdırılan tədbirlərin tam əksəriyyəti yerinə yetirilməmiş qalıb. 2015-ci ildə ABŞ və Azərbaycan arasında hərbi sahədə diqqətçəkən hərbi əməkdaşlıq baş tutmayıb və ümumilikdə, Azərbaycanın müdafiə naziri Zakir Həsənov nazir təyin olunduğu 2013-cü ilin oktyabrından bu yana bir dəfə də olsun Birləşmiş Ştatlara dəvət edilməyib.

Belə bir durumda əslində ABŞ hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət etməklə Nəcməddin Sadıqov şəxsində Azərbaycan hakimiyyəti ABŞ-ı seçim qarşısında qoymağa çalışıb. Bu, Sadıqovun bəyanatında da əksini tapır. Hərbi mənbədən verilən məlumata görə, N.Sadıqov görüşdə açıq şəkildə bəyan edib ki, “əgər ABŞ Azərbaycanın demokratikləşməsi istiqamətində səylərini dayandırmasa, onda Azərbaycan ABŞ-la və NATO ilə hərbi əməkdaşlığı, ümumiyyətlə, dayandıracaq. Sözsüz ki, ABŞ-ın hərbi attaşesi Azərbaycanın demokratikləşməsinin, iqtisadi inkişafının və eyni zamanda təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın Vaşinqton üçün eyni səviyyəli prioritet olduğunu qeyd etdi və aydın şəkildə bildirdi ki, bu prioritetlərdən heç biri digərindən üstün deyil”.

Müşahidə olunan proses ondan ibarətdir ki, son günlər baş verən bütün proseslər Rusiyanın hərbi-siyasi elitası tərəfindən idarə olunur və Sadıqovun bəyanatı da istisna deyil. İndi Azərbaycan hakimiyyəti Rusiyanın hərbi-siyasi boyunduruğuna daxil olmaq üçün zəmin axtarır. İyulun 14-dəki görüş böyük ehtimalla bu perspektivə hesablanıb. Çünki aydındır ki, Birləşmiş Ştatlar Azərbaycanın demokratikləşməsi istiqamətində göstərdiyi səylərdən geri çəkilməyəcək və beləliklə, İlham Əliyev hakimiyyəti bunu “bəhanə” gətirərək, Rusiya ilə aşkar yaxınlaşmağa, eyni ittifaqda təmsil olunmağa qərar verəcək.

MN-in rəsmi məlumatına görə, N.Sadıqov ABŞ hərbi attaşesi ilə görüşdə ABŞ-la hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib, amma bəllidir ki, bütün bu “soyuqluğun” əsas baiskarı Azərbaycan hakimiyyətidir. Sadıqov inanır ki, əməkdaşlıq bərpa olunacaq. Amma bu əməkdaşlığa Rusiyanın və özünün də təmsil olunduğu Rusiyayönümlü qrupun imkan verməyəcəyinə əmindir…

Bu ərəfədə Birləşmiş Ştatlardan gələ biləcək əks bəyanatlar da əhəmiyyət kəsb edəcək…

Belə görünür ki, Azərbaycan hakimiyyəti hazırda uçurumun başında dayanıb. Bu uçurum əslində Azərbaycanın dövlət təhlükəsizliyi üçün uçurumdur….

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s