“200 mindən çox valideyn 18 ay ərzində çağırış sisteminin əsirinə çevrilir”

„Xəzər” Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda insan haqlarının durumunun monitorinqinə dair layihəni davam etdirir. Müsahibimiz Azərbaycan Regional Strateji Araşdırmalar İnstitutunun direktoru, Milli Şura üzvü Yaşar Cəfərlidir.

yashar

“Zabit peşəsi əmək birjasında rəqabətə dözümlülükdə geri qalır”

– Ordumuzda insan haqları ilə bağlı problemlərin əsas səbəbləri nədən qaynaqlanır?          

– Bütün sirləri, problemlərin kökünü siyasi hakimiyyətin ordu quruculuğu konsepsiyasında axtarmaq lazımdır. Kağız üzərində elan olunmuş konsepsiyadan söhbət getmir. Söhbət hakimiyətin Silahlı Qüvvələrə münasibətdə həyata keçirdiyi real siyasətdən gedir. İqtidar Ordudan hakimiyyəti əlində saxlamağa imkan verən əsas dayaq nöqtələrindən biri kimi istifadə edir. Bütün siyasət sui-bəhrələnmə üzərində qurulub. Özü də bu təkcə seçkilər zamanı hərbi qulluqçuların səslərini kütləvi şəkildə öz xeyrinə saxtalaşdırmaqla bitmir. Həmin siyasətin nəticəsidir ki, ictimai şüurda hərbi xidmət həyat üçün təhlükə mənbəyi, Silahlı Qüvvələr ucuz və mənasız ölüm məkanına çevrilib. Əmək birjasında rəqabətə dözümlülük baxımından bir çox peşələrdən geri qalan zabit peşəsi isə gənclər arasında heç də populyar deyil.

“Döyüş itkilərinə görə məsuliyyət birbaşa siyasi rəhbərliyin üzərinə düşür”

– Orduda əsgər ölümlərinin sayı azalmır. Sizcə bu problemin kökündə nə durur?

– Mövcud iqtidarın hakimiyyəti dövründə cəmiyyətin ölüm hallarının sayının azalmasına ümid etməsi əbəsdir. Səbəb çox sadədir. Bildiyimiz kimi, itkilər iki hissəyə bölünür: döyüş və qeyri-döyüş itkiləri. Döyüş itkilərinin əsas səbəbini siyasi hakimiyyətin münaqişə vəziyyətindən maksimum dərəcədə yararlanmaq arzusunda axtarmaq lazımdır. Bir tərəfdən hakimiyyət əhalini müharibə qorxusu altında saxlamaq üçün atəşkəs rejiminə riayət etməkdə maraqlı deyil. Çünki, bu hökumətə əksəriyyəti özünə tabe vəziyyətdə saxlamağa, rahatlıqla öz istəyinə uyğun idarə etməyə kömək edir. İkinci tərəfdən, ölkədə ictimai-siyasi proseslər iqtidarın arzulamadığı istiqamətdə inkişaf edəndə diqqəti əsas məsələlərdən yayındırmaq üçün cəbhə bölgəsində süni qarşıdurma yaradılır. Bir çox hallarda atəşkəsin pozulması Ordumuza döyüş itkiləri verməklə baha başa gəlir. Təbii ki, burada itkilərə görə məsuliyyət birbaşa siyasi rəhbərliyin üzərinə düşür. Doğrudur, MN-nin rəhbərliyi, Ordu generalları hərbi nizamnamələrin tələblərinə əsasən tabeçilikdə olan şəxsi heyyətin həyat və sağlamlığına məsuliyyət daşıyan şəxslər olaraq qanunların verdiyi imkanlar çərçivəsində siyasi rəhbərliyi mənasız yerə qan axıdılmasından çəkindirməyə sövq edə bilərlər. Amma hərbi komandanlıq və generalitet belə qətiyyətli addımlar atmağa özündə güc tapmır və ya bəlli səbəblərdən buna ehtiyac duymur.

“200 mindən çox azərbaycanlı valideyin 18 ay ərzində çağırış sisteminin əsirinə çevrilir”

Qeyri-döyüş itkiləri isə əsasən hərbi hissə (bölmə), birlik və birləşmələrdə nizamnamə qaydalarının pozulması, komandir və rəislərin vəzifə borclarını lazımı səviyyədə yerinə yetirməməsi nəticəsində baş verir. Burada isə problem əsas komanda-qərargah heyətinin peşəkarlıq və məsuliyyət hissini dərketmə qabiliyyətilə bağlıdır. Zənnimcə, şəxsi heyyətin həyat və sağlamlığına görə cavabdehlik daşıyan komandir və komandanlar cəmiyyət qarşısında öz məsuliyyətlərini sonacan dərk etmirlər.

İtkilərin sayının azalmamasına təsir edən amillərdən biri də cəmiyyətin müqavimətsizliyidir.  Orduda baş verən ölüm hadisələri “şükranlıq” fəlsəfəsinin hökmünə itaət edən toplumu “daha çətin sınaqlara düçar olmamaq” üçün susmağın ən yaxşı çıxış yolu olduğuna inanmağa sövq edir. Siyasi hakimiyyət xalqımızın bu fəlsəfi müqavimətsizliyindən də lazımınca yararlanır. Əlbəttə ki, övladları ölüm təhlükəsi altında olan 200 mindən çox azərbaycanlı valideyin 18 ay ərzində çağırış sisteminin əsirinə çevrilir. Övladsevər xalqımız əsgərlikdən, ölümün caynağından qayıtmış oğullarını hələ bir müddət də əzizləməkdə davam edir, onları “naşükür” olmamağa, yerlərində sakit oturmağı məsləhət görür.

Milli və mədəni dəyərlərin, adət-ənənələrin formalaşmasında və inkişaf etməsində mühüm rol oynayan hərbi xidmətin, ordu işinin indiki vəziyyətdə olması insanlarda uğursuzluq, ümidsizlik, gələcəyə inamsızlıq kompleksi yaradır ki, bu da öz növbəsində vətəndaş fəallığını sarsıdır.

Yeri gəlmişkən, təsadüfi deyil ki, müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən QHT-lər, ekspertlər, jurnalistlər, media orqanları və s. təhlükəsizlik orqanları tərəfindən xüsusi nəzarət altında saxlanılırlar.

“Hesabatlıq ya yoxdur, ya da həqiqəti əks etdirmir”

 – Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin vəziyyətini necə qiymətləndirirsiniz?

– Mənim məlumatlarıma görə aşağı təbəqələrdə müəyyən irəliləyişlər var. Yuxarılarada ciddi dəyişikliklər müşahidə olunmur. Bütün digər sahələr kimi Silahlı Qüvvələr də hakimiyyətin insiharındadır. Hərbi büdcə ölkəni idarəedənlərin birbaşa nəzarətindədir. Əsas korrupsiya prosesləri də orada baş verir. O sahəyə də xalq nəzarət edə bilmir. Hesabatlıq isə ya yoxdur, ya da ki, həqiqəti əks etdirmir.

Bir misal gətirmək istəyirəm. 2015-ci il üçün Azərbaycanın müdafiə xərcləri 4,2 milyard dollardan çoxdur.  Qonşu İran İslam Respublikası eyni məqsədlər üçün 2015-ci ildə 6,3 milyard dollar  ayırıb. Göründüyü kimi rəqəmlər arasında fərq böyük deyil. Bəs görəsən, ölkəmizin müdafiə qüdrəti də mi bütün dünyaya müydan oxuyan, ABŞ, NATO qarşısından geri çəkilməyən İrannın müdafiə qüdrətinə yaxındır? Məncə hamını düşündürən başqa bir maraqlı sual da var: “Hərbi büdcə pulları hara və necə xərclənir?” Cavabı kimdən alaq?

“Azərbaycanla NATO arasında münasibətlər imitasiya xarakteri daşıyır”

– NATO ölkələrindən hərbçilərimizin hüquqlarının müdafiəsi ilə bağlı nələri götürə bilərik?

– Mən Azərbaycanın gələcək perspektivini NATO-ya üzvlükdə görürüəm. İndiki mərhələdə bu real görünümür. Çünki, Azərbaycanı iqtidarı bu məsələdə də siyasəti öz arzusuna uyğun qurub. Hal-hazırda, gurultulu bəyanatlara baxmayaraq, Azərbaycanla NATO arasında münasibətlər və ölkəmizin bu quruma üzv dövlətlərlə əməkdaşlığı (Türkiyə ayrı söhbətin mövzusudur) yalnız imitasiya xarakteri daşıyır.  Hökumət dəyişiklik etmək arzusunda deyil. Ona görə də hansısa təkliflər verməyin, fikirlər yürütməyin heç bir mənası yoxdur.

“Çağırış sistemi insanları kütləvi hökumətdən asılı vəziyyətdə saxlamağa imkan yaradır”

– Azərbaycan nə üçün peşəkar Ordu quruculuğunu keçmək istəmir?

– Peşəkar Ordu dedikdə ilk növbədə hərbi xidmətə məcburi çağırış sisteminin tamamilə və ya əsasən ləğv edilməsi, bütün silahlı qüvvələrin müqavilə əsasında komplektləşdirilməsi prinsipinin tətbiq edilməsi nəzərdə tutulur. Belə ordular dünyanın ən güclü orduları sayılır. Dünyanın əksər demokratik və hüquqi dövlətlərində, – Amerika və Avropada peşəkar ordu quruculuğu prioritetdir. YAP hökuməti isə sovet dövründən qalan köhnə çağırış sistemini qüvvədə saxlamağa üstünlük verir. Burada əsas səbəblərdən biri də odur ki, çağırış sistemi kütləvi şəkildə bütün gəncləri, onların valideyinlərini, yaxınlarını və qohum-əqrabalarını hökumətdən asılı vəziyyətdə saxlamağa imkan yaradır. Bu yolla bütün tələbə hərəkatı nəzarətdə saxlanılır. Üniversitetdən xaric edilərək hərbi xidmətə göndərilmə qorxusu tələbə gənclərin mübarizlik əzmini sıfra endirir. Nəzərə almaq lazımdır ki, ölkədə tələbə statusu daşıyan gənclərin hər iki valideyini də daim eyni dərəcədə həmin qorxu altında qalır. Bəli, avtoritar rejimlərin hökm sürdüyü bütün ölkələrdə ordunun məhz çağırış əsasında komplektləşdirilməsinə üstünlük verilir. Başqa əsaslandırmaları bəhanə kimi qəbul edirəm.

Mənim qənaətimə görə hakimiyyət dəyişikliyi baş verməyincə Azərbaycan xalqı ordu quruculuğu sahəsində köklü islahatların şahidi ola bilməyəcək.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s