“Azərbaycanda hərbi problemlərin ictimai müzakirəsinə qadağa qoyulub” – YENİ HESABAT

Orduda insan haqlarının vəziyyəti ilə bağlı 2015-ci ilin ilk rübünə dair hesabat

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin birinci rübündə “Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda insan haqlarının durumunun monitorinqi”nin nəticələrini açıqlayıb.

cdsi

Hesabat aşağıdakı hissələrə ayrılır:

  • Müdafiə Nazirliyinin fəaliyyəti: pozitiv və neqativ məqamlar;
  • Digər güc strukturlarının fəaliyyəti;
  • Hərbi sahədə Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə;
  • Döyüş və qeyri-döyüş itkiləri;
  • Ordu: Şəffaflıq və hesabatlılıq;
  • Hərbi sahədə informasiya azadlığının durumu;
  • Hərbi sahədə Medianın fəaliyyəti;
  • Hərbi sahədə Qeyri-hökumət təşkilatlarının fəaliyyəti.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu bəyan edir ki, qeyd edilən hesabatın hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən medianın, qeyri-hökumət təşkilatlarının, güc strukturlarının fəaliyyətinə istinad edilib. Hesabatla bağlı rəy və təklifləri olan şəxslərin caspiandefense@gmail.com ünvanına yazmaları xahiş olunur.

MÜDAFİƏ NAZİRLİYİNİN FƏALİYYƏTİ: POZİTİV MƏQAMLAR

mn

“Xəzər” İnstitutunun araşdırmalarına görə, 2015-ci ilin ilk rübündə dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda son 20 ildə müşahidə olunmayan “canlanma və hərəkətlilik” hiss edilib. Müdafiə Nazirliyinin ayrı-ayrı məmurlarının, eləcə də mətbuat xidmətinin rəsmən açıqladığı məlumatlara görə, ötən 3 ay ərzində Silahlı Qüvvələrin ayrı-ayrı hərbi hissələrində aşağıdakı bir sıra pozitiv dəyişikliklər baş verib:

  • Əsgərlərin texniki-yardımçı vəzifələrdən tədricən uzaqlaşdırılmasına başlanılıb, bu vəzifələrə mülkilərin cəlb olunması həyata keçirilir;
  • Vaxtilə hərbi xidmətdə olmuş əsgər və çavuşların müddətdən artıq hərbi xidmət qulluqçusu vəzifələrinə cəlb olunması prosesi davam edir;
  • Qadınların hərbi xidmətə cəlb olunması prosesi sürətləndirilib;
  • Silahlı Qüvvələrdə döyüş hazırlığı təlimləri intensivləşdirilib;
  • Silahlı Qüvvələrin istifadəsinə yeni silah və hərbi texnikalar verilir;
  • Hərbi hissələrdə yeni tikintilər və bərpa prosesi müşahidə olunur;
  • Hərbi qulluqçuların qida və geyim təminatında təminatında yeniliklər var;
  • Müdafiə Nazirliyinin hərbi qulluqçulara olan bir sıra borclarının ödənilməsi istiqamətində işlər görülür. Xüsusilə də əşya-əmlak əəvəzinə kompensasiyanın ödənilməsinə başlanılıb;
  • Ayrı-ayrı hərbi hissələrdə əsgərlərin məvaciblərinin qeyri-qanuni olaraq tutulması, əsgərlərin müəyyən qanunsuz vəsait hesabına məzuniyyətə və ya ezamiyyətə göndərilməsi halları qismən azalıb;
  • Qanunsuz hallarla üzləşən hərbi qulluqçuların, xüsusilə də əsgərlərin hadisə ilə bağlı hərbi iyerarxiyadan kənar birbaşa Müdafiə Nazirliyinin aparatına məlumat vermək imkanları asanlaşıb.

Bütün bunlar müsbət hesab olunsa da, nə dərəcədə effektiv olması və hansı hədəflər güdülməsi çoxsaylı suallar doğurur.

MÜDAFİƏ NAZİRLİYİNİN FƏALİYYƏTİ: NEQATİV MƏQAMLAR

nato

Rəsmi məlumatların monitorinqi göstərir ki, Silahlı Qüvvələrdə baş verən müsbət dəyişikliklər cüzi olmaqla yanaşı böyük neqativ prosesin kölgəsində qalır. Belə ki, Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarının tətbiqi istiqamətində bir vaxtlar sürətlə həyata keçirildiyi bəyan edilən addımlar dayandırılıb. Baxmayaraq ki, rəsmi Bakı bu yaxınlarda NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) 4-cü mərhələsini razılaşdırdı, ötən 3 mərhələdə əksini tapmış öhdəliklərin həyata keçirilməməsi 4-cü mərhələnin də diqqətdən kənar qalacağı ehtimalını yaradır. Azərbaycan və NATO rəsmilərinin indiyədək səsləndirdikləri bəyanatların məğzinə istinad edərək IPAP sənədinin Azərbaycan Silahlı Qüvvələrində əsasən aşağıdakı istiqamətlərin inkişafını nəzərdə tutduğu məlumdur:

  • Müdafiə Nazirliyində idarəetmənin təkmilləşdirilməsi və mülki mütəxəssislərin yuxarı strukturlarda vəzifələrə cəlb olunması, hərbi-mülki strukturun yaradılması. Beləliklə, Müdafiə Nazirliyinin aparatının mülkiləşdirilməsi və Silahlı Qüvvələrin Baş Qərargahından ayrılması və daha çox ordu içində nəzarətedici funksiyaya malik olması;
  • Silahlı Qüvvələrdə orta və aşağı vəzifələrdə hərbi qulluqçular arasında tabeçilik münasibətlərinin təkmilləşdirilməsi, çavuş idarəetmə sisteminin yaradılması və təkmilləşdirilməsi;
  • Zabitlərin karyera imkanlarının artırılması, onların sosial təminatının gücləndirilməsi, xidməti ağırlığa görə maddi-texniki təminatın fərqli olması;
  • Hərbi təhsilin müasirləşdirilməsi və bu istiqamətdə Qərbin akademik dairələri ilə əməkdaşlığın dərinləşdirilməsi;
  • Silahlı Qüvvələrin cəmiyyətlə əməkdaşlıq səviyyəsinin və informasiya siyasətinin təkmilləşdirilməsi;
  • Silahlı Qüvvələr – Parlament – Cəmiyyət (media və QHT) əməkdaşlıq üçbucağının qurulması və güc strukturlarının hesabatlığının təmin edilməsi;
  • Şəffaf büdcə planlaşdırması və hesabatlılıq;
  • Strateji Müdafiə İcmalının və Silahlı Qüvvələr quruculuğu strategiyasının qəbul olunması, hərbi-siyasi sənədlər, xüsusilə Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinanın təkmilləşdirilməsi;
  • Silahlı Qqüvvələrin maddi-texniki təchizatı və xüsusilə də arxa cəbhə təminatı istiqamətində müasir standartların tətbiq olunması;
  • Orduda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və bu istiqamətdə NATO-nun dəstəyindən yararlanmaq;
  • Güc strukturları arasında münasibətlərin təkmilləşdirilməsi və hərbi sistemin hüquq-mühafizə sistemindən ayrılması.
  • və s.

Araşdırmalar göstərir ki, ötən dövrdə qeyd edilən istiqamətlərin heç biri üzrə diqqətçəkən islahatlar həyata keçirilməyib. Rəsmi məlumatların təhlili göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən son dəyişikliklər strateji perspektivə hədəflənməyib və ümumilikdə, orduda müasir idarəetmənin əsası olacaq sağlam zabit kadrlarının yetişdirilməsi və onların fəaliyyəti üçün təminatlı şəraitin yaradılması prosesi hələlik yoxdur. Eyni zamanda hərbi struktura mülki nəzarəti yarada biləcək prosesdən hələ ki yan keçilir. Nümunə üçün qeyd edək ki, qonşu Gürcüstan Respublikası Silahlı Qüvvələrinin quruculuq planlarını özündə əks etdirən 5 illik strateji proqram 2012-ci ildə qəbul edilib. Bu proqram 2013-2017-ci illəri əhatə edir və gürcü ordusunda baş verəcək dəyişikliklərin nə ilə yekunlaşacağını o proqramdan aydın görmək mümkündür. Azərbaycanda isə belə və yaxud ona oxşar hər hansı sənəd və ya strategiya qəbul edilməyib. Bu da həyata keçirilən dəyişikliklərin spontan olduğu və ümumi bir prosesin hissələri olmadığını deməyə əsas verir.

Diqqət çəkən problemlərdən biri Müdafiə Nazirliyinin istifadə olunmamış məzuniyyətə görə zabitlərə pul kompensasiyasının verilməsini gecikdirməsidir. Eyni zamanda diqqətdə olan problemlərdən biri 1998-2003-cü illərdə cəbhə xəttində xidmət etmiş, lakin üç qat əmək haqqı əvəzinə qanunsuz olaraq iki qat əmək haqqı ilə təmin olunmuş hərbi qulluqçulara həmin bir qatın indiyə qədər verilməməsidir. Müdafiə Nazirliyi bu istiqamətdə hər hansı məqsədyönlü fəaliyyəti müşahidə olunmur. Hərbi qulluqçuların mənzil təminatı problemi də diqqətçəkən problemlərdəndir.

KORRUPSİYA və RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏ

manat

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bir müddət öncə rəhbərlik etdiyi qurumun 2014-cü ildə fəaliyyətinə dair hesabatını təqdim edərkən Azərbaycan Silahlı Qüvvələrində korrupsiya hallarına görə xeyli sayda zabitin həbs olunduğunu bəyan etdi. Amma mövcud vəziyyət onu deməyə əsas verir ki, bu hesabat gerçəklikdə Azərbaycan Silahlı Qüvvələrində korrupsiyanın və rüvətxorluğun kökünün kəsildiyini və ya, hərbi-siyasi rəhbərliyin qısa zaman kəsiyində bu hədəfə çatmaq uğrunda israrla çalışdıqlarını deməyə əsas vermir.

Niyə əsas vermir? Korrupsiya ittihamına görə həbs olunmuş bir sıra zabitlərin qısa müddət ərzində həbsdən buraxılması və ya adı rüşvətxorluqda hallanan zabitlərin bir vəzifədən digər vəzifəyə təyin edilməsi korrupsiyaya qarşı mübarizədə ali-siyasi rəhbərliyin necə israr göstərdiyinin açıq görüntüsüdür. Hazırda Müdafiə Nazirliyində yüksək vəzifə tutan xeyli sayda hərbi qulluqçunun adı vaxtilə ordudakı korrupsiyada hallanıb. Xüsusilə də keçmiş müdafiə naziri Səfər Əbiyevin, hazırkı baş qərargah rəisi Nəcməddin Sadıkovun və onların çevrələrinin bu istiqamətdə adları vaxtilə mətbuatın dilində əzbər idi. Cəmisi 3-4 il bundan öncə müstəqil və müxalifət mediası onlara məxsus obyektlərin, villaların siyahısını dərc etmişdi. Amma göründüyü kimi, nə onlar, nə də adları korrupsiyada hallanan xeyli sayda general və polkovniklər həbsdədir.

Diqqət çəkən məsələlərdən biri NATO-nun korrupsiyaya qarşı mübarizə istiqamətində Azərbaycana dəstək vermək arzusunun rəsmi Bakı tərəfindən rədd edilməsidir. Söhbət Building Integrity (Etimad Quruculuğu) Proqramından gedir. Cənubi Qafqazda Gürcüstan NATO-dan bu dəstəyi alıb və Silahlı Qüvvələrdə korrupsiyanın və rüşvətxorluğun kökünün kəsilməsi istiqamətində xeyli irəli gedib. Ermənistan isə hazırda bu istiqamətdə NATO ilə əməkdaşlığı tədricən gücləndirir. Rəsmi Bakı isə naməlum səbəblərdən artıq 5 ildir ki NATO-nun bu dəstəyindən imtina edir.

Rəsmi Bakı eyni zamanda büdcə planlaşdırılması prosesinin müasir standartlara uyğunlaşdırılması istiqamətində Qərbin verdiyi ekspert dəstəyindən imtina edib, bəzən isə əməkdaşlıq görüntüsü yaratmaq üçün bir sıra tədbirlərə qatılır. Belə görünür ki, ümumilikdə  4 milyardlıq müdafiə xərclərinin korrupsiyanın hədəfi olduğuna dair ciddi ictimai ehtimallara rəsmilərin əks arqumentləri olduqca azdır.

Müşahidə olunan durum onu göstərir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin tikinti – ərzaq – geyim təminatı üçün həyata keçirilən tender müsabiqələri cəmiyyətdən qapalı saxlanılır və bir çox araşdırmaçılara görə, xüsusilə də bu proses korrupsiyanın hədəfindədir.

DÖYÜŞ VƏ QEYRİ-DÖYÜŞ İTKİLƏRİ

shehid

Xəzər Hərbi Tədqiqatlar İnstitunun Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə görə, 2015-ci ilin ötən dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 19 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 12-i döyüş, 7 nəfəri isə qeyri-döyüş itkiləridir. Belə ki, 11 nəfər erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4 nəfər qeyri-nizamnamə hadisələrindən, 1 nəfər silahla ehtiyatsız davranmadan, 1 nəfər bədbəxt hadisədən, 1 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.

Ötən dövrdə Azərbaycanın 5 hərbi qulluqçusu bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 3 hərbi qulluqçu erməni gülləsindən, 1 nəfər mina partlayışından, 1 nəfərsə qeyri nizamnamə hadisələrindən yaralanıb və ya xəsarət alıb. Yaralananlar Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.

İnstitutun araşdırmalarına görə, ötən illərlə müqayisədə Azərbaycan ordusunun döyüş itkiləri kəskin artıb. Eyni zamanda 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə də itkilərin ümumi sayı artıb. 2014-cü ilin ilk rübündə 16 hərbi qulluqçu dünyasını dəyişmişdi və onların əksəriyyəti qeyri-döyüş itkiləri idi.

Araşdırmalar göstərir ki, döyüş itkilərinin sayının artmasına cəbhə xəttində gərginliyin çoxalması, qeyri-döyüş itkilərinə səbəb isə hərbi qulluqçular arasında tabeçilik münasibətlərində yaranmış problemlərdir.

Qeyd edək ki, 2015-ci il, aprelin 2-də müdafiə naziri Zakir Həsənov bu il Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində 8 hərbi qulluqçusunu itirdiyi bəyan edib. Amma Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş məlumatların monitorinqi bu il cəbhə xəttində ən azı 10 hərbi qulluqçunun həlak olduğunu göstərir. Əlavə olaraq bir şəhid xəbərinə Müdafiə Nazirliyinin münasibəti açıqlanmayıb. Aşağıdakı məlumatlardan bunu görmək mümkündür:

26 yanvar. Müdafiə Nazirliyinin məlumatına görə, düşmən hücumlarının qarşısı alınan zaman Azərbaycanın 3 hərbi qulluqçusu şəhid olub. Nazirlik şəhidlərin adlarını açıqlamayıb. Sosial şəbəkələrdə dərc olunan məlumata görə:  Zaqatala rayonundan  Elşən Əfəndiyev (20 yaş, Zaqatala), Dəvəçi rayonundan gizir Sənan İsayev (33 yaşlı, Dəvəçi rayonu) və Hacıqabul rayonundan  Vüqar Qasımov yanvarın 24-də şəhid olublar.

31 yanvar. Xocavənd istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu (Şəki rayonundan çağırılıb) dayaq məntəqəsində şəhid olub (mənbə: Müdafiə Nazirliyi).

5 fevral. Erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb. Vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb (mənbə: Müdafiə Nazirliyi).

21 fevral. Düşmənin Azərbaycan Silahlı Qüvvələrinin  bölmələrinin mövqelərinə basqını zamanı əsgər Cavadov Zəlimxan Eybalı şəhid olub. O, Qobustan rayonundan hərbi xidmətə çağırılıb (mənbə: Müdafiə Nazirliyi).

1 mart. Tərtər rayonu „N“ saylı hərbi hissədə 19 yaşlı əsgər Mirzəyəv Mehdi Nəbi oğlu erməni snayperindən açılan atəş nəticəsində şəhid olub. Mərhum yaşadığı Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb (mənbə: Blogger Həbib Müntəzir Facebook səhifəsində bildirib).

11 mart. Ermənistan ordusu ilə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub (mənbə: Müdafiə Nazirliyi).

13 mart. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub. (mənbə: Müdafiə Nazirliyi).

26 mart. Goranboy rayonundan çağırılmış Kazımov Etibar Xudavi oğlu Tərtər rayonunun Qapanlı kəndi istiqamətində erməni gülləsindən şəhid olub (mənbə: Müdafiə Nazirliyi).

27 mart. Ağdam istiqamətində Lənkəran rayonundan çağırılmış Azərbaycan Silahlı Qüvvələrinin zabiti baş leytenant, 1980-ci il təvəllüdlü Əhmədov İqbal Sərraf oğlu düşmən gülləsindən şəhid olub (mənbə: Müdafiə Nazirliyi).

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, cari ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda dünyasını dəyişən hərbi qulluqçuların real sayı hələlik bəlli deyil. Xüsusilə də Müdafiə Nazirliyindən başqa güc strukturlarında baş verən hadisələr cəmiyyət üçün tamamilə qapalı saxlanılır.

Əsgər ölümləri niyə gizlədilir? Silahlı Qüvvələrdə mövcud durumun qapalı saxlanılması, əsgər ölümlərinin cəmiyyətə açıqlanmamasının kökündə nə dura bilər? Xəzər Hərbi Tədqiqatlar İnstitutunun ehtimalına görə, aşağıdakı səbəblər mümkündür:

  • Silahlı Qüvvələrdə real vəziyyətin ictimaiyyətdən gizlədilməsi və bununla da cəmiyyətdən gələ biləcək təpkilərin neytrallaşdırılması. Müdafiə xərclərinin ciddi şəkildə artırılmasının fonunda Silahlı Qüvvələrdə problemlərin paralel artmasını pərdələmək;
  • Müharibə hazırlığı ilə əlaqədar olaraq istər Silahlı Qüvvələrdə, istərsə də cəmiyyətdə vətənpərvərlik hissini artırmaq və s.

ORDU: ŞƏFFAFLIQ VƏ HESABATLILIQ

parlament

Araşdırmalar göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunun parlament və ümumilikdə cəmiyyət qarşısında hesabatsızlığı problem xarakteri daşımaqda davam edir. Bu xüsusilə iki məqamda özünü göstərir:

  • Müdafiə xərclərinin xərclənməsi prosesi və onun niyə kəskin artırılması səbəbləri ilə bağlı cəmiyyət qarşısında rəsmi və ciddi əsaslandırma yoxdur. Bu məsələ ilə bağlı Müdafiə Nazirliyinin və digər güc strukturlarının nümayəndələri parlament qarşısında hər hansı hesabatla və ya təkliflərlə çıxış etməyiblər. Bu baxımdan istər keçmiş müdafiə naziri Səfər Əbiyev, istərsə də növbəti nazir Zakir Həsənov parlament qarşısında hər hansı hesabatla çıxış etməyiblər və millət vəkillərinin ordudakı durumla bağlı suallarını cavablandırmayıblar;
  • Müdafiə Nazirliyinə məxsus informasiya qurumları (mətbuat xidməti, sayt, qəzet və jurnallar) hərbi xərclərin Müdafiə Nazirliyinə aid hissəsi ilə bağlı hər hansı məlumatı yaymaqdan imtina edirlər. Söhbət burada hərbi sirrdən getmir. Söhbət, ümumilikdə müasir standartlara uyğun olaraq cəmiyyət qarşısında hesabatlılıqdan gedir;
  • Təhlükəsizlik və müdafiə sektorunda baş verən cinayət hadisələri, əsgər ölümləri, korrupsiya və rüşvətxorluqla bağlı güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin cəmiyyət qarşısında hesabatlılığı yoxdur.

Beləliklə, bütün baş verənlər Təhlükəsizlik və Müdafiə sektoru ilə bağlı cəmiyyətdə informasiya aclığı yaradır.

HƏRBİ SAHƏDƏ İNFORMASİYA AZADLIĞININ DURUMU

info

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmaları göstərir ki, 2014-cü ilin yayından etibarən Azərbaycanda hərbi sektorla bağlı rəsmi məlumatların əldə edilməsi prosesi çətinləşib. Ötən ilin avqust və sentyabr aylarında ölkə rəhbərliyi medianın hərbi sahədə informasiyaya girişini məhdudlaşdıran qərarlar qəbul etdi. O vaxtdan etibarən Müdafiə Nazirliyinin mətbuat xidməti cəmiyyəti narahat edən sualları cavabsız buraxır. Halbuki müasir standartlara uyğun olaraq hərbi struktur baş verən proseslər, o cümlədən problemlərlə bağlı cəmiyyəti məlumatlandırmaqda maraqlı olmalı idi.

Xəzər İnstitutuna daxil olan məlumatlar göstərir ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinə mətbuat xidməti vasitəsilə daxil olmuş sualların 90 faizi cavablandırılmamış qalır. Eyni zamanda MN mətbuat xidməti online mətbuatda dərc olunmuş bir sıra məlumatların çıxarılmasını israr edir və əksər hallarda təzyiqlərə məruz qalan mətbuat həmin məlumatları “silirlər”. 2015-ci ilin ilk rübündə bu kimi faktlar qeydə alınıb və “silinən” məlumatlar əsasən əsgər ölümləri ilə bağlıdır. Monitorinq göstərir ki, xüsusilə də qeyri-döyüş itkilərinin mətbuatda işıqlandırılması çətinləşib, bir sıra mətbu orqanlar məlumatı dərc etməkdən imtina edirlər, bəziləri isə məlumatı yerləşdirdikdən sonra onu güc strukturlarının təzyiqi altında çıxardırlar.

Nəzərə alınmalıdır ki, Azərbaycanın dövlət büdcəsinin təxminən 20 faizi müdafiə xərcləri təşkil edir və bu baxımdan güc strukturları üçün cəmiyyət qarşısında hesabatlılıq zəruri əhəmiyyət kəsb etməlidir. Lakin müşahidə olunan vəziyyət onu deməyə əsas verir ki, bu gün güc strukturları, xüsusilə də Müdafiə Nazirliyi problemləri, qanunsuzluqları gizlətməklə məşğuldur.

HƏRBİ SAHƏDƏ MEDİANIN FƏALİYYƏTİ

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, 2015-ci ilin ilk rübündə Azərbaycanın aparıcı çap mətbuatında Silahlı Qüvvələrdəki problemlər barəsində cəmisi bir neçə məqalə gözə dəyib. Onlar da müxalifətyönlü mətbuatda işıqlandırılıb. Halbuki 2014-cü ilin müvafiq dövründə çap mətbuatında yüzlərlə məqalə işıq üzü görürdü və Silahlı Qüvvələrdəki durum cəmiyyətin bir nömrəli maraq obyekti idi.

Ötən rübdə bir sıra online media ordudakı problemlərin işıqlandırılmasına maraq göstərib. Onlar da əsasən xarici informasiya agentliklərinin Azərbaycan nümayəndəlikləridir. Yerli informasiya agentliklərindən yalnız biri təzyiq və təhdidlərə baxmayaraq Silahlı Qüvvələrdəki problemlərin işıqlandırılması siyasətini davam etdirir.

HƏRİ SAHƏDƏ QHT-lərin FƏALİYYƏTİ

2014-cü illə müqayisədə Azərbaycan cəmiyyətində Təhlükəsizlik və Müdafiə sektorunda durumla bağlı ictimai müzakirələr demək olar ki dayanıb. Hərbi sektorda olan problemlərin hüquqi yolla həlli istiqamətində fəaliyyət göstərən QHT-lərin fəaliyyəti tamamilə iflic olub. Hərbi sahədə fəaliyyət göstərmiş bir çox hüquq müdafiəçiləri, təhlilçilər və ekspertlər ölkəni tərk etmək məcburiyyətində qalıblar. Ölkədə qalan azsaylı hərbyönümlü QHT nümayəndələri və hərbi təhlilçilər, hərbi hüquqşünaslara ciddi təzyiq və təpkilər mövcuddur, onların Silahlı Qüvvələrdə insan haqlarının qorunması istiqamətində fəaliyyəti məhdudlaşdırılıb.

Faktiki olaraq 2014 və 2015-ci illərdə Azərbaycanda 15-ə yaxın hərbyönlü Qeyri-hökumət təşkilatlarının fəaliyyəti dayandırılıb və ya tamamilə iflic olub. Beləliklə, Azərbaycan Silahlı Qüvvələrindəki durumun ölkənin vətəndaş cəmiyyəti tərəfindən araşdırlması və dəyərləndirilməsi imkanları məqsədyönlü şəkildə məhdudlaşdırılıb. Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanları mətbuatı və qeyri-hökumət təşkilatlarını daimi təzyiq və təhdid altında saxlayırlar. Silahlı Qüvvələrdə mövcud problemləri işıqlandıran, əsgər ölümləri barədə araşdırma aparan media, jurnalistlər və QHT nümayəndələri güc strukturları tərəfindən açıq təqiblərə məruz qalırlar.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, yaxın perspektiv üçün, Azərbaycanda hərbi problemlərin ictimai müzakirəsinə qoyulmuş qadağanın aradan qaldırılması gözlənilmir.

 “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu İnformasiya Departamenti

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s