“Döyüş itkiləri artıb” – Xəzər İnstitutu ordudakı itkilərin sayını açıqladı

cdsi

Xəzər Hərbi Tədqiqatlar İnstitunun (Caspian Defense Studies Institute) Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə görə, 2015-ci ilin ötən dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 12 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 8-i döyüş, 4 nəfəri isə qeyri-döyüş itkiləridir. Belə ki, 7 nəfər erməni gülləsindən, 1 nəfər mina partlayışından, 2 nəfər qeyri-nizamnamə hadisələrindən, 1 nəfər silahla ehtiyatsız davranmadan, 1 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.

Ötən dövrdə 5 hərbi qulluqçumuz bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 3 hərbi qulluqçu erməni gülləsindən, 1 nəfər mina partlayışından, 1 nəfərsə qeyri nizamnamə hadisələrindən yaralanıb və ya xəsarət alıb. Yaralananlar Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, ötən illərlə müqayisədə Azərbaycan ordusunun döyüş itkiləri kəskin artıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu bəyan edir ki, ötən illərlə müqayisədə Azərbaycanın təhlüükəsizlik və müdafiə sektorunda itkilərin monitorinqini həyata keçirmək xeyli çətinləşib. Ona görə ki, Müdafiə Nazirliyi və təhlükəsizlik və müdafiə sektorunda təmsil olunan digər güc strukturları əksər hallarda itkiləri gizlətməyə, hərbi sirr kimi qələmə verməyə səy göstərirlər. Əldə olunan məlumata görə, hökumətə loyallıq göstərən ölkə mətbuatına əsgər ölümlərini işıqlandırmamaq göstərişi verilib. Bu səbəbdən Xəzər İnstitutu hesab edir ki, döyüş və qeyri-döyüş itkilərinin sayı əslində daha çox ola bilər. İnstitut bəyan edir ki, itkilərlə bağlı yeni məlumatlar əldə edildikcə statistika yenilənəcək.

İnstitut 2015-ci ildə dünyasını dəyişmiş və yaralanan hərbi qulluqçuların adlı siyahısını təqdim edir:

Dünyasını dəyişənlər

23 yanvar. Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələrin N saylı hərbi hissəsində avtomat silahla ehtiyatsız davranılması nəticəsində atəş açılıb və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Babaşov Nizami Şəmil oğlu vəfat edib. Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Qafqazinfo.az saytına daxil olan xəbərə görə vəfat edən hərbçi 26 yaşlı Babaşov Nizami Şəmil oğlu Füzuli rayonu, Araz-Zərgər kənd sakinidir. Adının açıqlanmasını istəməyən başqa bir mənbə Meydan TV-yə yanvarın 23-də dünyasını dəyişmiş əsgər Nizami Şəmil oğlu Babaşovun şəhid olduğu barədə məlumat verib.

26 yanvar. Müdafiə Nazirliyinin məlumatına görə, düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub. Nazirlik şəhidlərin adlarını açıqlamayıb. Lakin Almaniyada yaşayan bloqqer Həbib Müntəzir öz şəxsi Facebook səhifəsində şəhid olan hərbçilərin adlarını  da açıqlayıb. Onun yaydığı siyahıya görə, hərbiçilər – Zaqatala rayonundan  Elşən Əfəndiyev (20 yaş, Zaqatala), Dəvəçi rayonundan gizir Sənan İsayev (33 yaşlı, Dəvəçi rayonu) və Hacıqabul rayonundan  Vüqar Qasımov yanvarın 24-də şəhid olublar.

31 yanvar. Müdafiə Nazirliyinin məlumatına görə, Xocavənd istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu (Şəki rayonundan çağırılıb) dayaq məntəqəsində şəhid olub.

5 fevral. Müdafiə Nazirliyinin məlumatına görə, erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb. Nazirlik bildirir ki, vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

21 fevral. Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin Azərbaycan Silahlı Qüvvələrinin  bölmələrinin mövqelərinə basqını zamanı əsgər Cavadov Zəlimxan Eybalı şəhid olub. O, Qobustan rayonundan hərbi xidmətə çağırılıb.

26 fevral. Müdafiə Nazirliyi bildirir ki, cəbhə bölgəsində Azərbaycan Ordusunun əsgəri, Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılan Qocayev Cavad Cəlil oğlu mina partlaması nəticəsində dünyasını dəyişib.

1 mart. Qazax rayonu „N“ saylı hərbi hissədə Paşayev Hüseyn Məhəmməd oğlu xidməti silahı ilə əsgər yoldaşı Hüseynov Razi İlqar oğlunu başından gülləyib. Nəticədə əsgər ölub. (Mənbə: Blogger Həbib Müntəzir Facebook səhifəsində bildirib).

1 mart. Tərtər rayonu „N“ saylı hərbi hissədə 19 yaşlı əsgər Mirzəyəv Mehdi Nəbi oğlu erməni snayperindən açılan atəş nəticəsində şəhid olub. Mərhum yaşadığı Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb (Mənbə: Blogger Həbib Müntəzir Facebook səhifəsində bildirib).

2 mart. Müdafiə Nazirliyi bildirir ki, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən vəfat edib.

7 mart. Murovda 24 yaşlı əsgər Bayramov Anar Günəş oğlu əsgər yoldaşı tərəfindən güllələnərək öldürülüb. (Mənbə: Blogger Həbib Müntəzirin Facebook səhifəsi).

Yaralananlar

6 yanvar. Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb. Müdafiə Nazirliyinin məlumatına görə, yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib.

3 fevral. “Azadlıq” qəzetinin yazdığı məlumata görə, Tovuzda yerləşən N saylı hərbi hissədə xidmət çəkən 19 yaşlı Tarverdiyev Çingiz Aydın oğlu (2014-cü ilin yanvarında Cəlilabad rayonundan hərbi xidmətə çağırılıb) komandiri tərəfindən başından tapança ilə güllələnib. Yaralı dərhal Gəncə şəhər hərbi hospitalına aparılıb. Əsgər baş nahiyəsindən güllə yarası aldığı üçün hazırda komadadır. Bununla bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirirlər ki, əsgər atası Aydın Tarverdiyevin dedikləri həqiqətəuyğun deyil və hadisə haqqında yanlış fikir formalaşdırmaq məqsədi daşıyır.

26 yanvar. Müdafiə Nazirliyinin məlumatına görə, düşmən hücumlarının qarşısı alınan yaralananlar var. Bloqqer Həbib Müntəzir öz şəxsi Facebook səhifəsində yaralanan hərbçilərin adlarını  da açıqlayıb. Onun yaydığı siyahıya görə yaralılar – kapitan İlqar Əsədov və gizir Anar Əliyev  hərbi hospitala yerləşdiriliblər.

6 mart. Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində Azərbaycan ordusunun mövqelərinə basqın cəhdi zamanı bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun İnformasiya Departamenti

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s